Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 22 may 2020-ci il tarixində imzalanmış fərmanla Ələt Azad İqtisadi Zonası - Xəzər dənizi sahilindəki Ələt qəsəbəsində yerləşən ticarət və logistika mərkəzi yaradılıb. Pandemiyanın dünyada yaratdığı böyük iqtisadi və maliyyə çətinliklərinə baxmayaraq, 2021-ci il iyulun 1-də Prezident İlham Əliyevin iştirakı ilə Ələt Azad İqtisadi Zonasının təməli qoyulub.
Bakıya yaxın olması və çoxlu boş torpaqların mövcudluğu bu planın Ələtdə həyata keçirilməsinə şərait yaratdı. Bundan əvvəl isə Ələtdə Beynəlxalq Liman Kompleksi yaradılıb ki, bu da Xəzər dənizində ən böyük və müasir kompleks hesab olunur.
Ölkəmiz nəqliyyat-logistika infrastrukturunu genişləndirməklə yanaşı, daşınan yüklərə əlavə dəyər qatılmaqla ünvana çatdırılmasını təmin etmək üçün də zəruri addımlar atır. Söhbət ilk növbədə, Ələt Azad İqtisadi Zonasının fəaliyyətinin təmin edilməsindən gedir. Bu zonanın yaradılması barədə qərar 2017-ci ildə, bununla bağlı müvafiq qanun isə 2018-ci ildə qəbul edilib. Ələt Azad İqtisadi Zonasının fəaliyyətə başlaması Azərbaycana böyük iqtisadi dividendlər qazandırmaqla yanaşı, ölkəmizin regionda mövqelərini daha da gücləndirəcək, Şərq-Qərb və Şimal-Cənub tranzit-nəqliyyat dəhlizlərində mühüm rolu olan respublikamızın strateji əhəmiyyətini daha da artıracaq. Bu iqtisadi zonanın yaradılması dövlət gəlirlərinin və büdcəyə daxil olan vəsaitin artmasına, yeni investisiyaların cəlb edilməsinə şərait yaradacaq. Bundan başqa, bu layihənin icrası nəticəsində ölkəmizin milli iqtisadiyyatının dünya iqtisadiyyatı sisteminə inteqrasiyası sürətlənəcək.
Bakıda gəmiqayırma zavodunun inşası ilə daha bir yeniliyə imza atıldı. Avropa ilə Asiya arasında körpü olan Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi Azərbaycanı nəqliyyat, logistika mərkəzinə çevirdi, iqtisadi əlaqələrin coğrafiyası genişləndi.
Ələt Azad İqtisadi Zonası ölkə iqtisadiyyatının inkişafını gücləndirəcək daha önəmli layihədir. 850 hektar ərazini əhatə edən Ələt Azad İqtisadi Zonasının ilkin inkişaf mərhələsi çərçivəsində 60 hektar ərazidə (Zona-1) bir sıra işlər görülüb. Artıq investorlara icarəyə veriləcək torpaq sahələri inşaat üçün hazır vəziyyətə gətirilib. Ümumi sahəsi 297 min kvadratmetr olan torpaq sahələrinin daxilində su, kanalizasiya, işıq, qaz, rabitə şəbəkələrinə birləşmə nöqtələri təmin edilib. Burada, həmçinin lazımi mühəndis-kommunikasiya infrastrukturu yaradılıb. Zona-1 ərazisinin əsas girişində gömrük-keçid məntəqələri, eləcə də gömrük yoxlanışlarının aparılması üçün binalar inşa olunub.
Azad Zona Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməklə Xəzər hövzəsində ən böyük logistika mərkəzi olaraq fəaliyyət göstərəcəkdir. Yaxın gələcəkdə Azad Zona Avropa, Türkiyə, İran, Rusiya, Çin, Orta Asiya, Yaxın Şərq dövlətləri üçün Bakı Beynəlxalq Dəniz Ticarət Limanının iqtisadi əhəmiyyətini daha da artıracaqdır. Beləliklə, yeni Bakı limanı Avrasiyanın ən əsas nəqliyyat qovşaqlarından birinə çevrilir.
Belə bir iqtisadi zonanın yaradılmasının üstünlüyü həm də ondan ibarətdir ki, Azərbaycan tranzit ölkə olaraq öz imkanlarını genişləndirə biləcək və ölkə ərazisində daha çox yükdaşımalara nail olacaq. Son dövrlərdə ölkə ərazisində malların Türkiyədən və Avropadan Asiyaya aparılmasına marağın artması nəzərə alınaraq yeni iqtisadi zonanın yaradılması Azərbaycanın imkanlarını genişləndirəcək. Yeni iqtisadi zona, həmçinin dövlət gəlirlərinin və büdcəyə daxil olan vəsaitin artmasına da səbəb olacaq. Qeyd edək ki, bu addım, eləcə də məşğulluğun inkişafına mühüm təsir göstərəcək. Çünki yeni investisiyaların cəlb olunması həm də yeni iş yerlərinin yaranması deməkdir.
Röya RÜSTƏMLİ,
"Respublika".