Son iki əsrdə azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlər, milli faciə və məşəqqətlərlə üzləşmişdir. Mərhələ-mərhələ gerçəkləşdirilən qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən - min illər boyu yaşadıqları öz doğma tarixi torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni və yaşayış məskəni dağıdılıb viran edilmişdir.
1813-cü və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoydu. Azərbaycan xalqının bu milli faciəsinin davamı kimi onun torpaqlarının zəbti başlandı. Qısa bir müddətdə ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirildi. Soyqırımı Azərbaycan torpaqlarının işğalının ayrılmaz bir hissəsinə çevrildi. İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılan ermənilər orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq, havadarlarının himayəsi altında "erməni vilayəti" adlandırılan inzibati bölgünün yaradılmasına nail oldular. Belə süni ərazi bölgüsü ilə əslində, azərbaycanlıların öz torpaqlarından qovulması və məhv edilməsi siyasətinin bünövrəsi qoyuldu. "Böyük Ermənistan" ideyaları təbliğ olunmağa başlandı. Bu uydurma dövlətin Azərbaycan torpaqlarında yaradılmasına "bəraət" qazandırmaq məqsədilə erməni xalqının tarixinin saxtalaşdırılmasına yönəlmiş genişmiqyaslı proqramlar reallaşdırıldı.
"Böyük Ermənistan" yaratmaq xülyasından ruhlanan erməni vandalları 1905-1907-ci illərdə Qərbi azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər. Ermənilər İrəvanda, Vedidə, Amasiyada, Göyçədə, Zəngəzurda, Dərələyəzdə, Loru-Pəmbək mahalında, Zəngibasarda və Qərbi Azərbaycanın digər ərazilərində yüzlərlə yaşayış məntəqələrini dağıdıb yerlə-yeksan etdilər, Qərbi azərbaycanlılar vəhşiliklə qətlə yetirildi. Bu hadisələrin təşkilatçıları olan daşnak quldurlar məsələnin mahiyyətinin açılmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə maneçilik törədərək azərbaycanlıların mənfi obrazını yaratmış, özlərinin avantürist torpaq iddialarını pərdələmişlər.
Birinci Dünya müharibəsindən, Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırdılar. 1918-ci ilin mart ayından etibarən daşnaklar Qərbi Azərbaycan ərazilərində daha da azğınlaşdılar. Bütün terror hadisələrinin başında qatı millətçi, türk xalqlarının düşməni Stepan Şaumyan dururdu. O, Qafqaza Leninin tövsiyəsi ilə göndərilmişdi. Şaumyanın məqsədi Azərbaycan xalqını parçalamaq, onun ziyalılarını aradan götürmək idi...
Çəmbərək (Krasnoselo) rayonunda mədəniyyət işçilərinin seminar müşavirəsində iştirak edən Ermənistan mədəniyyət nazirinin müavini demişdir: "Sonu yan, tan, can, an şəkilçiləri ilə bitən sözlərin hamısı ermənilərə məxsusdur və buradan belə nəticəyə gəlmək olar ki, erməni xalqının özü kimi dili də dünyada ən zəngin dildir". Müşavirədə bir nəfər cəsur, qorxmaz azərbaycanlı bərk əsəbləşir və danışıq üçün söz alaraq deyir: "O zaman Tayvan, Livan, Pakistan da sizindir?". Nazirliyin nümayəndəsi cavab verə bilmir, şok vəziyyətinə düşüb yerində əyləşir.
Qəribə orasıdır ki, demokratiyadan, insan haqlarından dəm vuran super güclər erməni uydurmalarına həmişə göz yummuşlar. 100 ildən çoxdur ki, erməni şovinistləri Türkiyə dövlətinə qarşı iftira olaraq soyqırımı iddiası ilə çıxış edirlər.
1918-ci ilin mayından 1920-ci ilin noyabrına qədər hakimiyyətdə olan daşnak hökuməti Qərbi azərbaycanlıların qanına susamışdı. Bu müddətdə onlar 440-dan artıq azərbaycanlı kəndini yandırıb məhv etmiş, yüz minlərlə soydaşımız qaçqına çevrilmişdi. 1919-cu ilin noyabr-dekabr aylarında Türkiyə və İrana 250 minə qədər qaçqın getmişdir.
1920-ci ildə Azərbaycan Demokratik Respublikası Sovet İmperiyası tərəfindən işğal edildi. Zəngəzur, Göyçə, Dərələyəz, Dilican və digər ərazilər Ermənistan Sovet Sosialist Respublikasının nəzarətinə verildi. Bir neçə vaxtdan sonra isə ermənilər Dağlıq Qarabağ "ovuna" çıxdılar. 1921-ci ildə Qarabağı Ermənistana birləşdirmə