Geosiyasi xəritələrin heyrətamiz sürətlə dəyişdiyi dönəmdə Si Cinpinin sədrliyi ilə Çin dünyanın super gücləri sırasına yüksəlib. Planetimizin siyasi və iqtisadi mərkəzi kimi meydana çıxan Çin qədim müdriklik və müasir innovasiyanın unikal birləşməsini nümayiş etdirir və beynəlxalq əməkdaşlıq üçün yeni üfüqlər açır. Çin Xalq Respublikasının Sədri Si Cinpinin Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı sonuncu təbrik məktubunda bu yeni qarşılıqlı fəaliyyət mərhələsində dinamik inkişaf edən, sabit və çiçəklənən ölkə - Azərbaycanla strateji tərəfdaşlığı dərinləşdirmək istəyi xüsusilə vurğulanır.
Qlobal dəyişikliklər dövründə Sədr Si Cinpinin rəhbərliyi ilə Çin və Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan dünyaya qarşılıqlı anlaşma, hörmət və ümumi maraqlara əsaslanan güclü strateji tərəfdaşlıq nümunəsini nümayiş etdirir. Si Cinpinin dövlət başçısı İlham Əliyevə təbrik məktubu sadəcə formallıq deyil, iki dövlət arasında dərinləşən münasibətlərin rəmzidir.
Azərbaycan ilə Çin arasında gözəl münasibətlərin əsaslarının formalaşmasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xüsusi rolu olmuşdur. Bu gün iki ölkə arasında münasibətlərin inkişafının hərəkətverici qüvvəsi qarşılıqlı hörmət və etimaddır ki, bu da Si Cinpinin məktubunda aydın şəkildə ifadə olunub. Hər iki ölkənin qarşılıqlı səyləri, xüsusən də ikitərəfli münasibətlərin möhkəmləndirilməsi diplomatik və iqtisadi əlaqələrin yeni dövrünü ifadə edir. İki liderin ötən il Səmərqənddə görüşü, o cümlədən orada əldə olunmuş razılaşmalar onların bu əlaqələrin inkişafına şəxsi töhfələrinin bariz nümunəsidir.
Çin və Azərbaycan arasında "Bir kəmər, bir yol" və bu kimi digər qlobal layihələr vasitəsilə dərinləşən strateji tərəfdaşlıq hər iki ölkə üçün yeni imkanlar yaradır. Azərbaycan özünün geostrateji mövqeyindən məharətlə istifadə edərək Şərqlə Qərbi birləşdirən nəqliyyat və tranzit dəhlizlərində əsas halqaya çevrilir. Bu tərəfdaşlıq təkcə iqtisadi qarşılıqlı əlaqəni deyil, həm də xalqlar arasında dərin qarşılıqlı anlaşmaya kömək edən mədəni mübadiləni təmsil edir.
Si Cinpinin rəhbərliyi ilə Çin, strateji planlaşdırma və daxili islahatların bir ölkəni supergüc statusuna necə yüksəldə biləcəyini nümayiş etdirir. Qlobal dəyişikliklər kontekstində Çin mədəni və tarixi ənənələrini qoruyub saxlamaqla qlobal proseslərə təsir göstərmək iqtidarında olan ölkə kimi çıxış edir.
Azərbaycanın Çinlə strateji tərəfdaşlıq lehinə seçim etməsi onun Liderinin uzaqgörən və strateji düşüncəsini nümayiş etdirir. Diqqətini Hindistana yönəldən zavallı Ermənistandan fərqli olaraq, qüdrətli Azərbaycan Çin kimi aparıcı dünya dövləti ilə əməkdaşlıq yolunu seçir ki, bu da onun yeni dünya düzənində yerini təmin edir.
Bu gün Azərbaycan və Çin beynəlxalq aləmdə birlik nümunəsi nümayiş etdirir, dünya siyasətinin əsas məsələlərində bir-birinə fəal dəstək verirlər. Bu əməkdaşlıq həmrəylik və strateji tərəfdaşlığın həlledici rol oynadığı müasir geosiyasi çağırışlar kontekstində xüsusilə vacibdir.
Hər iki ölkə iqtisadi inkişafda əhəmiyyətli uğurlar əldə edib. Qlobal iqtisadi fövqəldövlət kimi Çin və dinamik inkişaf edən iqtisadiyyatı olan Azərbaycan ticarət, investisiya və texnoloji innovasiyalar da daxil olmaqla, bir çox sektorlarda möhtəşəm nəticələrə nail olur.
Azərbaycan və Çin təhlükəsiz və firavan dünya yaratmağa yönəlmiş müstəqil xarici siyasət yürüdürlər. Bu siyasət suverenlik, ərazi bütövlüyünə hörmət və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə əsaslanır.
Hər iki Lider ölkələrimiz arasında əlaqələrin inkişafında və möhkəmlənməsində əsas rol oynayırlar. Prezident İlham Əliyev və Sədr Si Cinpin dərin anlaşma və qarşılıqlı hörmət nümayiş etdirirlər ki, bu da ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi üçün əsas şərtlərdən biridır. Xüsusilə qeyd etmək lazımdır ki, onların səmimi və mehriban şəxsi münasibətləri dövlətlərarası əlaqələrin ən xoş məcrada inkişafına müsbət təsir göstərir.
Çin və Azərbaycan xalqları öz Liderlərinin hər iki ölkədə sabitliyə və firavanlığa töhfə verən daxili və xarici siyasətini fəal şəkildə dəstəkləyir. Bu birlik, habelə sülh və inkişaf üçün ortaq səylər ikitərəfli münasibətlərin daha da gücləndirilməsi üçün möhkəm zəmin yaradır.
Xüsusilə qeyd edək ki, Çin Sovet İttifaqının dağılmasından sonra Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olub. Son 30 ildə ölkələr arasında münasibətlər böyük inkişaf yolu keçərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu tərəfdaşlıq onların qarşılıqlı münasibətlərinin mühüm aspekti olan suverenlik və ərazi bütövlüyünün qarşılıqlı surətdə dəstəklənməsinə söykənir.
Çin və Azərbaycan arasında münasibətlər bu gün daha da dərin və hərtərəfli strateji tərəfdaşlığın yeni erasının astanasındadır. Bu tərəfdaşlıq təkcə onların öz inkişafına deyil, həm də regionda və dünyada sülhün və sabitliyin möhkəmlənməsinə töhfə verəcək. Hər iki ölkənin liderləri Prezident İlham Əliyev və Sədr Si Cinpin nümayiş etdirdilər ki, qarşılıqlı hörmət və anlaşmaya əsaslanan birgə səylər nəticəsində digər ölkələr üçün nümunə olacaq böyük nəticələr əldə etmək olar.
Emin QASIMOV,
"Respublika".