Qərbi Azərbaycana qayıdış hüququmuzdur
Region

Qərbi Azərbaycana qayıdış hüququmuzdur

XX əsrin bəlası - Deportasiya

V ətən torpaqlarımız təxminən iki əsrə yaxın parçalanmaya məruz qalmışdır. Bu proses Fransa, çar Rusiyası və digər istilaçı ermənipərəst ölkələrin iştirakı ilə baş vermişdir. Özlərini dünyaya məzlum xalq kimi qələmə verən, daim kimlərinsə əlində alətə çevrilən, həddindən artıq hiyləgər ermənilər havadarlarının köməyi ilə Cənubi Qafqaza ayaq açdıqdan sonra regionda sabitlik pozulmuşdur. Çünki mənfurların əqidəsi yalnız destruktivlik, terrorçuluq, insanları müxtəlif yollarla qətlə yetirmək, bir sözlə, bəşəriyyət əleyhinə əməllər olmuşdur. Birmənalı olaraq ermənilər bütün insani hislərdən uzaq bir tayfadır. Bütün dinlərdə, inanclarda, mədəniyyətlərdə milləti öz ata-baba yurdundan qovmaq həmin insanlara qarşı edilə biləcək ən böyük pislikdir. Öz xislətlərinə sadiq qalmış insanlıq düşmənləri ötən əsrlərdən başlayaraq azərbaycanlıları zaman-zaman doğma vətənlərindən deportasiya etmişlər.

Həmin əzablı günləri yaşayan, bu iyrənc əməllərin əziyyətini çəkən, yaxınlarını itirən insanlar minilliklərlə tarixi olan ata-baba torpaqlarından zorla didərgin salınmışlar. Ulularını mənfur ermənilərin tapdağı altında qoyaraq Vətəni tərk etmək isə sadəcə müsibətdir.

Ermənilər azərbaycanlılara məxsus tarixi abidələri tamamilə dağıdaraq, saxtalaşdıraraq o yerlərin onlara məxsus olduğunu daim iddia ediblər. Sözsüz ki, hər qaranlıq gecənin bir işıqlı səhəri vardır. Aparılan məqsədyönlü siyasət nəticəsində bütün iztirablara son qoyuldu. Ölkəmiz iqtisadi cəhətdən güclü dövlətə çevrilmiş, qüdrətli ordumuz formalaşmışdır. Qürurla demək olar ki, 2020-ci il sentyabr ayının 27-də başlayan Vətən müharibəsi zamanı igid əsgərlərimiz bəşər tarixində misli-bərabəri olmayan möhtəşəm qələbəyə imza atdılar. 30 il işğal altında qalan torpaqlarımız cəmi 44 günə azad edildi, 2023-cü il sentyabr ayının 19-20-də keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində isə Azərbaycanın suverenliyi tam təmin olundu. Heç şübhəsiz, 2 əsrdən artıq işğal altında qalan Qərbi Azərbaycan torpaqları da öz sakinlərini qəbul edəcək.

Bu günlərdə şeir-sənət beşiyi olan Qazax rayonunda yaşayan yaradıcı insanların nümayəndələri ilə - əslən Qərbi Azərbaycanın Qaraqoyunlu Dərəsinin Polad kəndindən olan Tamella Budaqlı (Poladlı) və AYB-nin Qazax regional bölməsinin sədri şair Barat Vüsalla söhbət etdik.

Doğma vətənindən deportasiya olunmuş, sözün əsl mənasında çox çətinliklərlə üzləşən Tamella xanım bildirdi ki, Qaraqoyunlu Dərəsi adlanan ərazi Çəmbərək (Krasnoselo) rayonu ilə Karvansara (İcevan) rayonu arasında yerləşir. Bu yerlər əsl cənnətməkanı xatırladır. Bölgə əhalisinin 100 faizi Azərbaycan türklərinin yaşadığı bir sıra irili-xırdalı kəndlərdən ibarət olmuşdur. Tamella xanım Polad kəndində anadan olmuş, 1988-ci ilədək elə həmin kəndin ambulatoriyasında tibb bacısı vəzifəsində çalışmışdır. 1991-ci ildə vandal ermənilər Polad kəndinin adını əcayib Xaçardzana dəyişdiriblər. Kəndi iki hissəyə bölən Polad çayı mənbəyini Əşrəf dağının şimal hissəsindən süzülüb gələn göz yaşı kimi şəffaf bulaqlardan götürür. İlin bütün fəsillərində çay əraziyə ecazkar gözəllik verir. Adıçəkilən ərazi sıx meşələr, buz bulaqlarla zəngindir. Burada ermənilərə aid heç bir dəlil-sübut yoxdur. Kənd ərazisində Noylu bulaq, Daşbulaq, Südlü bulaq, Buzlu bulaq hələ də qalmaqdadır. Dərədə havanın isti olduğu vaxtlarda da su buz kimi soyuq olur. Polad kəndindəki orta məktəbin məzunları elmin yüksək zirvəsini fəth etmişlər. Fizika-riyaziyyat elmləri doktorları Misir Mərdanov, Nifatlı Qocayev və bir çox tanınmış elm adamları bu məktəbin məzunlarıdır.

Qaraqoyunlu dərəsi Sovet hökuməti qurulanadək Dağ Qazax adlandırılmışdır. Yay aylarında qazaxlılar həmin yerlərə köç edərmişlər. Ərazidə saysız-hesabsız qədim alban irsini tərənnüm edən abidələr mövcuddur. Polad kəndində ağ rəngli kilsə - Ağkilsə, Qaşqa-Tala deyilən yerdə isə qədim alban qəbiristanlığı bir daha bu yerlərin ermənilərlə heç bir bağlılığının olmadığını sübut edir. Qərbi Azərbaycanın digər bölgələri kimi Qaraqoyunlu dərəsi də dəfələrlə erməni hücumuna məruz qalmış, mənfurlar kəndlərə hücum edərək azərbaycanlıların var-dövlətini əlindən almışlar. Həmsöhbətim bildirir ki, XX əsrin əvvəllərində bu cür insanlığa zidd əməllərdən biri nənəsinin gözü qarşısında baş vermişdir, nənəsi daim göz yaşları içində o qətliamdan danışarmış. Erməni quldurlar həmin ərəfələrdə 5 dəfə müxtəlif vaxtlarda rusların köməyi ilə kəndə hücum etmiş, hər dəfə zavallı sakinlər kəndi tərk etməli olmuşlar. Mənfurların hücumları nəticəsində kənddə qırğınlar baş vermişdir. 1905-ci ildən başlayaraq 1948-1953, axırıncı dəfə isə 1988-ci ildə haylar etnik təmizləmə apararaq o yerlərin əsl sakinlərini - azərbaycanlıları kütləvi şəkildə deportasiya etmişlər. Tamella xanım ürək ağrısı ilə bildirdi ki, 1988-ci ildə ermənilərin törətdikləri vəhşiliklərdən qorunmaq üçün ailəsi ilə bir neçə gün dağlarda gecələməli olmuşlar. 16 yaşlı oğlu Nazir Budaqov qorxu və stresdən xəstəliyə tutulmuş, aparılan uzunmüddətli müalicənin heç bir xeyri olmamış, həyatını itirmişdir. Oğlundan az sonra Tamella xanımın həyat yoldaşı bu dərdə tab gətirməyərək vəfat etmişdir. Deyilənlər erməni vandallarının törətdiklərinin çox cüzi bir hissəsidir. 26 dekabr 2023-cü ildə Qazax rayon rəhbərliyinin dəstəyi və AYB-nin regional bölməsinin təşkilatçılığı ilə 70 illik yubileyi keçirilmiş Prezident təqaüdçüsü Tamella Budaqlı Vətən nisgilini "Qəlbimdə yaşayır o dağlar mənim" kitabında ürək ağrısı ilə ifadə etmişdir:

Yaranmışam, dərdə mən,

Dərmana mən, dərdə mən.

Bir istəyim Vətəndir,

Görməyincə ölmərəm.

Digər həmsöhbətim şair Barat Vüsal əmin olduğunu bildirdi ki, tezliklə Qərbi Azərbaycan torpaqlarının əzəli sakinlərinin ata-baba yurdlarına qayıdışı təmin ediləcək. Eyni zamanda Qazaxın hələ də işğal altında qalan 7 kəndi mənfurlardan azad olacaq. İndiki Qazaxın ərazisi 669 kvadratkilometrdir. Buraya Aran Qazax deyirlər. Ancaq vaxtilə ərazisi 5000 kvadratkilometr təşkil edən böyük Qazax mahalı mövcud olmuşdur. Qərbdən bu mahalın ərazisi Göyçə gölünədək uzanırmış.

Hər iki yaradıcı müsahibim tezliklə Qərbi Azərbaycanımızda - Cənubi Qafqazın füsunkar mənzərəsi və ecazkar gözəlliyi ilə seçilən, hər daşı, qayası türk-islam irsinin nümunəsi olan diyarda yaradıcılıqlarını davam etdirəcəklərinə tam əmindirlər.

Vəli VƏLİYEV,

"Respublika".