Qərbin Yaxın Şərq və Cənubi Qafqazda
Siyasət

Qərbin Yaxın Şərq və Cənubi Qafqazda "ocağın üstünə yağ tökmək" ssenarisi

Oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumundan və bu zaman dinc əhaliyə qarşı törədilən ağır zorakılıqlardan sonra regionda gərginlik artmaqda davam edir. Narahatlıq doğuran fakt odur ki, HƏMAS-İsrail münaqişəsinə cəlb olunan tərəflərin heç biri güzəştə getmək və iddialarından geri çəkilmək istəmir. Əksinə, qarşılıqlı ittihamlar və sərt ritorika güclənir. Üstəlik, gün keçdikcə Yaxın Şərqdəki münaqişəyə İran, Səudiyyə Ərəbistanı, İordaniya və Misirin də qatıla biləcəyi ehtimalı yüksəlir. Yəni 1948-ci ildən bəri yarası qaysaq bağlamayan Yaxın Şərq daha qanlı faciələrin şahidi ola bilər. Vəziyyət belə olduqda, münaqişənin nəyin bahasına olursa-olsun dayandırılması zəruridir. Əks halda, bir regiondakı alov dünyanın müxtəlif yerlərindəki müharibə ocaqlarını da aktivləşdirə bilər. Amma ciddi narahatlıqlara baxmayaraq, hegemon dövlətlər bəşəri hissləri gözardı edərək öz maraqlarını güdür.

Doğrudur, Avropa təmsilçiləri bir-birinin ardınca münaqişə zonasına səfər edirlər, amma onların bu addımları Yaxın Şərqin "siyasi podium"unda təmsil olunmaq cəhdindən başqa bir şey deyil. Bunu son olaraq Fransa prezidenti Emmanuel Makronun İsrail səfəri nümunəsində görə bilərik. Fransız lider səfər zamanı terror təşkilatlarına qarşı mübarizə aparmaq üçün regional və beynəlxalq koalisiya yaratmağa çağırış edib. Yelisey rəhbəri ilkin mərhələdə İŞİD-ə qarşı Birləşmiş Ştatların rəhbərliyi ilə yaradılan qlobal birliyin HƏMAS ilə də mübarizə aparmasını təklif edib. Onun bəhs etdiyi İŞİD-ə qarşı qurulan beynəlxalq koalisiya 2014-cü ildə yaradılıb və 86 ölkəni özündə birləşdirir. Bəs kiçik bir ərazidə 40 minə yaxın silahlıya qarşı 86 ölkənin ordusunun döyüşməsinə ehtiyac varmı? Təbii ki yox. Üstəlik, bunun baş verməsi müharibənin Qəzzadan kənara sıçramasını qaçılmaz edəcək. Nəticədə, regional müharibə qlobal xarakter ala bilər. Tanınmış ekspertlərin qənaətlərinə görə, bu yanaşma Yaxın Şərqdə davam edən münaqişənin həllinə töhfə verməyəcək, əksinə qarşıdurmanı daha da genişləndirəcək. Məsələn, rusiyalı politoloq Vitali Naumkin mətbuata açıqlamasında bildirib ki, bu, başqa bir axmaqlıq sayıla bilər və Emmanuel Makronun tamamilə məsuliyyətsiz lider olduğunu göstərir: "Makronun marağı bir növ daha böyük və regional rol oynamaqdır. Bunlar ambisiyalardır, amma arxasında heç nə yoxdur".

Yelisey rəhbərindən bir qədər əvvəl isə ABŞ Prezidenti Co Bayden Yaxın Şərqdəki hadisələri şərh edərkən bildirib ki, hələ müharibəni dayandırmağın vaxtı deyil. Görünür, Ağ Evin başqa planları var. ABŞ maliyyə nazirinin müavini Uolli Adeyemonun ölkəsinin məhz HƏMAS terrorçularının maliyyələşdirilməsinə qarşı mübarizə aparmaq üçün koalisiya yaratmağa çalışdığını açıqlaması da bunu sübut edir. Makronun və ümumilikdə qərbin tərəfdarlarının atəşi dayandırmağa çağırmaq əvəzinə, müharibənin davam etdirilməsinə dəstək verməsi, Makronun hətta beynəlxalq koalisiya şəklində müharibənin miqyasını daha da genişləndirməyi təklif etməsi bir daha göstərir ki, qoca qitə nəhəngləri sülhdə maraqlı deyil.

Qərb elə bilir ki, onların məqsədlərindən heç kimin xəbəri yoxdur. Amma Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 25-də hakim Ədalət və İnkişaf Partiyasının parlament fraksiyasının toplantısında çıxışı zamanı İsrail və Fələstini ən yaxın günlərdə danışıqlara çağırmaqla yanaşı, bildirib ki, Yaxın Şərqdə müharibənin genişlənməsini istəyənlər var. Türkiyə lideri, həmçinin Qərbin mövqeyini tənqid edib. İordaniya kraliçası, kral II Abdullahın xanımı Raniyə əl-Abdullah da İsrail-Fələstin münaqişəsi ilə bağlı CNN-ə müsahibəsində qərbi ikili standart nümayiş etdirməkdə günahlandırıb.

Bunların fonunda birmənalı şəkildə demək olar ki, Fransa və bir sıra qərb qurumları Yaxın Şərqdəki ssenarini Cənubi Qafqazda da həyata keçirməyə cəhd göstərir. Fransanın Ermənistanı silahlandırması hədəfi məhz gələcək eskalasiyaların baş verməsinə hədəflənib. Parisin təşəbbüsü ilə artıq digər Avropa ölkələrinin də Ermənistana hərbi dəstək verməsi gündəmə gəlib. Hollandiya parlamentinin İrəvana hərbi dəstək göndərilməsi çağırışı belə nümunələrdən biridir. Yelisey Sarayı Qəzzada müharibəni körüklədiyi kimi, Cənubi Qafqazda da eyni ssenarini tətbiq edir. Ancaq əminliklə demək olar ki, rəsmi Parisin bütün məkrli niyyətləri, çirkin cəhd və səyləri puça çıxacaq.

Jalə QASIMZADƏ,

"Respublika".