İstanbul
Bosfor boğazının Mərmərə dənizinə bağlandığı kiçik bir adada tikilmiş Qız qalası Üsküdar mahalının simvolu kimi tanınır. Bizans dövründən Üsküdarda qalan yeganə abidə hesab olunan Qız qalası eramızdan əvvəl 24-cü ilə aiddir və Qara dəniz ilə Mərmərə dənizinin qovşağında inşa edilib. On səkkiz metr hündürlüyündə, üç mərtəbədən ibarət olan Qız qalası bir müddət həbsxana kimi istifadə olunub. Qalanın yaxınlığındakı hündür mayaklar dörd mil məsafədən görünəcək şəkildə hər üç saniyədən bir işıq saçır. Qala Salacakdan təxminən 150 metr aralıda yerləşir. Keçmişi 2500 il əvvələ gedib çıxan bənzərsiz qala İstanbulun tarixi ilə bərabər yaşamış, yaşananlara şahidlik etmiş və günümüzə qədər gəlmişdir.
Əsrlər boyu fərqli məqsədlər üçün istifadə edilmiş qala haqqında bir çox rəvayətlər söylənilir. Deyilənlərə görə, qalanın yerləşdiyi ərazi haqqında ilkin məlumat eramızdan əvvəl 400-cü ildə qeydə alınıb.
Tarixi mənbələrə əsasən, o zaman dəniz ticarətində istifadə edilməsi məqsədilə Afinalı komandir Alkibiades tərəfindən burada kiçik bir abidə inşa edilir. Əsrlər sonra, təxminən 1110-cu ildə isə bu adada Roma İmperatoru Manuel Komnenos tərəfindən ilk qala ucaldılır. Verilən məlumatlara görə, imperator Manuelin bu qalanı inşa etməkdə iki məqsədi var imiş: boğazı idarə etmək və ticarət gəmilərindən vergi almaq. Bunu dəstəkləmək üçün də qala ilə Avropa sahilləri arasında qalın bir zəncir çəkilir və zəncirin batmaması üçün onlarla dirəkdən istifadə edilir. Lakin bu abidə zəncirin ağırlığına tab gətirməyib dağılır.
İstanbulun fəthindən sonra isə Fateh Sultan Məhmətin əmri ilə bu ərazidə yeni qala inşa edilir və bura toplar yerləşdirilir. Lakin qala 1509-cu ildə İstanbulda baş vermiş zəlzələdən sonra ciddi zərər görür və o dövrün tanınmış memarı olan Hayrettin tərəfindən bərpa olunur. Bundan təxminən 200 il sonra qaladan mayak kimi istifadə edilir. Sonralar qala yanır və bu dəfə yenidən daşla tikilir.
Osmanlı dövründə olduğu kimi, romalıların dövründə də qaladan həbsxana kimi istifadə olunub. Lakin tarixdə buranın müxtəlif dini və diplomatik mərasimlərdə top atışı üçün istifadə edildiyi və bəzi sultanların sadəcə istirahət yeri olduğu da qeyd edilib. Eyni zamanda, qaladan XIX əsrdə İstanbulda yayılmış vəba epidemiyası zamanı xəstələrin təcrid edildiyi yer kimi də istifadə olunub.
Türkiyə Cümhuriyyəti qurulduqdan sonra qala təkrar mayak olaraq fəaliyyətə başlayıb. 1940-cı illərdə qalanın torpağı möhkəmləndirilib və 80-ci ilin əvvəllərindən buradan hərbi radar stansiyası kimi istifadə edilməyə başlanılıb. Hazırda isə Qız qalası restoran kimi fəaliyyət göstərir. Xüsusi qayıqlarla gedilən bu üçmərtəbəli tikilinin hər mərtəbəsində müxtəlif dövrləri özündə əks etdirən şəkillərə rast gəlmək mümkündür. Qalanın ən üst qatında yerləşən eyvandan hər iki qitəyə gözəl mənzərə açılır.
Qız qalası haqqında müxtəlif rəvayətlər və əfsanələr var. Rəvayətlərin birində deyilir ki, Bizans imperatorunun qız uşağı dünyaya gəlir və imperator qızının doğum gününü bayram elan edir. Bir zaman sonra yaşlı bir alim imperatora, qızını 18 yaşı tamam olmadan ilan sancılmasından öləcəyi xəbərini verib imperatoru çox məyus edir. İmperator dənizin ortasındakı ada üzərində qala inşa etdirir və qızını buraya yerləşdirir. Aradan illər keçir. İmperatorun qızını on səkkiz yaşı tamam olmamış, qalaya göndərilən üzüm səbətindən çıxan ilan sancaraq öldürür. Qızının ölümünə çox üzülən imperator qismətdən qaçılmayacağını anlayır.
Qız qalası İstanbulun ən qədim tarixi abidələrindən biri hesab olunur və yaşı 900 ildən çoxdur. 1995-ci ildə bərpa işlərinə başlanmış və 2000-ci ildə başa çatdırılmışdır. Gündüzlər kafe-restoran, axşamlar isə özəl restoran olaraq yerli və xarici ziyarətçilərə xidmət göstərən Qız qalası toy, yığıncaq, iş yeməyi kimi bir çox özəl dəvət və tədbirlərə də ev sahibliyi edir.
Qala 1964-cü