Qərbin “sevgisi” Ermənistana nə vəd edir?
Siyasət

Qərbin “sevgisi” Ermənistana nə vəd edir?

Sentyabrın son həftəsinin yekunlarına həsr olunan, "Rossiya 1" telekanalında yayımlanan "Həftənin xəbərləri" verilişində Ruben Vardanyanın həbsi ilə yanaşı, son dövrlərdə Cənubi Qafqazda baş verən hadisələrə dair maraqlı fikirlər səslənmişdir. Əməkdaşımız Arzu Asifqızının həmin verilişdən hazırladığı qısa icmalını təqdim edirik.

Bildirildi ki, ermənilərin tanınmamış "respublika"sı bu həftənin cümə axşamından etibarən artıq mövcud deyil! İndiyədək özünü "respublika" elan etsə də, dünyanın heç bir ölkəsi, hətta Ermənistan tərəfindən belə tanınmayıb. Artıq özləri belə tanımaqdan imtina edib. Proses başladı və qərar verildi! Özünü "prezident" kimi təqdim edən Samvel Şahramanyan qondarma respublikanın mövcudluğuna son qoyulması barədə fərman imzaladı. Fərmanda deyilir: "2024-cü il yanvarın 1-dək hökumətin tabeliyində olan bütün dövlət qurumları və təşkilatları ləğv edilsin və "respublika" öz fəaliyyətini dayandırsın. Fərmanda həmçinin bildirilir ki, əhali bu fərman qüvvəyə mindikdən sonra müstəqil və fərdi qərar qəbul etmək məqsədilə Azərbaycan Respublikasının təqdim etdiyi reinteqrasiya şərtləri ilə tanış olsun".

Bu fərman rəsmi Bakının separatçıları tərk-silah etmək üçün keçirdiyi lokal antiterror tədbirlərindən sonra Azərbaycan hakimiyyəti ilə razılaşma nəticəsində verilib: "Xatırladaq ki, antiterror tədbiri sentyabrın 19-da başlayıb və cəmi 23 saat və bir neçə dəqiqə çəkib. Həmin vaxt Qarabağın qanunsuz silahlı birləşmələri təslim olduqdan sonra silah-sursat və ağır texnika da təhvil verilib. Elə o vaxtdan Qarabağdan olan köç karvanı Ermənistana hərəkət etməyə başlayıb. 1000 nəfər köçkünü "qanadları" altına alan Rusiya sülhməramlıları onları qida və istiliklə təmin edib, ehtiyacı olanlara tibbi yardım da göstərib. Xatırladaq ki, həmin vaxt Rusiya sülhməramlı kontingentinin müşahidə məntəqəsindən qayıdarkən Rusiya hərbçilərinin olduğu avtomobil atıcı silahlardan atəşə tutulub və nəticədə avtomobildə olan kontingentin komandir müavini daxil olmaqla 5 Rusiya hərbçisi həlak olub".

Həftənin ən diqqətçəkən məqamlarından olan Ruben Vardanyanın həbsi isə belə şərh edilib: "Bir vaxtlar rusiyalı "xeyriyyəçi", "uğurlu iş adamı" və "Forbes"in siyahısında yer alan milyarder Ruben Vardanyan 2022-ci ildə açıq şəkildə Rusiya vətəndaşlığından imtina edib. 1968-ci il təvəllüdlü Ruben Karlenoviç Vardanyanın Rusiya Federasiyasının vətəndaşlığından çıxması barədə ərizəsi isə Prezident Vladimir Putin tərəfindən 22 dekabr 2022-ci ildə təsdiqlənib.

İndi rəsmi İrəvan yardım üçün Rusiyaya üz tutur, lakin Ruben Vardanyan artıq Rusiya vətəndaşı olmadığından ona kömək etmək imkanlarımız məhduddur. Görünür, bu şəxsə kömək çox lazım olacaq, çünki Bakının Səbail məhkəməsi hələ ki, Ruben Vardanyan barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçib, lakin o, "terrorçuluğu maliyyələşdirmə" maddəsi ilə 14 il azadlıqdan məhrum edilə bilər. Beləliklə, Ermənistan Xarici İşlər Nazirliyi görüşün keçirilməsini tələb edə bilər, ancaq bu haqda hələ heç bir məlumat yoxdur. Artıq aydın şəkildə görünür ki, Paşinyan Vardanyanı özünə siyasi rəqib gördüyü üçün ona yardım etmək istəmir. Amerikalılara da Vardanyanın azadlıqda olması lazım deyil, çünki onlara bütün istəklərini həyata keçirə bilən "marianetka" Paşinyan sərf edir. ABŞ Avropaya rəhbərlik edir və nəticə etibarilə Ruben Vardanyanın bütün ümidləri indi yalnız bir şəxsə - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevədir. Yalnız Azərbaycan Prezidenti onu əfv etmək səlahiyyətindədir".

Verilişdə daha sonra bildirilib: Bu gün Paşinyan və onun yeni Qərb dostlarını daha çox başqa məsələlər narahat edir, onlar erməni xalqının başına gələnlərdə Rusiyanı günahlandırır və iddia edirlər ki, guya Rusiya "Arsax"a kömək etməyib. İndi də Ermənistan təhlükəsizlik konfiqurasiyasını dəyişmək məcburiyyətindədir, hətta İrəvan KTMT-dəki nümayəndəsini də geri çağırıb. Onu da vurğulamaq yerinə düşər ki, Azərbaycandakı ərazi heç vaxt KTMT-nin məsuliyyət zonasında olmayıb. Paşinyan özü ötən ilin payızında Praqada, Qərb dostlarının təsiri altında, konkret desək, Fransa prezidenti Makron və Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin iştirakı ilə Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb. Və bu da Rusiyada "aydın səmada ildırım" effekti yaradıb.

Beləliklə, Paşinyan öz seçimini etdi və indi yalnız özünü günahlandırmalıdır. Bu arada Ermənistan Laçın dəhlizi ilə silah daşıyırdı. Belə olmasaydı, lokal antiterror tədbirlərindən sonra Azərbaycan hakimiyyətinə bu qədər silah-sursat təslim etməzdilər. Rusiya Xarici İşlər Nazirliyi Paşinyanın yeni prioritetləri ilə bağlı bəyanatında daha bir mühüm məqamı vurğulamışdı. Hər kəs yaxşı xatırlayır ki, Paşinyan Azərbaycan tərəfinin hücum etdiyini, atəş açdığını və s. iddia edirdi. Bəs onda niyə İrəvan KTMT missiyasından imtina etdi?

Daha sonra Rusiya XİN bəyanatında bildirilir ki, "Ermənistan rəhbərliyinin siyasi uzaqgörənliyinin olmaması ucbatından Ermənistanın təhlükəsizliyinin möhkəmləndirilməsi sahəsində bir sıra razılaşmaların həyata keçirilməsi mümkün olmadı. Xüsusilə də Azərbaycanın həmsərhəd rayonlarına KTMT müşahidə missiyasının göndərilməsi barədə 6 ölkənin xarici işlər nazirliyi tərəfindən razılaşdırılmış qərar Paşinyan tərəfindən imzalanmadı".

İndi Ermənistanın baş naziri Paşinyan Qərbin sevgisində boğulub. Belə ki, ABŞ prezidenti Baydenin məktubunu ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Samanta Pauer şəxsən Paşinyana çatdırıb. Məktubda Bayden Birləşmiş Ştatların və Administrasiyanın dəstəyini Nazirlər Kabinetinin əsas üzvü, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin direktoru Samanta Pauerdən şəxsən çatdırmağı xahiş etdiyini, Ermənistanın suverenliyi və müstəqilliyi naminə layiqli və davamlı regional sülhə nail olmaq üçün Birləşmiş Ştatların İrəvan hökumətilə işləməyə qərarlı olduğunu vurğulayıb".

Verilişdə, həmçinin bildirilib ki, Xarici İşlər Nazirliyinin məlumatına əsasən, vətəndaş cəmiyyəti institutlarının müxtəlif səviyyəli seçkiləri daxil olmaqla, qrantların bölüşdürülməsi yolu ilə siyasi proseslərə təsir göstərməyə çalışan USAID 2012-ci ildən Rusiyada qadağan edilib. Beləliklə, USAID-in Rusiya regionlarında, xüsusən Şimali Qafqazda fəaliyyəti ciddi sual doğurur. Rusiya vətəndaş cəmiyyəti kifayət qədər yetkindir və kənardan idarə edilməyə ehtiyac duymur. Göründüyü kimi, əksinə Ermənistanda vətəndaş cəmiyyətinin xarici rəhbərliyi alqışlanır.

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Yuri Kimin də İrəvanda Samanta Pauerlə birlikdə olduğunu vurğulayan jurnalist, cütlüyün Ermənistana on bir milyon yarım dollar gətirdiyini vurğulayıb: "Həmin pullar nisbətən az olsa da, qida məhsulları ilə yanaşı, psixoloji yardım üçün də nəzərdə tutulub. Bütün bu əməllərin arxasında sadəcə beyinlərin yuyulması və qanuni casusluq dayanır ki, bu da Rusiyada nifaq salmağa yönəlib. Həmin vaxt Fransa da köməyə gəlib. Belə ki, Makron məcburi köçkünlərin sosial ehtiyaclarını ödəmək üçün 7 milyon avrodan keçib. Halbuki Rusiya hər zaman ermənilərə müqayisə olunmayacaq dərəcədə böyük resurslarla kömək edib. Bunlardan Qarabağa edilən yüzlərlə ton humanitar yardımı, dünyanın heç bir ölkəsinin bizdən ala bilmədiyi nadir silahları, o cümlədən "İskəndər"i və qaza olan güzəştli qiymətləri isə hesaba qatmırıq.

Bu arada, Paşinyan Qarabağ ermənilərinə yerindəcə kömək etmək əvəzinə, onları didərgin salır, qorxudur, vədlərlə şirnikləndirir və səfil həyat sürməyə məhkum edir. Siyasi ziddiyyətlər ucbatından parçalanmış və maliyyə böhranı yaşayan ölkədə bu qaçqınları yerləşdirmək şübhəsiz ki, asan olmayacaq. Buna baxmayaraq, Paşinyan bütün ermənilərin Qarabağı tərk edəcəyini bəyan edir. Bu bir sifarişdir, yoxsa?..

Bütün bunların fonunda Prezident İlham Əliyevin obyektiv olaraq Qarabağ ermənilərinin heç olmasa bir hissəsinin öz evlərində qalmasında, onlara normal yaşayış şəraitinin yaradılmasında maraqlı olduğunu bildirdiyi tamaşaçıların diqqətinə çatdırıldı və Azərbaycan Xarici İşlər Nazirliyinin yayımladığı xəbər xatırladıldı: "Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin gedişinin onların şəxsi və fərdi qərarı olduğu, bunun məcburi yerdəyişmə ilə heç bir əlaqəsi olmadığı baş nazir Paşinyana yaxşı məlumdur. Əgər erməni sakinlərinin hansısa seqmenti Azərbaycan qanunvericiliyi və hakimiyyəti çərçivəsində yaşamaq və ona tabe olmaq istəmirsə, onları buna məcbur edə bilmərik. Bunun əksinə, biz erməni sakinlərini öz yaşayış yerlərini tərk etməməyə və multietnik Azərbaycan cəmiyyətinin bir hissəsi olmağa çağırırıq".

Sonda isə bu fikirlər səsləndi: "İstənilən halda proseslər çox mürəkkəb gedir. Açığı, ermənilərə yazığım gəlir. Axı onlar həm Qarabağda, həm də Ermənistanın özündə məsuliyyətsiz siyasətçilərin girovuna çevriliblər və nəticədə Qərbə təslim olublar. Qarşıda isə bizi Gümrüdəki Rusiya hərbi bazasının statusu və Ermənistanın KTMT-yə üzvlüyü məsələsi ilə üzləşmək gözləyir. Ən azından Qərbin məqsədi budur. Bütün bunlar Ermənistan üçün yaxşı heç nə vəd etmir".