Birgə gerçəkləşdirilən layihələr regionda sülhə və təhlükəsizliyə xidmət edir
İqtisadiyyat

Birgə gerçəkləşdirilən layihələr regionda sülhə və təhlükəsizliyə xidmət edir

Vətən müharibəsinin bitməsindən sonra qarşıda duran mühüm vəzifələrdən biri də Zəngəzur dəhlizinin açılması və Naxçıvanın blokadadan çıxarılmasıdır. Bunun üçün də Ermənistan sülh sazişini imzalamalı və özü də reallaşacaq dəhlizdən faydalanmalıdır. Çünki Zəngəzur dəhlizinin işə düşməsi iqtisadi cəhətdən dünya üçün əhəmiyyətli olduğu kimi, əhatə etdiyi regionun inkişafına yüksək dərəcədə təsir edəcək.

Ermənistan ya bunu anlamadı, ya da təsirinə düşdüyü dövlətlərin kölgəsində mürgülədi. İqtisadi cəhətdən çökən, sosial rifah halı aşağı səviyyədə olan Ermənistan necə dəyərlər, daşı ətəyindən tökmədi. Anlamadı ki, ətəyində gəzdirdiyi daşlar bir gün öz başına deyəcək. Azərbaycan isə regionda sülh və sabitliyin bərqərar olmasına, həmçinin qonşu dövlətlərin iqtisadi inkişafına da öz töhfəsini verir. Nəhəng iqtisadi layihələri reallaşdırmaqla ölkəmiz yeni tarix yazır. Bu, Azərbaycanın iqtisadi inkişafı ilə yanaşı, həm də diplomatik qələbəsidir. İstifadəyə veriləcək Zəngəzur dəhlizi həm də Türk dünyasını birləşdirəcək.

Ölkəmiz beynəlxalq miqyaslı transmilli layihələrin reallaşmasında da aktiv rol oynayır. Azərbaycan Avropa və Asiya arasında ticarət körpüləri yaradaraq "Şərq-Qərb", "Şimal-Cənub" nəqliyyat dəhlizlərinin fəal üzvlərindəndir. Zəngəzur dəhlizinin açılması bu qəbildən olan layihələrin möhtəşəmliyini daha da artıracaq. Belə ki, oktyabrın 6-da Zəngilan rayonunun Ağbənd qəsəbəsi yaxınlığında "Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında İran İslam Respublikasının ərazisindən keçməklə Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu" çərçivəsində avtomobil körpüsü və sərhəd-gömrük infrastrukturunun inşası, ərazidə sahilbərkitmə tədbirləri layihələrinin təməlqoyma mərasimi keçirildi və tikinti işlərinə başlanıldı. Yeni layihəyə əsasən 7 gediş-gəliş xətli buraxılış məntəqəsi, eləcə də avtomobil körpüsü gündəlik ən azı 1100 yük-nəqliyyat (ixrac, idxal və tranzit malları) vasitələrini qəbul etmək imkanına malik olacaq.

Azərbaycan layihə ilə bağlı hələ ötən il İranla razılıq əldə etmişdi. Anlaşma Memorandumu 2022-ci il mart ayının 11-də imzalanmışdı. Sentyabrın 21-də isə Şərqi Zəngəzur iqtisadi rayonu ərazisində İranla dövlət sərhədində inşa olunacaq Ağbənd avtomobil yolu körpüsünün təməlqoyma mərasimi keçirilmişdi. Uzunluğu 112 kilometr olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunu İran İslam Respublikasının avtomobil yolları şəbəkəsi ilə Araz çayı üzərindən birləşdirəcək körpünün uzunluğu 216 metr, eni isə 24,5 metr olmaqla layihələndirilib. Körpüdə hər istiqamətdə 2 nəqliyyat vasitəsi və piyadalar üçün 1 hərəkət zolağı nəzərdə tutulub. Eyni zamanda burada hər iki ölkənin ərazisində gündə 500 ədəd giriş və 500 ədəd çıxış olmaqla, ən azı 1000 ədəd yük nəqliyyat vasitəsini qəbul edə biləcək buraxılış məntəqəsinin tikintisi də planlaşdırılır.

Əldə olunan razılaşmaya əsasən Azərbaycan tərəfi İran ərazisindən keçməklə Şərqi Zəngəzurla Naxçıvan arasında yeni dəmir yolu xəttinin çəkilməsi işinə başlayacaq. Beləliklə, İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni dəmir yolu xəttinin və dəmir yolu körpülərinin tikintisi haqqında Niyyət Protokolu və Azərbaycan-İran dövlət sərhədində Ağbənd (Azərbaycan Respublikası) - Kəlalə (İran İslam Respublikası) dövlət sərhədinin buraxılış məntəqələrində Araz çayı üzərində avtomobil sərhəd körpüsünün və piyada keçidinin tikintisinə dair Birgə İşçi Qrupun həmsədrlərinin görüşünün Protokoluna imza atılıb. Bu layihənin reallaşması böyük iqtisadi faydalar gətirməklə bərabər, həm də Naxçıvanın illərlə sürən blokadasına son qoyacaq. İran ərazisi vasitəsilə Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan arasında yeni kommunikasiya bağlantılarının yaradılması regionun nəqliyyat-kommunikasiya xəritəsində böyük strateji dəyişikliklərə səbəb olacaq.

Bütün bunlarla yanaşı, Araz çayı sahilinin bərpası işləri də aparılıb və çay əvvəlki məcrasına qaytarılıb. Layihəyə əsasən gömrük keçid məntəqəsi infrastrukturunun da yaradılması nəzərdə tutulur. İstifadəyə veriləcək Ağbənd avtomobil yolu ilə gündəlik 1100 avtomobilin, 30 avtobusun, 15 min insanın sərhəddən keçidi təmin olunacaq. Bu yol tranzit yüklərin daşınmasına da xidmət edəcək. Zəngəzur dəhlizinin istifadəsi Azərbaycanla bərabər, İranın, eyni zamanda bütün regionun sosial-iqtisadi inkişafı üçün əhəmiyyətli olacaq. Bu yol Şərqi Zəngəzur iqtisadi rayonu üçün zəruri infrastruktur olmaqla bərabər, bölgəni logistik mərkəzə çevirəcək. Bütün bu layihələr Şərqi Zəngəzurun tezliklə hərtərəfli tərəqqisinə real zəmin yaradacaq. Azərbaycan-İran birgə layihəsi olan Zəngəzur dəhlizinin istifadəsi region üçün iqtisadi inkişafla yanaşı, sülhə və təhlükəsizliyə də xidmət edəcək.

Ramidə YAQUBQIZI,

"Respublika".