Ermənilərin xalqımıza qarşı yürütdüyü düşmənçilik siyasəti azərbaycanlıları tarixi torpaqlarından qovmaq, həmin yerlərdə Ermənistan dövləti yaratmaq məqsədi daşımışdır. Düşmənin xain planları nəticəsində soydaşlarımız tədricən doğma torpaqlarından qovulmuş, bu ərazilərdə başqa ölkələrdən köçürülmüş ermənilər yerləşdirilmişdir. Çar Rusiyasının XIX əsrdə Osmanlı və İran ərazilərindən erməniləri Cənubi Qafqaza köçürməsi nəticəsində azərbaycanlıların öz tarixi torpaqlarında sıxışdırılmasının əsası qoyulmuşdur. XX əsrin əvvəllərində isə yüz minlərlə azərbaycanlı qətlə yetirilmiş, öz yurdlarını tərk etmək məcburiyyətində qalmışdırlar. Xain ermənilər Zaqafqaziyanın sovetləşməsindən sonra sovet hakimiyyəti ilə əlbir olub Zəngəzuru və Azərbaycanın bir sıra digər ərazilərini Ermənistan SSR-in tərkibinə daxil etməyə nail olmuşlar. 1948-1953-cü illərdə xalqımız növbəti deportasiyaya məruz qalmışdır. Bütün bunlara baxmayaraq, Qərbi Azərbaycan bizim tarixi torpaqlarımızdır və reallığını heç bir qüvvə dəyişə bilməz.
Prezident İlham Əliyev Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın doğma yurd yerlərinə qayıtması məsələsini dövlət siyasətinin prioriteti olaraq müəyyənləşdirmişdir. Ölkə başçısının Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşü zamanı söylədiyi fikirlər bunu bir daha təsdiqləyir: “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”.
Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanması mühüm addımdır. Konsepsiyanın məqsədi vaxtilə indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların əzəli yurd yerlərinə sülh yolu ilə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasını təmin etməkdir. Sənəd, həmçinin Qərbi Azərbaycan İcmasının bu sahədə fəaliyyətinin əsas istiqamətlərini müəyyənləşdirir. Konsepsiya Qərbi azərbaycanlıların geriyə qayıtması üçün İcmanın həyata keçirəcəyi fəaliyyətin məqsədləri, prinsipləri, hazırlıq və icra tədbirləri üçün ümumi çərçivəni ehtiva edir. Qayıdış Konsepsiyası beynəlxalq hüquqa, aidiyyəti dövlətdaxili hüquqa, eyni zamanda tarixi faktlara əsaslanaraq ədalətin və sülhün bərqərar olunmasına xidmət edir. Bu sahədə atılan addımlar sadəcə konsepsiya ilə yekunlaşmır. Bu il martın 1-də Qərbi Azərbaycan İcmasının Şarl Mişelə göndərdiyi məktub da xüsusi əhəmiyyət kəsb edir. Məktubda Ermənistandan qovulmuş soydaşlarımızın sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə öz vətənlərinə qayıtmalarına Avropa İttifaqının dəstək verməsi və İttifaqın Ermənistandakı Missiyasının (EUMA) bu ölkədən qovulmuş azərbaycanlıların hüquqlarının təmin edilməsi sahəsində tədbirlər həyata keçirməsi xahiş edilir. İcma, həmçinin Missiyanı Ermənistandan deportasiya olunmuş azərbaycanlıların hüquq və təhlükəsizliyi ilə məşğul olmağa, o cümlədən onların öz evlərini, qəbiristanlıqlarını, müqəddəs yerlərini və mədəni abidələrini ziyarət edə bilmələrinə şərait yaratmağa çağırıb.
Xatırladaq ki, 44 günlük müharibədə qazandığımız qələbə bir çox həqiqətləri öz məqamına yetirdi. Ermənilərin işğalçılıq siyasəti nəticəsində yurd-yuvalarından didərgin düşən azərbaycanlıların doğma torpaqlarına geri qayıtması da bu həqiqətlərin təzahürüdür. Gün gələcək, Qərbi Azərbaycandan olan soydaşlarımız da öz haqları olan tarixi torpaqlarına dönəcəklər.
Nəzrin ELDARQIZI,
“Respublika”.