Qərbi Azərbaycana qayıdış yaxındadır
Digər xəbərlər

Qərbi Azərbaycana qayıdış yaxındadır

Tarixə nəzər yetirsək, xalqımızın mənfur ermənilər tərəfindən dəfələrlə etnik təmizləmə siyasətinə məruz qaldığına, dədə-baba torpaqlarından didərgin salındığına şahid olarıq. Bu proseslərin ən bariz nümunəsi müxtəlif illərdə həyata keçirilmiş deportasiya hadisələridir. Təsadüfi deyil ki, həmin proseslərin nəticəsi olaraq Qərbi Azərbaycanda məskunlaşmış soydaşlarımız vəhşicəsinə əzəli torpaqlarından qovulmuşlar. Şübhəsiz, bu haqsızlıq bir gün bitəcək, cənab Prezidentimizin yürütdüyü uğurlu siyasət nəticəsində haqq-ədalət öz yerini tapacaqdır. Bu gün mənfur düşmənin Qərbi Azərbaycandakı soydaşlarımıza qarşı törətdiyi vəhşiliklər dünya ictimaiyyətinə çatdırılır. Lakin Ermənistan tərəfi saxta məlumatlar yayaraq, Qərbi Azərbaycanın əzəli torpağımız olduğunu qəbullanmaq istəmir. Çünki onların gözü hər zaman bizim ərazilərimizdə olub. Şübhəsiz, nə qədər qəbullanmaq istəməsələr də, ölkə başçımız  İlham Əliyevin də dediyi kimi, Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox sənədlər, xəritələr və qədim tariximiz təsdiqləyir.

Xalqımızın 1948-1953-cü illərdə məruz qaldığı deportasiyanı da unutmaq qeyri-mümkündür. 1980-ci illərin sonlarında da həm erməni millətçiləri, həm də onların sovet hökumətindəki havadarları yenidən hərəkətə keçmiş, xalqımız əzəli torpaqlarından deportasiya olunmuşdur. Ölkəmizin 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbə isə “Böyük Qayıdış”ın təməli hesab olunur. Bunun timsalında Qərbi Azərbaycana qayıdış da prioritet məsələlərdəndir və sözügedən istiqamətdə mühüm işlər görülür. Bu istiqamətdə Qərbi Azərbaycan İcması tərəfindən həyata keçirilən işlər beynəlxalq ictimaiyyətdə də işıqlandırılır. Hətta Birləşmiş Millətlər Təşkilatının (BMT) katibliyi Qərbi Azərbaycan İcmasının Qayıdış Konsepsiyasını BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının və İqtisadi və Sosial Şurasının rəsmi sənədi kimi yayımlanmışdır. Müraciət, həmçinin sülh quruculuğu, qaçqınların hüquqlarının qorunması, irqi ayrı-seçkiliyin aradan qaldırılması, insan hüquqlarının təşviq olunması, soyqırımının, etnik təmizləmənin və insanlığa qarşı cinayətlərin qarşısının alınmasına dair bəndlər ilə əlaqələndirilmişdir. BMT-yə edilən müraciət indiki Ermənistandan qovulmuş azərbaycanlıların hüquqları məsələsinin beynəlxalq müstəviyə gətirilməsi sahəsində böyük uğurlardandır. Həmin müraciət azərbaycanlıların doğma yurdlarına qayıdışı və təməl insan hüquqlarının qorunması istiqamətində təhlükəsizliyin və əməkdaşlığın bərqərar olmasının zəruriliyini bir daha təsdiqləmişdir.

Nəzrin ELDARQIZI,

“Respublika”.