Qlobal güclərin öz nüfuz dairələrini yenidən müəyyənləşdirdiyi bir dövrdə yeni dünya nizamının qurulması prosesi gedir. Təbii ki, bu prosesdə hadisələrə təsir etmək imkanı olan nüfuzlu beynəlxalq təşkilatların da payı danılmazdır. Beynəlxalq təşkilatların hər birinin dünyadakı proseslərə fərqli baxışı və özünəməxsus təsir gücü var. Azərbaycan adları çəkilən beynəlxalq qurumların hamısı ilə geniş əlaqələrə malikdir, amma Bakı bu təşkilatlar sırasında Qoşulmama Hərəkatı ilə əlaqələrin inkişafına xüsusi önəm verir. 2019-cu ildən ölkəmiz Qoşulmama Hərəkatına uğurla sədrlik edir. Azərbaycanın təşkilata sədrlik dövrü dünyada böyük təhdid olan COVID-19 pandemiyasının yayıldığı vaxta təsadüf etsə də, rəsmi Bakı öz missiyasını uğurla icra edərək qlobal güclərin təqdirini qazandı. Qazanılan uğurun nümunəsi kimi ölkəmizin Hərəkata sədrlik müddətinin bir il uzadılmasını göstərmək olar.
Geridə qalan 3 ilə nəzər salsaq görərik ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi müddətində Təşkilatın təsir gücü beynəlxalq məkanda daha da genişləndi, tarixi uğurlara imza atdı. Prezident İlham Əliyev 2019-cu ildə QH-nin Bakıda keçirilən sammitində bəyan etmişdi ki, Azərbaycan öz sədrliyi dövründə beynəlxalq hüququ və ədaləti müdafiə edəcək. Bunun əsası kimi, COVID-19 pandemiyasının tüğyan etdiyi dövrdə bəzi inkişaf etmiş dövlətlər ehtiyaclarından artıq vaksin almaqla digər ölkələrin vaksin təminatına ciddi ziyan vurmuşdu. Azərbaycan Prezidentinin peyvəndlərin ədalətsiz bölüşdürülməsinə qarşı mövqeyi beynəlxalq hüququ müdafiə edirdi. Bununla da ölkə başçımız təşkilata üzv olan bütün dövlətlərin və xalqların hüquqlarının müdafiəçisinə çevrildi. Nəticədə ölkəmizin təşəbbüsü ilə həm BMT Baş Assambleyasında, həm də BMT-nin İnsan Hüquqları Şurasında vaksinlərin ədalətli bölüşdürülməsinə dair qətnamələr qəbul olundu.
Prezident İlham Əliyev 2021-ci ildə QH-nin yaradılmasının 60-cı ildönümünə həsr edilən Belqrad tədbirində postpandemiyaya həsr olunmuş sammitin keçirilməsi ilə bağlı irəli sürdüyü təklifin nəticəsi olaraq Bakıda martın 2-də Qoşulmama Hərəkatının COVID-19-la Mübarizə üzrə Təmas Qrupu Zirvə toplantısı keçirilir. Bu tədbirin ölkəmizin təklifi ilə keçirilməsi Azərbaycanın təşkilatdakı nüfuzunun göstəricisidir. Sammitdə postpandemiya məsələləri ilə yanaşı, yeni dünya nizamının formalaşması prosesində beynəlxalq sülh və təhlükəsizlik, beynəlxalq hüququn işləməməsi, beynəlxalq təşkilatların səmərəli olmaması, Şərq-Qərb ziddiyyətlərinin artması, "soyuq müharibə" mentalitetinin hökm sürdüyü yeni dünya düzənində QH ölkələrinin yerinin müəyyənləşdirilməsi əsas müzakirə mövzularıdır.
Qoşulmama Hərəkatının COVID-19-la Mübarizə üzrə Təmas Qrupu Zirvə toplantısı Türkiyə və Suriyada həyatını itirənlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. 70-ə yaxın ölkənin dövlət və hökumət başçılarının, Kuba, Qabon və Tanzaniyanın vitse-prezidentləri, Əlcəzair və Keniyanın baş nazirləri, müxtəlif ölkələrin yüksək səviyyəli nümayəndələri, Birləşmiş Millətlər Təşkilatının (BMT) 77-ci Baş Assambleyasının sədri Tsaba Körösi, Dünya Turizm Təşkilatının katibi General Zurab Pololikaşvili, Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Antonio Vitorino, BMT-nin Cenevrə bölməsinin baş direktoru Tatyana Valovaya, İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Xüsrav Noziri, nazirlər, nazir müavinlərinin və səfirlərin iştirak etdiyi tədbir ölkə başçımızın çıxışı ilə başladı. Prezident İlham Əliyevin "Qoşulmama Hərəkatının sədri olaraq məqsədimiz ədaləti və beynəlxalq hüququ müdafiə etməkdir" ifadəsi ölkəmizin təşkilatın fəaliyyəti üçün göstərdiyi qayğıdan xəbər verir. Dövlət başçımızın fikirləri və ölkəmizin sədrliyi ərzində qlobal təhlükəsizliyə və sabitliyə diqqət ayrılması Azərbaycanın uğurlu siyasətini təsdiq edən amillərdəndir.
Bununla yanaşı, ölkə başçımız qlobal məkanda baş vermiş hadisələrə də öz münasibətini bildirib: "Son bir neçə onillikdə mövcud olan beynəlxalq təhlükəsizlik arxitekturası hazırda köklü dəyişikliklərlə üzləşir və multilateralizm təhlükə altındadır. Beynəlxalq hüququn norma və prinsiplərinin aşınması beynəlxalq düzəni daha da təhdid edir. Suverenliyin və ərazi bütövlüyünün pozulması, dövlətlərin daxili işlərinə müdaxilə halları daha çox müşahidə olunmaqdadır. Aparıcı beynəlxalq təşkilatların qərarları ya