Qərbi Azərbaycana qayıdış üçün beynəlxalq zəmanət lazımdır
Digər xəbərlər

Qərbi Azərbaycana qayıdış üçün beynəlxalq zəmanət lazımdır

Qərbi azərbaycanlıların tarixi yurd yerlərinə təhlükəsiz, ləyaqətli, sülh yolu ilə qaytarılmasının təmin edilməsi barədə Qayıdış Konsepsiyası hazırlanmış və bu il yanvar ayının 26-da Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının iclasında səsə qoyularaq təsdiqlənmişdir. Konsepsiya indiki Ermənistan ərazisindən zorla çıxarılmış Qərbi azərbaycanlıların geriyə qayıtması istiqamətində Qərbi Azərbaycan İcmasının fəaliyyətinin məqsəd və prinsiplərini özündə əks etdirir.

Bu barədə Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli mətbuata açıqlamasında bildirib ki, Qərbi Azərbaycana Qayıdış böyük bir prosesdir. Buna beynəlxalq zəmanətlə yanaşı, Ermənistan dövlətinin də təminatı lazımdır. Sonuncu deportasiya zamanı o ərazilərdən qovulmuş soydaşlarımızın əksəriyyətinin bölgələrdəki evi, əmlakı, mülki əvəzi ödənilmədən əllərindən alınıb. Ona görə, Qərbi Azərbaycana Qayıdış Konsepsiyasında həmin soydaşlarımızın mülkiyyət hüququnun bərpa olunması məsələsi qoyulub. Eyni zamanda onların torpaq sahələrinin icmalara qaytarılması məsələsi də konsepsiyada öz əksini tapıb. Qərbi Azərbaycan İcması olaraq biz təkcə köçürülmə prosesində fəal iştirak etməklə işimizi bitmiş hesab etməyəcəyik. Soydaşlarımız həmin ərazilərə qayıtdıqdan sonra da beynəlxalq təşkilatlarla, o ərazidə yerləşən, yəni Qərbi Azərbaycan İcmasının etibar etdiyi dövlətin sülhyaratma missiyası ilə bir yerdə fəaliyyətimizi davam etdirəcəyik. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ilə bir yerdə vətəndaşlarımızın həmin ərazidə təhlükəsiz yaşaması məsələsi həll olunmalıdır. Son 200 ildə soydaşlarımız etnik təmizləmələrə, deportasiyalara, soyqırımlara məruz qalaraq həmin coğrafiyalardan zorla köçürüldükdən, çıxarıldıqdan sonra bu ərazilərdəki Azərbaycan izləri ermənilər tərəfindən silinib, məhv edilib. Toponimlərimiz dəyişdirilib, abidələrimiz saxtalaşdırılıb, məhv edilib. Bu ərazilərdəki tarixi-mədəni abidələrimizin vəziyyəti dəyərləndirilməli, onların bərpası məsələsi gündəmə gəlməlidir. Hansı ərazilərə ki, soydaşlarımız köçürüləcək, o ərazilərin toponimlərinin geri qaytarılması, Azərbaycan adlarının bərpa olunması məsələsi də Qayıdış Konsepsiyasında öz əksini tapıb.

Qərbi Azərbaycan İcmasının Mətbuat katibi Ülviyyə Zülfiqar isə qeyd edib ki, İndiki Ermənistan ərazisindən qovulmuş bütün azərbaycanlılar və onların varislərinin öz vətənlərinə qayıtmaq hüququ var. Bu, onların haqqıdır. Son 200 ildə başımıza gələn müsibətlərdən dolayı təhlükəsizlik məsələlərində əlbəttə ki, Ermənistan hökumətinə etibar etmirik. Ona görə də Konsepsiyada da qeyd olunur ki, müvafiq mandatla beynəlxalq təhlükəsizlik missiyası qayıdış olacaq ərazilərə yerləşdirilməlidir. Həmçinin, Missiya Qərbi azərbaycanlıların etimad göstərdiyi ölkələrin qüvvələrindən ibarət olmalıdır. İcmamız da missiyasın mandatının formalaşdırılması və idarə edilməsi üzrə formatda maraqlı tərəf kimi təmsil olunmalıdır.

Azərbaycanlılara qarşı törədilən bütün hüquq pozuntuları, indiyə qədər yaşadığımız bütün ağrı-acılı hadisələr kimi mülkiyyət hüququnun pozulması və onların nəticələrinin aradan qaldırılmasına görə məsuliyyəti də Ermənistan hökuməti daşıyır. Ermənistan hökuməti bizə məxsus mülkiyyətin və icma torpaqlarının qaytarılmasını təmin etməli, mülkiyyətimizə vurulan zərərə görə kompensasiya ödəməli, həmçinin azərbaycanlıların mülkiyyət hüquqlarının bərpasından irəli gələn bütün xərcləri ödəməli və digər lazımi tədbirləri görməlidir. Bundan başqa, deportasiya edilmiş azərbaycanlılar qayıtdıqdan sonra ilk dövrlərdə humanitar yardıma, sonra uzunmüddətli sosial və iqtisadi inkişaf üçün reinteqrasiya və reabilitasiya proqramına və yardımlara ehtiyac duyacaqlar. İcma bu sahədə müvafiq proqram həyata keçirmək üçün beynəlxalq qurumlar və donorların əsas tərəf müqabili olmaqda qərarlıdır.

İcma Qərbi azərbaycanlılar öz vətəninə qayıtdıqdan sonra da təşkilat kimi fəaliyyətini, o cümlədən orada yaşayan azərbaycanlıların maraqları, hüquqları, inkişafı və təhlükəsizliyinin təmin edilməsi üzrə səylərini, bu məqsədlə, Azərbaycan Respublikası, xarici dövlətlər və beynəlxalq təşkilatlar, eləcə də Ermənistan hökuməti və ictimaiyyəti ilə dialoq və qarşılıqlı fəaliyyətini davam etdirmək niyyətindədir. Qərbi azərbaycanlılara qarşı böyük haqsızlıqlar törədilib, görülməz müsibətlər yaşamışıq. Bu ağrılı keçmişi tarixi yaddaşımızda saxlayacağıq. Bununla bərabər, icmamız sülh və inkişafın təmin edilməsinin yolunun barışıqdan keçdiyini qəbul edir. Qərbi azərbaycanlılar onların vətəninə başqa ölkələrdən köçürülən ermənilərlə dinc və yanaşı yaşamağa hazırdır. Eyni zamanda, Ermənistan hökuməti azərbaycanlılara qarşı nifrət və ayrı-seçkiliyi aşılayan siyasət və təcrübəni dayandırmalıdır.

M.ƏLİYEVA,

"Respublika".