Qətiyyətli mövqe məkrli oyunu pozdu
Gündəm

Qətiyyətli mövqe məkrli oyunu pozdu

Azərbaycanın İspaniyanın Qranada şəhərində planlaşdırılan beştərəfli görüşdən imtina etməsi heç də təsadüfi deyil. Çünki Azərbaycan Qranada şəhərində keçirilməsi planlaşdırılan görüşdə Türkiyənin də iştirakını təklif etmişdi. Lakin buna imkan verilmədi. Axı necə ola bilər ki, regiondan uzaq ölkə liderləri, Avropa İttifaqı masada otursun, Türkiyə isə kənarda qalsın? Həm də haqlı bir sual ortaya çıxır: Fransa və Almaniya NATO-nun üzvü olduğu halda, niyə Şimali Atlantika blokunun ən güclü ikinci ordusuna sahib müttəfiqləri Türkiyənin masada olmasını istəmədilər? Demək, bu masada Ermənistanın himayəçisi kimi daxil olmaq istəyənlər otura bilər, amma Azərbaycanla müttəfiq olan Türkiyə otura bilməz? Əsl niyyət bəllidir: Azərbaycanın bölgədə artan gücünün qarşısını almaq, Türkiyənin regional güc mərkəzi olmasını əngəlləmək. Ancaq indi regionda özünü müdafiə edə biləcək, sözü keçən Azərbaycan və onun ən yaxın müttəfiqi olan Türkiyə var. Bu, bir reallıqdır, bunu hər kəs qəbul etməlidir...

Prezident İlham Əliyevin Qranadaya getməkdən imtina etməsi əslində Fransanın və Almaniyanın bu danışıqlarda iştirakını məqbul saymamasının göstəricisidir. Çünki hər iki ölkə lokal antiterror tədbirlərinin nəticələrini və deməli, Azərbaycanın suverenliyini qəbul etmir və heç bir əsas olmadan Qarabağda ermənilərin guya etnik təmizləməyə məruz qaldıqlarını iddia edirlər. Digər tərəfdən, Fransa rəsmilərinin (müdafiə naziri, xarici işlər naziri və s.) ermənipərəst bəyanatları, XİN başçısının Ermənistana səfəri və hərbi əməkdaşlıq, silah-sursat veriləcəyi haqda açıqlamalar, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycanı ittiham edən açıqlaması fonunda Azərbaycan bu formatda danışıqlarda iştirakı lüzum görmədi.

"Əslində Şarl Mişelin vasitəçilik formatına əvvəl Makronun, sonra Almaniya kanslerinin qatılması heç bir xüsusi perspektiv vəd etmirdi. Hər kəsə aydındır ki, Fransa o masada ermənilərin müdafiəçisi kimi oturub və rəsmi Parisin son aylar daha da artan anti-Azərbaycan fəaliyyəti bunu bir daha təsdiq edir. Almaniya da Qarabağdakı son antiterror tədbirlərindən sonra qərəzini gizlədə bilmədi. Xarici işlər naziri Annalena Berbok Azərbaycana qarşı xüsusilə aqressiv mövqe sərgiləyir. Almaniyanın erməni yalanına və anti-Azərbaycan xoruna qoşulması çox təəssüf doğurur. Bütün bunlara baxmayaraq, nə Fransa, nə Almaniya nə digər erməni dəstəkçiləri Azərbaycanın Qarabağda tam suverenliyini bərpa etməsinə əngəl ola bilmədilər". Bu fikri açıqlamasında siyasi ekspert Bilgehan Öztürk bildirib. Onun sözlərinə görə, İspaniyanın Qranada şəhərində keçirilməsi planlaşdırılan görüşə Türkiyənin qatılmasını istəyən Prezident İlham Əliyev, buna qarşı olan Fransa, Almaniya və Avropa Birliyinə qəti mövqeyini bildirdi. 30 ildir Azərbaycanın bir milyondan artıq qaçqın və məcburi köçkünün haqlarından danışmayan Fransanı bu dəfə Prezident İlham Əliyev güclü mövqeyi ilə darmadağın etdi. "Bu ölkə ilə eyni masaya oturmarıq" deməsi cənab Prezidentin qətiyyətini göstərir. Fransa bölgədə ciddiyyətdən uzaq bir ölkədir. Ötən həftə Fransa XİN başçısı Katrin Kolonnanın İrəvana gedərək "Ermənistana silah verərik", - açıqlamasından sonra bu ölkənin prezidenti necə olur ki, müzakirə masasına oturur?

Prezident İlham Əliyevin Türkiyə ilə həmrəyliyi 85 milyon türk xalqını sevindirir. İllər öncə ATƏT-in keçmiş Minsk qrupuna Türkiyə də daxil olmaq istədi, buna qarşı gələnlər oldu. Ancaq bu gün cənab Prezident "Türkiyə olmadan o masaya oturmaram" deyərək Avropanın gözləntilərini alt-üst etdi. Bu mövqe Prezident İlham Əliyevin Türkiyədəki nüfuzunu artırdı, eyni zamanda Azərbaycan və Türkiyənin dostlarının ürəyincə oldu. Azərbaycanın Ermənistana ehtiyacı yoxdur. Amma Ermənistanın Azərbaycana ehtiyacı çoxdur. Qarabağdakı separatçıların təmizlənməsindən və "liderləri"nin həbsindən sonra Azərbaycanın edəcəyi çox bir iş qalmayıb. Mənə görə, Avropa Birliyi buraya qarışmamalıdır. Bölgədəki problemləri ancaq Rusiya və Türkiyə həll edə bilər. Türkiyə onsuz da bölgədədir və Ağdam Monitorinq Mərkəzində fəaliyyətini davam etdirir", - deyə B.Öztürk bildirib.

Esmira Yazkan ASLANOVA,

''Respublika'' qəzetinin

Türkiyə üzrə müxbiri.