Qərəzin ifrat həddi
Siyasət

Qərəzin ifrat həddi

Ölkəmiz üçün AŞPA-nın özü də əhəmiyyət kəsb etmir

Müstəqil siyasət yürüdən, ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən Azərbaycana qarşı Qərbin qərəzli yanaşmaları, total hücumları davam edir. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının ilk iclasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsi təsdiqlənməyib. Almaniyalı deputat Frank Şvabe Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi ilə bağlı təklifi dəstəklənib, qərar qəbul edilməsi üçün Monitorinq Komitəsinə göndərilib. Hamıya məlum erməni lobbisinin ciddi təsiri altında olan, anti-Azərbaycan bəyanatları ilə çıxış edən Avropa Parlamentinin ardınca AŞPA da ikili standartlar sərgiləyir.

Qurum riyakarlıqla Azərbaycanın səsini dondurmaq təşəbbüsü ilə çıxış edib. Səbəb də bəllidir. 30 il Azərbaycan torpaqlarının işğalına göz yuman, heç bir sülh təşəbbüsü ilə çıxış etməyən AŞPA-nın bu mövqeyi ifrat qərəzin son həddidir. İnsan hüquqları ilə heç bir əlaqəsi olmayan bu qərar ölkəmizə qarşı növbəti qisas cəhdidir.

Qeyd edək ki,  AŞPA insan hüquqlarının, demokratiyanın və qanunun aliliyinin müdafiəsi ilə məşğul beynəlxalq təşkilat olan Avropa Şurasının parlament qoludur. Azərbaycan 2001-ci ildə bu təşkilata üzv olandan bəri ermənipərəst, islamofob qüvvələr qurumdan daim Azərbaycana qarşı vasitə kimi istifadə ediblər. Azərbaycan uzun illər əvvəl beynəlxalq təşkilatlara, o cümlədən AŞPA-ya üzv olanda ümid edirdi ki, bu qurumlar onun üzləşdiyi problemləri həll etməkdə yardımçı olacaq. Lakin bu, baş vermədi. Əksinə, Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazilərin işğalı faktına qarşı heç bir tədbir görülmədi, yalnız hüquqi çəkisi olmayan azsaylı bəyanatlarla kifayətləndilər. AŞPA bu illər ərzində qurumun bir üzvü, işğalı həyata keçirən Ermənistanın digər üzv dövlət - Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlaması faktına göz yumdu. Bir dəfə də olsun AŞPA daxilində işğalçı dövlətin səs hüququnun məhdudlaşdırılması haqqında belə düşünmədi. İndi beynəlxalq ədaləti müstəqil şəkildə bərpa edən Azərbaycanla bağlı məsələni gündəmə gətirir. Artıq güclü Azərbaycan yeni reallıqlar yaradıb. Qarabağ problemi kökündən həll edilib. Hazırda Azərbaycan öz imkanları hesabına Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı bərpa-yenidənqurma işləri aparır. Artıq hər kəs, hətta Ermənistan da etiraf etməyə başlayıb ki, Qarabağ problemi həll olunub. Belə olan halda, Avropada heç bir nüfuzu olmayan Avropa Şurasının çıxaracağı hansısa qərar kağız parçasından başqa bir şey olmayacaq. Yəni Azərbaycanın qərəzli və ikili mövqedən çıxış edən təşkilata ehtiyacı yoxdur. Heç kəsə sirr deyil ki, son vaxtlar Avropa Şurası Parlament Assambleyası tamamilə nüfuzdan düşən bir quruma çevrilib, AŞPA məhz Azərbaycanın hesabına özünə reytinq yığmağa çalışır. AŞPA-da son illər aparılan müzakirələr ədalətli deyil, demokratik dəyərlər və insan haqları kobud şəkildə pozulur. Avropa Şurası Avropa Parlamentinə düşə bilməyən islamofob, türkəfob təfəkkürlü nümayəndərinin düşərgəsinə çevrilib.

Fransanın və Almaniyanın tandem şəklində birgə cıxış etməsi diqqət çəkir. Görünən odur ki, Fransanın bəzi hallarda öz istəklərini bu ölkə vasitəsilə reallaşdırmağa çalışması adətə çevrilib. Xarici siyasətində uğursuzluqlarla üzləşən rəsmi Paris Almaniyanı qabağa verir. AŞPA Azərbaycana qarşı əsassız və qərəzli addımları dayandırmalıdır. Eyni zamanda, Avropa Şurasının mexanizmlərindən Azərbaycana qarşı istifadəyə yönəlmiş uzaqgörən olmayan cəhdlər tamamilə əks nəticə verir, AŞPA-nın qəbul edəcəyi qərardan asılı olaraq adekvat addım atılmalıdır. AŞPA Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi və səsvermə hüququnun məhdudlaşdırılmasına dair qərar qəbul edəcəyi təqdirdə, Azərbaycan nümayəndə heyətinin bu qurumda fəaliyyətini dayandırması məqsədəuyğundur. Azərbaycanın İnsan Haqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasından çıxması variantı da gündəmə gələ bilər.

Mustafa KAMAL,

"Respublika".