Qitələrarası lobbiçilik fəaliyyəti fayda verməyəcək
Gündəm

Qitələrarası lobbiçilik fəaliyyəti fayda verməyəcək

30 illik işğal zamanında olduğu kimi, bu gün də Azərbaycana qarşı qarayaxma kampaniyaları səngimir, onun haqq işinə kölgə salmaq istəyənlərin qərəzi artır. Beynəlxalq ictimaiyyətin regiondakı həqiqətlərə hər zaman fərqli don geyindirməsi onların hər zamankı adətidir. Bir çox amil var ki, qlobal güclərlə yanaşı, beynəlxalq qurumlar da bu məsələdə xüsusi fəallıq göstərirlər. Erməni lobbisinin maliyyələşdirdiyi Avropadakı saxtakar parlamentarilərdən tutmuş Amerika qitəsinə yayılan bu spekulyasiya xətti həqiqətlərin üstünü örtür, beynəlxalq ədaləti məqsəddən uzaqlaşdırır. Cənubi Qafqazda baş verən proseslərə bu gün "həssaslıq"la yanaşan sözügedən dairələr nədənsə 30 ildir "3 meymun" rolunda iştirak edir: 1 milyondan çox soydaşımızın yurd yerindən didərgin düşdüyünü "görmür", dini-etnik zəmində cinayətlər törətmiş Ermənistanın əməllərini "bilmir", Xocalıda, Meşəlidə, Ağdabanda, Qaradağlıda və digər ərazilərimizdə erməni terrorçuları tərəfindən beşikdəcə öldürülən körpələrin naləsini "eşitmir"dilər. Azərbaycan 44 günlük Vətən müharibəsi ilə pozulmuş ədalət tərəzisini tarazlaşdırdığı zaman isə qərəzlər yenidən baş qaldırdı və haqq işimiz pisləndi. Lakin heç kim Azərbaycan dövlətinin iradəsinə təsir edə bilmədi. Ölkəmiz öz haqq işini sonacan davam etdirərək ərazi bütövlüyünü təmin etdi. Sentyabrda keçirilən antiterror tədbirləri ilə separatçıların da kökünü kəsən qüdrətli dövlətimiz öz istəyinə nail oldu.

İnformasiyanın dünyaya çatdırılmasında medianın əvəzsiz rolundan xaincəsinə istifadə edən ermənipərəst qüvvələr geniş auditoriyaları öz yalanlarına inandırmaq niyyəti güdürlər. Yaxın keçmişdə şahidi olduq ki, hələ də bu kampaniyalar davam etməkdədir. Belə ki, Laçın dövlət sərhədinə Azərbaycan tərəfi ilə razılaşdırılmadan  21 yük maşını göndərən Ermənistanın xain planı baş tutmayanda onlar lobbinin rıçaqları vasitəsilə  "humanitar böhran", "Qarabağ ermənilərinin blokadası" kimi dezinformasiyaları beynəlxalq ictimaiyyətə yaymağa başladılar. Hətta Xankəndidə bir erməninin guya aclıqdan öldüyü görüntülərini də paylaşmaqdan utanmadılar. Bu isterika BMT-yə qədər daşınsa da bölgədə belə bir vəziyyətin olması öz təsdiqini tapmadı. Belə ki, avqustun 16-da Nyu-Yorkda Azərbaycanın Qarabağ bölgəsində guya yaranmış "humanitar böhran"ın müzakirəsinə dair təcili iclas keçirildi. Lakin rəsmi İrəvan iclasdan əliboş qayıtdı. Azərbaycanın daimi nümayəndəsi Yaşar Əliyev iclasda Xankəndidəki toy mərasimlərinin fotolarını nümayiş etdirərək göstərdi ki, heç bir humanitar böhrandan söhbət gedə bilməz. Necə deyərlər, "yalan ayaq tutar, yeriməz". Bununla da, xain düşmənin məkrli planları tamamilə fiaskoya uğradı, ölkəmiz həm ermənipərəst qüvvələrə, həm də separatçıları dəstəkləyən qərb dairələrinə yerini göstərdi.

Revanşizm Ermənistanın dövlətçiliyinin tərkib hissələrindən biridir. Bunu 200 illik erməni təcavüzünün hər addımında aydın sezmək mümkündür. Ermənistanın məhz döyüş meydanında və danışıqlar masasında məğlubiyyətinin acısını spekulyasiya və manipulyasiyalar ilə unutmağa çalışması bu amili təsdiqləyir. Beynəlxalq təşkilatların ermənipərəst mövqedən çıxış etməsi onu deməyə əsas verir ki, lobbinin fəaliyyəti dünya ictimaiyyətini bir növ ələ keçirib. Azərbaycana qarşı aparılan informasiya müharibəsi ilə üz-üzəyik. Hər vəchlə buna müqavimət göstəririk, baş verənlərlə bağlı həqiqətləri çatdırmağa çalışırıq və çatdırırıq. Qəbul edilməlidir ki, ermənidən çox erməni olan Fransa kimi bir müstəmləkəçinin də bu kampaniyada əsas rol oynaması media resurslarının ermənipərəst qüvvələrin əlində cəmləşdiyini bir daha göstərir. Xatırladaq ki, avqust ayında "France 24" nəşri "Aclıqdan soyqırımı silahı kimi istifadə olunur: Azərbaycanın Qarabağı blokadaya alması böhranı daha da pisləşdirir" sərlövhəli məqalə dərc etmişdi. Amma məsələ təkcə bu yazı ilə bağlı deyil. Belə ki, "France 24" agentliyinin dərc etdiyi məqalədə ermənilərə məxsus olduğu iddia edilən şəkil xüsusi diqqət çəkir. Çünki foto əslində "Agence France-Presse" (AFP) tərəfindən 2020-ci ildə çəkilib və tamamilə Azərbaycan xalqının ağrı-acısını əks etdirir. Qeyd edək ki, bu həmin "France-24"dür ki, indi Azərbaycanın ədalətindən nəsibini almış keçmiş separatçı lider olan Arayik Harutyunyandan müsahibə də almışdı.

Uğurlu antiterror tədbirləri ilə suverenliyimizin tam bərpasından sonra erməni lobbisinin fəallığı gözlənilən idi. Xüsusən də Ruben Vardanyan kimi ermənipərəst dairələrin sponsorlarından birinin xidmət orqanlarımız tərəfindən tutularaq məsuliyyətə cəlb edilməsindən sonra proses bir az da sürətləndi. Avropa məhz bu addımdan sonra təşviş içində nə etdiyini bilmədi. Axı, Vardanyan əli cibində olan Avropa Parlamentində əyləşmiş rüşvətxorları ifşa edə bilər. Tez bir zamanda növbəti qarayaxma kampaniyası hazırlandı: "etnik təmizləmə". Antiterror tədbirlərinin yüksək dəqiqlikli silahlarla həyata keçirilməsi dinc əhalinin əziyyət çəkməməsinə hesablanmışdı ki, Azərbaycan buna nail oldu. Videogörüntülərdən də aydın görünür ki, dinc insanlar separatçıların istehkamlarına yaxındırsa, PUA atışı ləğv olunurdu. Eləcə də Xankəndidə xunta rejiminin özünü buraxmasından sonra Azərbaycan qanunvericiliyinin bölgədə bərqərar olması prosesi humanizm prinsiplərinə əsasən həyata keçirilir. Xankəndinin sosial təminatı və yaşayış standartları Azərbaycan tərəfindən qarşılanır. Öz istəyi ilə ərazini tərk edənlərə isə hər hansı bir əngəl törədilmir. Sadalanan faktları son 1 ayda bölgəyə 2 dəfə səfər etmiş BMT missiyası da yekun bəyanatlarında təsdiqləmişdir. Lakin bütün bunlar spekulyasiya və manipulyasiyaları səngitmir. Məhz Avropa Parlamentinin  Azərbaycana qarşı sanksiyalara çağıran qətnaməsinin 473 səslə qəbul edilməsi bir daha sübut etdi ki, regiondakı gücümüzü, ədaləti bərpa etməyimizi qısqananlar, buna qarşı çıxan qüvvələr bu xislətdən əl çəkən deyillər. Belə ki, parlament üzvləri Azərbaycana qarşı sanksiyaların tətbiqinə, Bakıda enerji kontraktlarının ləğvinə, Ermənistana Avropa perspektivini təklif etməyə çağırdılar. Məsələyə Milli Məclis olduqca qəti və sərt reaksiya verərək Avropa Parlamentinin qərəzli qətnaməsinə cavab bəyanatı qəbul etdi.

Erməni sevdalıları qitələrarası lobbiçilik fəaliyyətini intensiv olaraq dərinləşdirməkdədirlər. Son olaraq Amerikadan gələn erməni sədaları bunu əyani şəkildə göstərir. Belə ki,  gələn il ABŞ-da keçiriləcək prezident seçkiləri üçün namizədliyini irəli sürən Vivek Ramasvamy Azərbaycana qarşı qərəzli ittihamlarla çıxış edib. O, təşviqat xarakterli müsahibəsində ermənilər tərəfindən Gəncə və Bərdə şəhərlərinə raket hücumunun kadrlarını nümayiş etdirərək izləyicilərə yalan məlumat verib. O, kadrlarda raket hücumuna məruz qalanların ermənilər olduğunu bildirib. Vivek Azərbaycanı ittiham edərkən fonda gedən kadrlar Ermənistanın törətdiyi Gəncə və Bərdə terrorundan olub. Qeyd edək ki, məsələ ilə bağlı ölkə başçımız videosüjeti sərt tənqid edib: "Dünən mənə bir videosüjet təqdim etdilər. Həmin videoda ABŞ prezidentliyinə namizəd Azərbaycana qarşı ittihamlarla çıxış edir və bu zaman ermənilər tərəfindən Gəncə şəhərinin raket atəşinə tutulması ilə bağlı kadrları nümayiş etdirir. İkinci Qarabağ müharibəsi zamanı Ermənistan münaqişə zonasından yüz kilometrlərlə uzaqda yerləşən şəhərlərimizi uzaqmənzilli artilleriyadan, o cümlədən ballistik raketlərdən atəşə tutdu. Bunun nəticəsində bizim uşaqlar da daxil olmaqla, yüzdən artıq mülki vətəndaşımız həyatını itirdi. Məhz sözügedən həmin namizəd Azərbaycanı ittiham edərək, ermənilərin Gəncəyə və Bərdəyə hücumlarının kadrlarını nümayiş etdirir. İndi bu insanlarla necə danışmaq olar, onlara nəyi izah etmək olar? Onlar heç nə eşitmək istəmirlər. Onlar mərkəzdən verilən təlimata uyğun hərəkət edirlər".

Ədaləti pozanların ifşasında həqiqət öz sözünü deyir. Eynilə videosüjetdəki kimi. Unudulmamalıdır ki, Azərbaycanın polad iradəsinə heç kim təsir edə bilməz. Bizim işimiz haqq işidir. Bu cür spekulyasiya və manipulyasiyalara isə heç bir zaman boyun əyməyəcəyik.

Nurlan ABDALOV,

"Respublika".