Regional əlaqələr inkişaf edir
Siyasət

Regional əlaqələr inkişaf edir

Gürcüstan regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir. SSRİ-nin süqutundan sonra hər iki ölkədə baş verən proseslər, daxili və xarici vəziyyətin oxşarlığı, geosiyasi maraqların üst-üstə düşməsi və digər amillər iki dövlət arasında əməkdaşlıq münasibətlərinin güclənməsinə gətirib çıxarıb. Ölkələrarası diplomatik münasibətlər qurulandan sonra istər regional, istərsə də qlobal məsələlərdə bu iki dövlət həmişə eyni mövqedən çıxış edib.

2004-cü ilin iyun ayında Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana səfəri zamanı ikitərəfli münasibətlər və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri daha da möhkəmlənib.

Hər iki respublikanın paytaxt şəhərləri-Bakı və Tbilisi qardaşlaşmış şəhərlərdir. Bu ənənəni digər şəhərlər də davam etdirir: Gəncə-Kutaisi, Naxçıvan-Batumi, Şəki-Telavi, Göygöl-Bolnisi, Daşkəsən-Dmanisi və s. qardaşlaşmış şəhərlərdir. Bu siyahıya 13 iyul 2022-ci ildə Şəmkir-Marneuli, Ağstafa-Qardabani şəhərləri də daxil edilib.

Azərbaycanı Gürcüstanla yaxınlaşdıran ən mühüm məqamlardan biri də bu ölkədə 500 minədək soydaşımızın yaşamasıdır.

Ötən il Gürcüstanın Kvemo Kartli regionunun qubernatoru Giorgi Doxturişvilinin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdə olarkən Azərbaycanla Gürcüstan əməkdaşlığının genişləndirilməsində hər iki ölkənin maraqlı olduğundan, əlaqələrin yüksələn xətlə inkişaf etdiyindən, Gürcüstanın Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan regional enerji və nəqliyyat layihələrindən söhbət açılıb. Həmçinin iqtisadi-ticari əməkdaşlığın inkişaf istiqamətləri, birbaşa investisiyaların cəlb edilməsi sahəsində tərəfdaşlıq məsələlərinə dair fikirlər səsləndirilib, nəqliyyat-tranzit, enerji, turizm, gömrük və digər sahələrdə əlaqələrin gücləndirilməsi üçün gərəkli potensialın olması diqqətə çatdırılıb. Bildirilib ki, ölkələrimizin regionları arasında da əməkdaşlıq inkişaf edir.

Azərbaycan və Gürcüstan xalqlarının əsrlər boyu dostluq və mehriban qonşuluq şəraitində yaşamaları tarixi faktdır. Müstəqillik dövründə qarşılıqlı etimad və dəstəyə əsaslanan ikitərəfli münasibətlərin uğurla inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi fərəh doğuran haldır. İki ölkə arasında fəal siyasi dialoqun aparılması, Azərbaycanın və Gürcüstanın beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləməsi, ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə - xüsusən iqtisadi-ticari, enerji, nəqliyyat, tranzit, investisiya və humanitar sahələrdə uğurlu inkişaf yolu keçməsinə vəsilə olub.

Vəli VƏLİYEV,

"Respublika".