“Abzas Media
Gündəm

“Abzas Media" ABŞ-ın agentura şəbəkəsinin bir parçasıdır

Özlərini "müstəqil media"nın təmsilçiləri kimi qələmə verən, "Abzas Media" xəbər portalının rəhbəri Ülvi Həsənov, baş redaktor Sevinc Abbasova və layihə koordinatoru Məhəmməd Kekalov əslində ABŞ-ın agentura şəbəkəsinin bir parçasıdır. "Demokratik inkişafa dəstək vermək" adı altında xeyli sayda donor təşkilatları ilə yaxın əlaqədə olan bu şəxslər ölkə daxilində pozuculuq xarakterli, yalan xəbər yaymaq ilə məşğul idilər.

Yaxşı bir misal var, pul almağa öyrəşən buyruq almağa da öyrəşər. Adıçəkilən bu şəxslər də məhz aldıqları pulun müqabilində ABŞ-ın ölkəmizlə bağlı çirkin niyyətinə xidmət edirdilər.

Adıçəkilən bu şəxslər təxribatlar törətmək və digər qanunsuz niyyətlərini reallaşdırmaq üçün "demokratik inkişafa dəstək vermək" adı altında xeyli sayda donor təşkilatlarla gizli əməkdaşlıq ediblər. Bunlar ABŞ-ın "Beynəlxalq İnkişaf Agentliyi" (USAID), "Milli Demokratiya Fondu" (NED), "Avropa Demokratiyaya Yardım Fondu" (EED), "Internews", "FreedomNow", "Qlobal Araşdırmaçı Jurnalistika Şəbəkəsi" (Global Investigative Journalism Network) və digərləridir.

Əslində, siyahını çox uzatmaq olar. Lakin diqqətçəkən başlıca məqam Qafqazın bir ölkəsində "demokratiya carçısı" rolunda çıxış etmək üçün bu qədər təşkilatın səfərbər olmasıdır. Ülvi Həsənov və komandası maksimum dərəcədə bu təşkilatlara və onların arxasında duran ABŞ-a canla-başla xidmət edirmiş.

Hesab edirəm Ülvi Həsənov və komandası prosesin başlanğıcıdır. Çünki ölkəmizdəki ABŞ agenturası düşündüyümüzdən də genişdir. 

Misal üçün, ABŞ-ın Azərbaycandakı səfirliyinin bu ölkədə təhsil almış azərbaycanlı məzunlarla keçirmək istədiyi görüşdə bu motiv də diqqət çəkir. Düzdür, görüş ləğv edilsə də bir daha bəlli oldu ki, ABŞ potensial hədəf kimi gəncləri, tələbələri seçir. Onları pul və başqa aldadıcı vasitələrlə agentlik fəaliyyətinə cəlb edir.

Nə olursa-olsun heç bir şəxsi maraq dövlətin ali məqsədlərinin önünə keçə bilməz. Keçərsə dövlət də lazım gələni edər. Onu da qeyd edim ki, son əməliyyatlar ABŞ-ın ölkəmizdəki agentura şəbəkəsinə qarşıdır. Yəni heç bir halda xaricdə təhsil alan gənclərimizə qarşı deyil. Hər il dövlət hesabına yüzlərlə gənc  xaricdə təhsil almaq üçün göndərilir. Bu şəxslərin bir çoxu təhsil aldıqları ölkələrdə qalıb yaşayır, həyatını qurur. Bəziləri də vətənə qayıdıb işlə təmin olunur. Lakin heç bir halda hansısa ölkənin agenturasına xidmət etmir.

Təəssüf ki, bu gün məsələni manipulyasiya edən bəziləri məqsədyönlü şəkildə xaricdə təhsil alan gənclərin ölkəyə qayıtmaması üçün dezinformasiyalar yayır.

Turan RZAYEV,

politoloq.