44 günlük Zəfərdən sona imzalanmış üçtərəfli Bəyanatın şərtlərinə Ermənistan tərəfindən əməl edilməyib. Separatçı rejim təxribatlar törətməyə davam edib, Xankəndi və ətraf bölgələrdəki dinc erməni sakinlərini ölkəmizə qarşı düşmənçiliyə sövq edib. Həmçinin Qarabağa silah-sursat və ağır texnika toplanıb, yeni minalar basdırılıb. Son günlərdə Daxili İşlər Nazirliyinin əməkdaşlarının və mülki şəxslərin Füzuli yolunda minaya düşərək həlak olması bölgədə lokal xarakterli antiterror tədbirləri həyata keçirməsinə zərurət yaradıb. Azərbaycan Ordusunun yüksək dəqiqliklə yerinə yetirdiyi lokal antiterror tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin ərazilərimizdəki silahlı birləşmələri ağ bayraq qaldırıb.
Azərbaycan Prezidenti İlham Əliyev 2023-cü il mayın 28-də Laçın şəhərinə qayıdan əhali ilə görüşündə deyib: "Guya orada "parlament" fəaliyyət göstərir, guya orada prezident var, guya nazir var, bunlar hamısı gülməlidir. Biz, sadəcə olaraq, dözüm göstəririk. Halbuki hər kəs yaxşı bilir ki, bu gün o bölgədə istənilən əməliyyatı keçirmək üçün hər bir imkanımız var". Lakin separatçılar dövlət başçımızın bu sözlərindən lazımi nəticə çıxarmadılar.
İllər boyu Qarabağı Azərbaycandan qoparmaq üçün aparılan siyasət uğursuzluqla nəticələndi. Qondarma respublika rəsmən özünü buraxdığını elan etdi. Separatçı rejim darmadağın oldu və rəhbərləri artıq bir-bir həbs olunur. Bu, Azərbaycan diplomatiyasının düşmən üzərində növbəti uğurudur.
Öz məkrli planlarını həyata keçirə bilməyən separatçı "rəhbər"lər Qarabağdan qaçmağa çalışırlar. Lakin bu məqsədlərinə də nail ola bilmirlər. İlk öncə, 1991-ci ilin dekabrında Xocalı rayonunun Meşəli kəndində 25 azərbaycanlı sakini vəhşicəsinə qətlə yetirən Vaqif Xaçaturyan həbs edildi. Daha sonra Ermənistan vətəndaşı Ruben Vardanyan təqsirləndirilən şəxs qismində saxlanılaraq məsuliyyətə cəlb olundu. O, Azərbaycan ərazisində öz merkantil, mənfəətpərəst maraqlarını reallaşdıra bilmədi. Vardanyan layihəsi iflasa uğradı. O, xarici ölkə vətəndaşı olduğu halda terror-təxribat əməlləri törətmək məqsədilə 2022-ci ilin sentyabrında Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçərək, qanunsuz silahlı birləşmələrin terrorçuluq fəaliyyətini təşkil edib, həmçinin terrorçuluğu maliyyələşdirib.
Qarabağdakı separatçıların keçmiş "prezident"ləri Arkadi Qukasyan, Bako Saakyan, "Daşnaksütyun" partiyasının "Qarabağ təmsilçisi" və separatçı rejimin keçmiş parlament sədri David İşxanyan törətdikləri cinayət əməllərinə görə barələrində aparılan cinayət işləri üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılaraq Bakıya gətirilib.
Növbə təbii ki, Gəncəyə raket atılması əmrini verən Araik Arutyunyana da gələcəkdi. Və belə də oldu. Gəncə şəhərinə qarşı terror hadisəsinin törədilməsindən 3 il sonra həmin müharibə cinayətinin əmrini verən Araik Arutyunyan saxlanıldı. Onun əmri ilə atılan raketlərin 2020-ci ilin oktyabrın 4-ü səhər saatlarında şəhərdə sakinlərin yaşadığı ikimərtəbəli binaya və fərdi yaşayış evlərinə düşməsi nəticəsində Əliyev Tunar Qoşqar oğlu şəhid olub, digər 32 mülki şəxs isə yaralanıb. Qeyd edək ki, 44 günlük müharibə dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərində ümumilikdə 5 dəfə (4, 5, 8, 11, 17 oktyabrda) raket və ağır artilleriya ilə müharibə cinayətləri törədilib. Ümumilikdə, 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb.
Bundan sonra da vətəndaşlarımıza qarşı cinayətlər, soyqırımları törətmiş bütün şəxslər mütləq Azərbaycan qanunları qarşısında cavab verəcəklər. Artıq dövlət başçımızın uğurlu siyasəti ilə illər boyu davam edən təcavüzün, müdaxilənin və separatizmin sonu gəlib.
N. SÜLEYMANOVA,
"Respublika".