Rəşadət və hünər örnəyi
Gündəm

Rəşadət və hünər örnəyi

Üç il əvvəl sentyabrın 27-də qorxunc bir duman aldı Vətənin başı üzərini. Düşmənin qəfil hücumu millətin həsrət yanğısının, yurd itkisinin sonuna gedən yolu açdı. Bu, "bütün yollar Qarabağa aparır" şüarının təsdiqi oldu. Qəfil gələn duman Azərbaycan xalqını bu yollarda azdırmadı. Çünki sonu ümidli, işıqlı gümanlara ünvanlanan sentyabr dumanı çox sualların cavabı, çox gizlin mətləblərin açarı idi.

30 illik müddət ərzində ürəkləri odlayan, sinələrə dağ çəkib, həsrət ümmanını coşduran erməni işğalına son qoyulacaq günə doğru atılan ilk addım idi. Ötən 30 ilin əziyyəti, ümidsizliyi, əzabları, həsrəti xalqımızı sındırmadı, iradəmizi, döyüş əzmimizi daha da gücləndirdi. Xalq, dövlət, ordu bir yumruq kimi birləşdi. Azərbaycan ərazilərinin azadlığı və ərazi bütövlüyü uğrunda bütün məqsədlər, fikirlər, arzu və istəklər birləşdi. Vətən sevgisi, torpaqların azadlığı hər sevgidən üstün oldu. Vətən müharibəsi həm də dövlətçilik tariximizə Zəfər ili kimi həkk olundu. Qazanılan möhtəşəm qələbə tariximizin ən parlaq səhifəsinə çevrildi.

Azərbaycan ötən 30 il ərzində ərazisinin 20 faizini işğal edən Ermənistanla danışıqlar apararaq münaqişəni sülh yolu ilə nizamlamağa çalışdı. Lakin danışıqlar heç bir nəticə vermədi. Ermənistan yeni ərazi iddialarına düşdü. 27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhəboyu sürətli əks-hücum əməliyyatına başlaması barədə qərar verilmişdir.

Vətən müharibəsi Ermənistan tərəfindən işğal altında saxlanılan torpaqlarımızın azadlığını təmin etdi. Azərbaycanın hərbi-siyasi gücünün, milli ruhumuzun, milli həmrəyliyimizin öz sözünü kəskinliklə dediyi şərəfli bir tarixə çevrildi. Uzun illər Azərbaycan öz ərazilərinin işğaldan azad edilməsi məsələsini sülh yolu ilə həll etməyi üstün tuturdu. Lakin düşmənin məkrli, xain planları və yeni ərazi iddiaları ölkəmizi öz ərazilərini hərbi yolla azad etməyə məcbur etdi. Nəticədə, 30 il işğal altında qalan Azərbaycan əraziləri sülh masasında deyil, döyüş meydanında azad edildi. Müharibə zamanı Ermənistan silahlı qüvvələri təkcə cəbhəboyu Azərbaycan silahlı qüvvələrinin mövqelərinə intensiv zərbələr endirmədi, eyni zamanda cəbhə bölgəsindən kənar əraziləri də ağır çaplı silahlardan atəşə tutdu. Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutaraq Azərbaycana qarşı növbəti təcavüzə başladı. Bu hücumlar nəticəsində hərbi qulluqçular, 11 dinc sakin, o cümlədən 2 uşaq həlak oldu. Bərdədə, Gəncədə terror hadisələri törədərək çoxsaylı insan tələfatına səbəb oldu.

Düşmən nə qədər xain olsa da Azərbaycan torpaqlarını işğaldan azad etməklə son 200 ilin görünməmiş qələbəsini öz tarixinə yazdı. Qarabağ torpaqlarının azadlığı ilə Azərbaycan ötən əsrlərdəki kimi ərazi itirməklə yox, əksinə itirilmiş ərazilərini bərpa etməklə yeni tarixlərə imza atdı. Cəmi 44 gün davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edildi. 10 noyabr Bakı vaxtı ilə saat 01:00-da imzalanan üçtərəfli Bəyanata əsasən Qarabağ zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılması, erməni silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılması və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin olunması elan edilmişdir. Bu müddət ərzində Azərbaycan ordusu 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad etmişdi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik azad olunmuşdu. Azərbaycan dövlətinin gücü düşməni Ağdam, Laçın, Kəlbəcər rayonlarını siyasi yolla qaytarmağa məcbur etdi. Üçtərəfli Bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonu Azərbaycana təhvil verildi. Bununla da, rayonun işğal edilmiş 73 faiz ərazisi, o cümlədən Ağdam şəhəri azad olundu. Noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana qaytarıldı. Kəlbəcər şəhəri də daxil olmaqla, 147 yaşayış məntəqəsinin işğalına son qoyuldu. Dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi. Nəhayət, 2022-ci avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bununla da, üçtərəfli Bəyanata uyğun olaraq Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşdı.

Bu müharibə bütün dünyaya Azərbaycan xalqının nə qədər böyük, güclü xalq olduğunu göstərdi. Dövlətimiz döyüş meydanında tarixi ədaləti bərpa etdi. Azərbaycan ordusu addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçdi, torpaqlarımızı azad etdi.

İkinci Qarabağ müharibəsi zamanı qələbəmizlə yanaşı, itkilərimiz də oldu. Vətən müharibəsində Silahlı Qüvvələrimiz 3000 nəfərə yaxın şəhid verdi. Min nəfərdən artıq hərbi qulluqçumuz yaralanaraq öz sağlamlığını itirdi. Həmin igid oğulların qanı, canı bahasına işğal altında olan torpaqlarımız azad olundu. Bu gün ay-ulduzlu üçrəngli Azərbaycan Bayrağı işğaldan azad edilən Qarabağ torpaqlarında 30 ildən sonra yenidən dalğalanır. Vətən müharibəsi zamanı ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə və bu yolda şəhid olanlara dərin ehtiram əlaməti olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir.

Ali Baş Komandan İlham Əliyev müharibə bitdikdən sonra demişdir: "… Bizim qələbəmiz tarixi Qələbədir. Biz bir neçə rayonu döyüş meydanında düşməndən azad etdik, üç rayonu düşməni məcbur edərək qaytardıq və beləliklə, Dağlıq Qarabağ münaqişəsini həll etdik. İndi artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur. Əgər kimsə hesab edir ki, bu münaqişə hələ də davam edir, səhv edir. Bu gün Dağlıq Qarabağda yaşayan insanlar Azərbaycan vətəndaşlarıdır. Mən bir daha demək istəyirəm, onlar görəcəklər ki, vahid Azərbaycan dövləti çərçivəsində onların yaşayışı yaxşı olacaq. Onlar bu səfalətdən canlarını qurtaracaqlar".

Bəli, dövlət başçısının söylədikləri hazırda öz həllini tam olaraq tapıb. İstər 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsi dövründə, istərsə də bu il sentyabr ayının 20-də Azərbaycanın keçirdiyi lokal xarakterli anti-terror tədbirləri zamanı Azərbaycan vətəndaşı ordumuzun və dövlətimizin ətrafında sıx birləşərək, əlindən gələni əsirgəmədi. Ordu-xalq birliyi düşmən üzərində şanlı Qələbəmizə gətirib çıxardı. Artıq Azərbaycan öz ərazilərində suverenliyini tam bərpa edib. Biz artıq bütöv Azərbaycanın möhtəşəm tarixini qeyd edirik.

 

Ramidə YAQUBQIZI,

"Respublika".