Qazaxıstan “Taliban”ı qadağan olunmuş təşkilatlar siyahısından çıxarır
Dünya xəbərləri

Qazaxıstan “Taliban”ı qadağan olunmuş təşkilatlar siyahısından çıxarır

Qazaxıstan hakimiyyəti “Taliban” hərəkatının qadağan olunmuş təşkilatlar siyahısından çıxarılması haqqında qərar qəbul edib.

"Respublika" xəbər verir ki, Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov bu barədə Kazinform agentliyinə müsahibəsində deyib.

“Qazaxıstan qadağan edilən terror təşkilatlarının siyahısını yeniləmək üçün mütəmadi olaraq audit aparır. Proses çərçivəsində BMT praktikasına uyğun olaraq “Taliban” hərəkatının siyahıdan çıxarılması barədə qərar qəbul olunub. Belə ki, bu hərəkat BMT Təhlükəsizlik Şurası tərəfindən terror təşkilatları siyahısına daxil edilməyib”, - deyə Aybek Smadiyarov bildirib.

Onun sözlərinə görə, Qazaxıstan BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının qərar və qətnamələrinəə bundan sonra da ciddi şəkildə əməl edəcək.

“Taliban” müxtəlif ölkələrlə, o cümlədən Qazaxıstanla diplomatik əlaqələr qurmağa çalışır. Onlar ən yaxın qonşuları ilə fəal ticarət əlaqələri qururlar”, - deyə nazirliyin nümayəndəsi Astananın “Taliban” hərəkatı ilə diplomatik münasibətlərinin gələcək inkişafına dair suala cavab verərkən vurğulayıb.