Qərəz mərəzi
Siyasət

Qərəz mərəzi

2001-ci ildən bu yana Avropa Şurası ilə əməkdaşlığın səmərəli aparılması üçün Azərbaycan istər qanunvericilik, istərsə də praktik səviyyədə üzərinə düşən bütün öhdəliklərə əməl edib. Ölkəmizin öz ərazi bütövlüyünü bərpa etməsinə isə ən isterik yanaşmanı məhz AŞPA göstərdi. Son illər Qərbin Azərbaycana qarşı qərəzli mövqeyi kəskinləşdi və Avropa Şurası Parlament Assambleyası rəsmi Bakı ilə münasibətləri gərginləşdirdi. Bu gün haqq səsimizi dünyaya eşitdirməyə mane olan səsvermə hüququmuzu ləğv edən AŞPA-nın bu fəaliyyətini həmin siyasətin davamı kimi anlaya bilərik. Elə bu səbəbdən, Azərbaycan nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyası ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəldi. Və bu qərar AŞPA-da Azərbaycan nümayəndə heyətinin etimadnamələrinin qəbul edilməməsi barədə avropalı deputatların çağırışlarından sonra verildi. Bu gün qurumda formalaşmış dözülməz irqçilik, azərbaycanofobiya və islamofobiya hüquqazidd davranışın nümunəsidir.

Avropa Parlamentinin millət vəkilləri başda olmaqla, qlobal səviyyədə ölkəmizə qarşı siyasi qarayaxma kampaniyası başladıldı. Elə AŞPA-da qəbul edilmiş qətnamə də bu mənfur kampaniyanın nəticəsidir. AŞPA "insan haqları"nın pozulması, "seçkilərə AŞPA-nın dəvət olunmaması" kimi əsassız arqumentlər gətirsə də, əsas səbəb Azərbaycanın suverenliyini bərpa etməsi və burada ikinci erməni dövlətinin yaradılması cəhdləridir.

Avropa Şurası Parlament Assambleyası bildirirdi ki, Azərbaycan ona növbədənkənar prezident seçkisini müşahidə etmək dəvəti göndərsin. Ölkəmizin isə belə bir öhdəliyi yoxdur. Qeyd etməliyik ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu seçkini müşahidə edəcək. Birmənalı şəkildə qeyd olunmalıdır ki, xalqın iradəsinin ifadəsi sayılan seçkilərin azad və şəffaf şəraitdə keçirilməsi ölkənin hüquqi, demokratik dövlət quruculuğuna sədaqəti ilə bağlıdır. Seçicilər inandıqları və etibar etdikləri namizədə səs verməklə talelərini  müəyyənləşdirmiş olurlar. Eyni zamanda qeyd edək ki, seçki günü, yəni fevralın 7-də DTİHB-dən 200-dən çox müşahidəçi, ATƏT PA-dan isə 100-ə yaxın parlamentari səsvermə prosesini izləyəcək.

Qətnamə müəllifləri vurğulayıb ki, Azərbaycan AŞPA-dan qovulmur, sadəcə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir və bu istiqamətdə konkret addımlar atmağa çağırılır. "Azərbaycanın yerinə yetirmədiyi öhdəliklər" dedikdə ilk növbədə "LGBT hüquqlarının qorunması" nəzərdə tutulur. AŞPA istəyir ki, Azərbaycanın orta məktəblərində LGBT mövzusu tədris olunsun və həmin mövzu cəmiyyətin şüurunda inkişaf etsin. Görünür ki, qurum Azərbaycana ölkəmizə yad olan ideologiya və həyat tərzini təbliğ etməyə çalışır. Lakin bu, bizim milli-mənəvi dəyərlərimizə həqarətdir.

30 il bir milyondan artıq insanın haqlarının pozulmasına susan, indi isə Qarabağdan könüllü surətdə köçən erməni əsilli sakinlərlə bağlı Azərbaycandan hesabat tələb etməyə cəhd göstərən bu qurumla əməkdaşlıq öz qələbəsi ilə regionda yeni reallıq yaratmış qalib Azərbaycana yaraşmaz. Ölkəmiz onların Laçın yoluna burunlarını soxmalarına imkan vermədi. Bizə AŞPA-da yarımçıq, məhdud səslə təmsilçilik lazım deyil. Əslində bu qərarı ilə Azərbaycanın Avropadan uzaqlaşmaq, özünü dünyadan təcrid etmək kimi niyyəti yoxdur. Amma görünür, dünyadan uzaqlaşmaq istəyən onlardır.

Röya RÜSTƏMLİ,

"Respublika".