2021-ci il oktyabrın 26-da Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi olub
30 il düşmən əsarətində qalmış ərazilərimizdə hava məkanı beynəlxalq uçuşlar üçün bağlı olmuş, mülki aviasiya infrastrukturu tamamilə dağıdılmışdı. Torpaqlarımız işğaldan azad edildikdən sonra ölkə başçımız 2021-ci ilin yanvarında Füzulidə Beynəlxalq Hava Limanının tikintisi barədə Sərəncam imzalamışdır. Hava limanının təməlqoyma mərasimində çıxış edən ölkə başçımız demişdir: "Bu gün yanvarın 14-də Füzuli Beynəlxalq Hava Limanının təməli qoyuldu. Mən hava limanının tikintisi ilə bağlı Azərbaycan xalqına məlumat vermişdim. Bu, azad edilmiş bölgələrimizin inkişafı üçün çox önəmli bir layihədir. Füzuli Beynəlxalq Hava Limanı bu il istifadəyə verilməlidir. Hər halda uçuş-enmə zolağı bu il istifadəyə verilməlidir. Hava limanının binası isə ola bilər bu il, ola bilər gələn il istifadəyə veriləcək. Bu hava limanının əsas məqsədi xarici qonaqların Şuşaya gəlişini təmin etməkdir. Çünki buradan Şuşaya olan məsafə o qədər də böyük deyil. Nəzərə alsaq ki, bu gün Füzuli-Şuşa dördzolaqlı və bəzi yerlərdə altızolaqlı yeni avtomobil yolunun təməli qoyulub, xarici qonaqlar Füzuli Beynəlxalq Hava Limanına gələrək, çox rahat və qısa müddət ərzində Şuşa şəhərinə gedə biləcəklər".
2021-ci il oktyabr ayının 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilmişdir. Azərbaycan və Türkiyə prezidentləri açılış lentini kəsdikdən sonra Füzuli Beynəlxalq Hava Limanının rəmzi açarları dövlət başçılarına təqdim olunmuş və Qarabağın hava qapısı adlandırılan Füzuli aeroportu barədə məlumat verilmişdir.
"AzVirt" MMC tərəfindən işğaldan əvvəl mövcud olmuş köhnə aeroportun yerində tikilən hava limanının uçuş-enmə zolağının uzunluğu 3000 metr, eni isə 60 metrdir. Perronun ölçüləri 60 min kvadratmetrdir ki, bu da 8 ədəd A-320 tipli təyyarənin yerləşməsinə imkan verir. Perronda həm də 170 avtomobillik dayanacaq da tikilib. Ölkə başçısının bölgəyə səfərindən dərhal sonra müasir texnologiyalardan istifadə edilməklə hava limanının tikintisinə başlanılmış və işlər plana əsasən aparılmışdır. Qısa müddətdə beynəlxalq hava limanları üçün nəzərdə tutulan bütün yüksək tələblərə uyğun şəkildə inşa edilən aeroportun layihəsinə həmçinin, aerovağzal binası, 3000x45 metr ölçüdə uçuş enmə zolağı, perron, yönəldici yol, uçuş-enmə zolağının işıq siqnal sistemləri, transformator yarımstansiyaları və köməkçi binalar daxildir. Avtomatlaşdırılmış sistemlərlə təchiz olunmuş Hava Hərəkətini İdarəetmə (HHİ) qülləsinin tikilməsi ICAO və IATA standartlarına müvafiq qaydada uçuşların həyata keçirilməsinə imkan verir. Füzulidə hava limanının tikilməsi ölkənin bu bölgəsi ilə rahat və operativ əlaqənin saxlanılması, işğaldan azad edilən ərazilərin inkişafı, o cümlədən turizm imkanlarının artması üçün də əlverişli şərait yaradır. Bu hava limanı yalnız səmərəli nəqliyyat xidmətləri göstərməyəcək, həm də ölkə turizmini və ticarət əlaqələrini də stimullaşdıracaq.
Beynəlxalq hava limanının qısa müddətdə və müasir tələblər səviyyəsində inşası Azərbaycan dövlətinin qüdrətini göstərməklə yanaşı, həm də işğaldan azad edilmiş rayonlarımızın tezliklə tamamilə bərpa olunacağının və Böyük Qayıdışın reallaşacağının bariz nümunəsidir. Bölgənin sosial-iqtisadi inkişafında müstəsna rol oynayacaq hava limanı ümumilikdə Azərbaycanın logistik imkanlarını da genişləndirəcək. Bakı, Naxçıvan və Türkiyəni birləşdirən yolun üzərində yerləşərək "Zəfər yolu"na birləşdirilən Füzuli Beynəlxalq Hava Limanı turist səfərlərini asanlaşdıracaq. İşğaldan azad olunmuş ərazilərdə bütün növ, o cümlədən ağır yük təyyarələrini qəbul edə biləcək. Füzuli, Zəngilan və Laçın hava limanlarının tikilməsi iqtisadi baxımdan səmərəli olmaqla bərabər, bu rayonların strateji əhəmiyyətini də artırır. Qarşıdakı yaxın illərdə Qarabağın inkişafında bu hava limanlarının böyük rolu olacaq.
Mehparə ƏLİYEVA,
"Respublika".