2023-cü il sona yaxınlaşdıqca Qarabağ məsələsində tam razılıq əldə edilməyən məqamlar bir-bir həllini tapır. Bunlardan biri də məhz işğaldan azad edilən bölgələrimizdə yaşayan erməni əsilli sakinlərin taleyidir. Belə ki, sentyabrın 21 və 25-də erməni icması ilə görüş keçirilib.
Görüşdə Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında Qarabağın erməni əhalisinin reinteqrasiyası, infrastrukturunun bərpası və fəaliyyətinin təşkil olunması məsələləri müzakirə edilib. Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "CBC News"a verdiyi müsahibəsində Qarabağ bölgəsindəki erməni sakinləri haqqında fikir bildirib. Prezidentin köməkçisi deyib ki, Azərbaycan Qarabağın erməni sakinlərinin ərazidə qalmağını istəyir: "Azərbaycanın onları təhlükəsiz və daha yaxşı yaşayış şəraiti ilə təmin etmək istiqamətində hərtərəfli planı var. Ancaq istəyəcəkləri təqdirdə, ərazini tərk etməkdə də sərbəstdirlər. Azərbaycanın Qarabağdakı erməni sakinləri oranı tərk etməyə məcbur etmək kimi bir planı olmayıb və hazırda da yoxdur. Əksinə, Azərbaycan Qarabağda qaldıqları təqdirdə, onların təhlükəsizliyinə tam zəmanət verdiyini bildirib. Biz onların qalmağını istərdik. Azərbaycan onlara təhlükəsizliklərinin təmin ediləcəyi ilə bağlı çağırışlara davam edir. Amma biz ermənilərin hərəkət sərbəstliyini də dayandıra bilmərik. Bu, ərazidəki hər kəsin suveren və şəxsi seçimidir".
Erməni nümayəndələri sosial və humanitar xarakterli məsələlərin müzakirəsi kontekstində xüsusilə yanacağa ehtiyac duyulduğunu, eyni zamanda qida məhsulları olmaqla humanitar yardımın göstərilməsini xahiş ediblər. Qeyd edək ki, erməni sakinlərinə sentyabrın 22-də ərzaq və gigiyenik ehtiyaclarla bağlı, 24-də isə yanacaq yardımı göndərilib. Görüşdən sonra Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov xarici telekanala müsahibəsində bildirib ki, Xankəndi ilə Bakı arasında danışıqlar sülh müqaviləsinin bağlanmasına gətirib çıxara bilər, lakin Yevlaxda bir görüşdə bütün problemlərin həllini gözləmək çətindir. Sentyabrın 25-də Xocalıda baş tutan növbəti toplantıda da erməni sakinlərinin rifahı üçün addımlar atılıb.
Azərbaycanın lokal xarakterli antiterror tədbirləri müsbət nəticələr verib. Ermənistan siyasi dairələrinin iddialarına əsasən, guya bölgədə mülki əhali və infrastruktura ziyan dəyib. Lakin oktyabrın 1-də bölgəyə səfər edən BMT missiyası yekun bəyanat yayıb. Qeyd edilib ki, Qarabağ bölgəsində 50-1000 nəfər arasında etnik erməni qalıb və mülki ictimai infrastruktura, o cümlədən xəstəxanalara, məktəblərə və yaşayış binalarına, mədəni və dini strukturlara heç bir ziyan qeydə alınmayıb.
Missiyaya BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva rəhbərlik edib. Burada, həmçinin BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin Koordinasiya şöbəsinin direktoru Rameş Rajasingham, eləcə də Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, BMT-nin Qaçqınlar üzrə Agentliyi, UNICEF və Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri, habelə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi, BMT-nin Rezident Əlaqələndirici Ofisi və BMT Təhlükəsizlik Departamentindən texniki qrup olub. Xankəndiyə səfər edən komanda burada yerli əhali və müvafiq tərəflərlə görüş keçirib, səhiyyə və təhsil müəssisələrinin vəziyyəti ilə yaxından tanış olub.
Missiya Azərbaycan Respublikası Hökumətinin şəhərdə səhiyyə xidmətlərinin və bəzi kommunal xidmətlərin bərpasına hazırlaşdığını qeydə alıb. Bununla yanaşı, şəhərin bəzi yerlərində onlar mülki ictimai infrastrukturda, o cümlədən xəstəxanalarda, məktəblərdə və yaşayış binalarında, mədəni və dini strukturlarda heç bir ziyan qeydə almayıblar. Azərbaycan mərkəzi hökuməti avtomobili olmayan erməni sakinlərinin kömək istəməsindən sonra Xankəndiyə avtobuslar göndərib. Lakin insanlar avtobuslara minməyə məcbur edilmir. Azərbaycan tərəfi mülki insanların təhlükəsiz şəkildə seçdikləri istiqamətə gedə bilmələri üçün əlindən gələni edir. Dövlətimizin hər bir sözü qanundur. Məhz buna sübut kimi, missiya yaydığı bəyanatda da bildirib ki, Ermənistana gedən onlarla sərnişini daşımaq üçün gələn avtobusların şahidi olub. Qarabağda sonuncu dəfə təxminən 30 il əvvəl olan BMT missiyası Azərbaycan tərəfindən bərpa edilmiş ərazilərin bir hissəsi olan Ağdamdan keçərkən dağıntı və minalardan təmizləmə ehtiyaclarını, habelə hökumət tərəfindən aparılan yenidənqurma işlərini müşahidə edib. BMT-nin Azərbaycandakı nümayəndəliyi regiona müntəzəm səfərlərini davam etdirməyi planlaşdırdıqlarını açıqlayıb. Növbəti səfər çox gecikməyib. Oktyabrın 9-da səhər saatlarında Ağdam-Əsgəran-Xankəndi istiqamətində hərəkət edib. Missiyanın məqsədi vəziyyətlə yerində tanış olmaq və sakinlərin humanitar ehtiyaclarını müəyyən etməkdir.
Töhfə SƏMƏDOVA,
"Respublika".