Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ölkə başçısı İlham Əliyevin 23 dekabr 2011-ci il tarixli Sərəncamı ilə Azərbaycan elminin və mədəniyyətinin görkəmli nümayəndəsi, dahi şair, mütəfəkkir Nizami Gəncəvi irsinin araşdırılması və onun dünyada təbliğ olunması məqsədilə yaradılmışdır.
Mərkəzin idarə heyəti Finlandiya, Rumıniya, Serbiya, Xorvatiya, Bolqarıstan kimi ölkələrin sabiq prezidentləri, nüfuzlu beynəlxalq ekspertlər, ictimai-siyasi xadimlər, səfirlər və dünyanın müxtəlif universitetlərinin əməkdaşlarından ibarətdir. Avropa qitəsindən 25 ölkədən 53, Amerika qitəsindən 2 ölkədən 6, Asiya qitəsindən 12 ölkədən 15, Afrika qitəsindən 4 ölkədən 5 görkəmli üzvü olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi bu gün Bosniyanın Podgoricki Klubu, Yunanıstanın Marianna V.Vardinoyannis Vəqfi, ABŞ-ın Quqenhaym, Çin İnnovasiya və İnkişaf Strategiyası İnstitutu, Çin Xalq Xarici İşlər İnstitutu, Taihe İnstitutu, Amerika Xarici Siyasət üzrə Milli Komitə, Berqqruen İnstitutu, Robert F.Kennedy İnsan Hüquqları, Schwarzman Alimləri, İtalyan Beynəlxalq Təşkilatları Cəmiyyəti, Dünya Sənət və Elm Akademiyası kimi nüfuzlu beynəlxalq və regional təşkilatlarla sıx əməkdaşlıq edir. Mərkəzin həmsədrləri Latviyanın sabiq Prezidenti xanım Vayra Vike-Freyberqa və İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldindir.
Dünyada sülhün, birgəyaşayışın, ədalətin bərqərar olunması naminə həyata keçirilən qlobal tədbirlərə, həmçinin fəaliyyətlərə töhfə vermək məqsədi daşıyan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi beynəlxalq toplantılara evsahibliyi edərək tolerantlıq, qarşılıqlı anlaşma və mədəniyyətlərarası dialoqun təşviq edilməsində ən yüksək səviyyəli əməkdaşlıq platformasına çevrilmişdir. Ənənəvi olaraq Qlobal Bakı Forumuna və dünyanın üzləşdiyi problemlərin müzakirə olunduğu müxtəlif önəmli görüşlərə evsahibliyi edən Mərkəzin əsas fəaliyyət istiqamətləri Nizami Gəncəvi irsinin araşdırılması, nizamişünaslığın aktual problemlərinin həll olunması, əsərlərinin müxtəlif dillərə tərcüməsi, ensiklopediyasının hazırlanması, elmi-fəlsəfi görüşlərin, sənətşünaslığın tədqiq olunması və dahi şairin irsinin dünyada təbliğ edilməsidir.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, həmçinin Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynamış, torpaqlarımızın işğalı dövründə, 44 günlük Vətən müharibəsi günlərində, eləcə də ərazi bütövlüyümüz təmin edildikdən sonra da ölkəmizin haqq işinə güclü dəstək vermişdir və bu işi bu gün də uğurla davam etdirir. Ənənəvi olaraq respublikamızda keçirilən Bakı Qlobal Forumu İkinci Qarabağ müharibəsində böyük qələbəmizdən sonra isə Azərbaycanın haqq səsinin ucaldığı tribunalardan birinə çevrildi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi ilə və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 2021-ci il noyabrın 4-də "COVID-19-dan sonrakı dünya" mövzusunda geniş gündəliklə işə başlayan VIII Qlobal Bakı Forumunda COVID-19 pandemiyası, Ermənistan-Azərbaycan münaqişəsini Azərbaycanın öz daxili gücü hesabına həll etməsi, Cənub Qaz Dəhlizinin tikintisinin başa çatdırılması və 2020-ci il dekabrın 31-də həmin layihənin sonuncu hissəsi - Trans-Adriatik boru kəmərinin istismara verilməsi barədə məlumat verilmişdir. 44 günlük Vətən müharibəsi zamanı mərkəzin idarə heyətinin üzvlərinin Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləyən çoxsaylı bəyanatlarla çıxış etdikləri qeyd olunmuş, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin beynəlxalq təsisat kimi dünyada rolunun və nüfuzunun artması xüsusi olaraq vurğulanmışdır. Noyabrın 4-dən 6-dək "COVID-19-dan sonrakı dünya" adı altında keçirilən Forumda Mərkəzin üzvləri Ermənistanın təcavüzkar əməlləri haqqında obyektiv məlumatların dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəaliyyətini davam etdirmişlər.
"Qlobal dünya nizamına təhdidlər" mövzusunda IX Qlobal Bakı Forumu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə ötən il iyunun 16-da yüksək səviyyədə keçirilmişdi. Azərbaycan Prezidenti İlham Əliyev Mərkəzin qlobal məsələləri müzakirə edən və geniş beynəlxalq birliyi öz sıralarına qata bilən aparıcı beynəlxalq institutlardan birinə çevrildiyini forum iştirakçılarının diqqətinə çatdırmışdır. 50 ölkədən yüksəksəviyyəli nümayəndələrin iştirak etdiyi Forumda təhlükəsizlik məsələlərinin beynəlxalq aləmdə böyük önəm kəsb etdiyi vurğulanmış, aparıcı beynəlxalq institutların, maliyyə institutlarının ərzaq böhranı ilə mübarizədə rolundan bəhs olunmuşdur. Eyni zamanda, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesində sülh müqaviləsinin imzalanmasının, sərhədlərin delimitasiyası və demarkasiyasının, Zəngəzur dəhlizinin açılmasının vacibliyi