Qərb artıq Cənubi Qafqaz və Orta Şərqdəki mövqelərini itirir, dünyadakı proseslərə təsir göstərə bilmir. Ona görə də hər vəchlə regionda möhkəmlənməyə çalışan ABŞ və Fransa Ermənistandan istifadə edir. Qərbin Cənubi Qafqaz regionunda öz maraqlarını təmin etmək üçün müxtəlif yollara baş vurmaq cəhdləri Ermənistanla Azərbaycan arasında sülh prosesinə əngəl yaradır. Onlar regionda sülh istəmirlər. Bu dövlətlərin oyuncağına çevrilən İrəvanın siyasi rəhbərliyi Qərbdən gələn bütün təlimatlara "baş üstə" deyərək ölkəni uçuruma sürükləməkdə davam edir. Uzun illər təcrid vəziyyətində qalan qonşu dövlət Qərbin şirin vədlərinə aldanaraq region qonşusu, strateji müttəfiqi və iqtisadiyyatının şah damarları olan Rusiyaya arxa çevirməkdən belə çəkinmir. İllüziyaya qapılan Paşinyan hökuməti regionda gedən qlobal layihələrdən uzaqlaşmaqla həm də müttəfiqlərini itirməklə üz-üzə qalıb. Rusiyanın təşkil etdiyi bir sıra platformalarda iştirak etməkdən imtina edən İrəvan MDB Təhlükəsizlik Şurası rəhbərlərinin sonuncu iclasında da iştirak etmədi. Qərb Paşinyan hökumətini "kuklaya" çevirməklə hansı hədəflərinə çatmaq istəyir?
ABŞ-ın əsas məqsədi Rusiyanı buradan sıxışdırmaqdır. Birləşmiş Ştatların bir sıra iqtisadi maraqları da var və rəsmi Vaşinqton bu maraqlarını təmin etmək üçün "narıncı inqilablar"dan tutmuş USAID agentlərinə qədər müxtəlif üsullardan istifadə edir. 2018-ci ildə Soros Fondunun dəstəyi ilə hakimiyyətə gələn Nikol Paşinyan ağalarının maraqlarını təmin etməyi özünə borc bilir. ABŞ Qafqaz regionunda anti-Rusiya cəbhəsi açmaq üçün Gürcüstanda uğursuzluğa düçar olduqdan sonra növbəti hədəf kimi Ermənistanı seçib. Əslində, bu layihə qeyri-mümkün görünsə də ABŞ regionu xaosa sürükləmək planlarından əl çəkmir. Çünki Moskvaya qarşı yeni bir cəbhə aça bilməsə də Rusiyanın cənubunda yeni münaqişə mənbəyinin olması ABŞ-ın işinə yarayar. ABŞ-ın Dövlət Departamenti rəsmi açıqlamalarında Azərbaycanla Ermənistan arasında sülh danışıqlarını dəstəklədiyini bəyan etsə də, Nikol Paşinyanın əli ilə sülhə mane olmağa davam edir.
Fransa tərəfindən Ermənistana müxtəlif letal silahların, hücum xarakterli "Bastion" zirehli avtomobillərinin göndərilməsi Qərbin Cənubi Qafqazla bağlı planlarını növbəti dəfə ortaya qoyur. Qərbin planlarının davamı olaraq Fransa Ermənistanı açıq şəkildə silahlandırmaqdan çəkinmir. Postmüharibə dövründə Avropa İttifaqı (Aİ) Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün özünü maraqlı vasitəçi kimi göstərməyə çalışdı. Bu istiqamətdə bir neçə görüş təşkil olundu və Azərbaycan bütün təmaslarda iştirak edərək, öz barış mövqeyini bir daha nümayiş etdirdi. Lakin zaman keçdikcə bəlli oldu ki, Aİ heç də səmimi deyil və onları sülh müqaviləsi maraqlandırmır. Fransa və Almaniyanın tam, açıq qərəzli mövqeləri o həddə çatdı ki, Azərbaycan oktyabrın 5-də İspaniyanın Qranada şəhərində keçirilən görüşdə iştirakdan imtina etdi. Faktiki olaraq Aİ-nin Cənubi Qafqaz siyasəti birmənalı olaraq sülhün baş tutmamasına yönəlib. Azərbaycan bunu ifşa edəndən və "regionla bağlı məsələlər regiondan kənar qüvvələrlə müzakirə olunmamalıdır" kimi haqlı mövqeyini ortaya qoyandan sonra kartlar açılıb. Birmənalı şəkildə anti-Azərbaycan mövqeyi nümayiş etdirirlər. Reallıq budur ki, Qərb Ermənistanı silahlandırmaqla təkcə onu yeni müharibəyə hazırlamır, digər yandan Cənubi Qafqazla bağlı planlarını mərhələli şəkildə həyata keçirməklə məşğuldur. Regionu yeni qarşıdurmalar ocağına çevirməyi qarşısına məqsəd qoyan Qərb burada öz maraqlarını gerçəkləşdirmək üçün qollarını çırmalayıb cidd-cəhdlə çalışır. Əsas hədəf Cənubi Qafqazı təsir dairəsinə salmaq, onu yenidən bölməkdir.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Şimali Makedoniyaya işgüzar səfəri çərçivəsində noyabrın 30-da ATƏT-in Nazirlər Şurasının 30-cu iclasında ikili standartlar problemi və selektiv yanaşmanın beynəlxalq münasibətlər sistemində mövcud təhdid və çağırışlara qarşı effektiv cavab tədbirləri görülməsinə ən böyük maneələrdən biri olduğunu vurğulayıb. Bu istiqamətdə, beynəlxalq hüquq normalarına, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına hörmətin müstəsna əhəmiyyət kəsb etdiyi qeyd olunub.
Fransanın Avropa İttifaqının nümunəsində olduğu kimi, beynəlxalq hüquqa, bölgənin həqiqətlərinə zidd şəkildə ermənipərəst siyasət həyata keçirməsi regionda vəziyyəti daha da gərginləşdirir. Bu hal Ermənistanda revanşistləri həvəsləndirəcək addımlar kimi də özünü göstərir, ancaq savaşın yenidən başlanması Avropa İttifaqının regiona yolunu tamamən bağlaya bilər. Azərbaycandan fərqli olaraq, Ermənistan Avropa İttifaqından böyük həcmdə yardım almaqda davam edir. Bu da regionda sülhü əngəlləyir. Qərbin regionda yeni münaqişə yaratmaq planlarında oyuncaq olan Ermənistan öz hərəkətlərini yalnız Qərbdəki kuratorları ilə razılaşdırır. Ermənilərin nə layiqli ordusu, nə də iqtisadiyyatı var. Yaxın gələcək üçün bu mövzunun daha da aktual olacağı gözlənilir. Çünki dünya nəhənglərinin Cənubi Qafqaz uğrunda mübarizəsi üçün geopolitik gündəmdə sadəcə bu məsələ qalıb. Ona görə də bundan sonra ABŞ və Qərbin Rusiya ilə regional qarşıdurmasında Azərbaycan-Ermənistan sülh prosesinin ön plana çıxacağı qətiyyən istisna deyil. Və bu, sülh danışıqlarına ciddi təsir göstərə biləcək olduqca mühüm faktordur. Kreml Avropa Birliyinin Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmağa çalışdığını artıq rəsmən bəyan edib. Yəni Rusiyanın siyasi elitası tam dəqiqliyi ilə anlayır ki, regionda mövqelərini itirmək təhlükəsi ilə üzləşib.
Mövcud çətinliklərə və çağırışlara, Ermənistan tərəfindən prosesin yersiz ləngimələrə məruz qalmasına, həmçinin bir sıra dövlətlərin öz geosiyasi oyunlarını regiona proyeksiya etmək cəhdlərinə baxmayaraq, Azərbaycan sülh gündəliyinin təşəbbüskarı kimi prosesin irəli aparılmasında qərarlıdır. Rəsmi Bakı Qərbin regional sülh prosesi üzərindən Cənubi Qafqazda qurmağa çalışdığı manipulyasiya ssenarilərini zərərsizləşdirməyə nail olur. Həmin dövlətlər, xüsusən də Rusiyanın təsirinin zəifləməsi fonunda bölgədə onun yerini tutmağa çalışırlar. Lakin Azərbaycan bu məsələdə qəti mövqeyini ortaya qoyub və Fransa kimi ölkələrin çirkin və məkrli planları bundan əvvəl olduğu kimi, yenə də fiaskoya uğrayacaq. Təbii ki, bölgədə sülh və sabitlik rəsmi Bakının yürütdüyü uğurlu siyasətlə bərabər, həm də İrəvanın sülh çağırışlarına adekvat cavab verməsi fonunda bərpa olacaq. Bu prosesə isə heç bir qüvvə mane ola bilməz. Çünki Azərbaycan bütün addımlarını beynəlxalq hüququn norma və prinsiplərinə uyğun atır.
Mustafa KAMAL,
“Respublika”.