Bol məhsul əldə olunmasında keyfiyyətli suvarma ilə yanaşı, zərərvericilərlə vaxtında mübarizə də mühüm əhəmiyyət kəsb edir. Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin yerli mütəxəssisləri tərəfindən əkin sahələrində siçanabənzər gəmiricilərin geniş yayılmasının qarşısının alınması məqsədilə müşahidə və mübarizə tədbirləri həyata keçirilir. Cari ilin sentyabr ayından bu günədək 62611 hektar sahədə müşahidələr aparılıb, 27180 hektar sahədə sirayətlənmə aşkar edilib, 2989 hektar sahədə mübarizə tədbirləri həyata keçirilib. Hazırda müşahidə və mübarizə tədbirləri davam etdirilir.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti bildirir ki, siçanabənzər gəmiricilər kütləvi artıb çoxaldığı illərdə kənd təsərrüfatı üçün böyük təhlükə törədir. Odur ki, onların miqdarının müəyyən edilməsi, aparılacaq mübarizə tədbirlərinin həcminin proqnozlaşdırılması, aqrotexniki, bioloji və kimyəvi mübarizə tədbirlərinin vaxtında və keyfiyyətli aparılması vacibdir.
Zərərvericinin yeni ərazilərə yayılması və ən çox saya malik pik mərhələsində kimyəvi mübarizə üsulundan istifadə edilir. Respublikamızda son illər siçanabənzər gəmiricilərə qarşı əsasən Sink-fosfid preparatı tətbiq olunur.
Ziyanvercilərə qarşı payız mövsümündə dənli taxıl bitkilərinin bir hektarında işlək yuvaların sayı 50, erkən yazda 75, yaz mövsümündə 100 olduqda mübarizə aparılır. Payızlıq əkinlərdə hesabatlar taxılın kollanma fazasından qış soyuqları düşənə qədər, yazda isə bitkinin yenidən inkişafa başladığı dövrdə aparılır.
Nəriman CAVADOV,
"Respublika".