Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi hədəfimizdir.
İqtisadiyyat

Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi hədəfimizdir.

"Hökumətin siyasətinə gəldikdə, bizim əsas dövlət xərclərimiz azad edilmiş Qarabağa və Şərqi Zəngəzura yönləndiriləcək. Birincisi, ona görə ki, biz keçmiş məcburi köçkünləri mümkün qədər tez yerləşdirməliyik. 2026-cı ilin sonunadək biz 140 min insanı yerləşdirməyi planlaşdırırıq. Bunun üçün isə biz infrastruktura, yaşayış yerlərinin inşasına və sosial infrastruktura böyük vəsait yatırmalıyıq. Bununla yanaşı, 30 il işğal altında olmuş bu ərazilərin kənd təsərrüfatı, hidroelektrik enerjisi, günəş və külək enerjisi, turizm kimi sahələrdə böyük potensialı var. Bu, dövlət investisiya proqramının əsas sahəsi olacaq". Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 23-də "Euronews" televiziyasına müsahibəsində bu fikirləri bildirib.

İkinci Qarabağ müharibəsində azad olunmuş əraziləri qısa müddət ərzində yenidən qurmaq, vaxtilə məcburi köçkün düşmüş soydaşlarımızı yurd yerlərinə qaytarmaq və onların rahat həyat şəraitini təmin etmək dövlətimizin daxili siyasətinin əsas istiqamətini təşkil edir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dirçəlməsi, əhalinin dayanıqlı məskunlaşması və davamlı iqtisadi aktivliyinin təmin olunması istiqamətində genişmiqyaslı layihələr reallaşdırılır, bölgənin dinamik inkişafı üçün mühüm işlər görülür.

Postmüharibə dövründə 2022-2030-cu illəri əhatə edən inkişaf strategiyasına uyğun olaraq ölkəmiz yeni mərhələyə qədəm qoyub. İldən-ilə iqtisadi dayanıqlılığını artıran dövlətimiz vətəndaşların rifah halının yaxşılaşdırılması, məşğulluğun gücləndirilməsi məqsədilə "Azərbaycan-2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" təsdiq etmiş və "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" hazırlanmışdır. İşğaldan azad olunmuş ərazilərdə müasir standartlara uyğun yenidənqurma işlərinin aparılması, Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialından səmərəli şəkildə istifadə olunması, regional nəqliyyat-kommunikasiya layihələrinin reallaşdırılması qarşıda dayanan mühüm vəzifələrdir. Böyük neft-qaz ehtiyatlarına sahib olan, xam neft, təbii qaz, neft məhsulları, elektrik enerjisi ilə daxili tələbatını ödəyən, eyni zamanda bu məhsulları həm də dünya bazarına çıxaran ölkəmizdə alternativ enerji mənbələrinin yaradılması vacib məsələdir. Ölkə başçısı İlham Əliyevin "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində "yaşıl enerji" zonasının yaradılması ilə bağlı tədbirlər haqqında" Sərəncamına uyğun olaraq respublikamızın bütün bölgələrində, əsasən də işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı tədbirlər həyata keçirilir, 10 min kvadratkilometr ərazi "yaşıl enerji" zonası elan edilib.

2030-cu ilə qədər bərpaolunan enerji mənbələri hesabına 1500 meqavat əlavə güc yaratmaqla elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerji payının 30 faizə çatdırılması nəzərdə tutulur. Qeyd edək ki, "yaşıl enerji" zonası elan edilən Qarabağ və Şərqi Zəngəzurun külək enerjisi potensialı təxminən 7200 meqavat, Günəş enerjisi potensial isə 2000 meqavatdan çoxdur. Səudiyyə Ərəbistanının "ACWA Power" və Birləşmiş Ərəb Əmirliyinin "Masdar" şirkətləri ilə 240 meqavat gücündə külək və 200 meqavat gücündə günəş enerjisi üzrə pilot layihələrlə bağlı icra müqavilələri imzalanmışdır. Bu il fevral ayının 3-də keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasında iştirak edən ölkə başçımız bərpaolunan enerji ilə bağlı planlardan bəhs edərək bu istiqamətdə üç əsas enerji şirkəti arasında memorandum imzalandığını bildirmiş, ölkəmizdə həm quruda, həm də dənizdə 25 qiqavat bərpaolunan günəş və külək enerjisi istehsal ediləcəyini və bu həcmin 10 qiqavatın Masdar şirkəti, 12 qiqavatın Fortescue şirkəti tərəfindən istehsal olunacağını vurğulamışdır. ACWA Power şirkətinin isə hazırda icra olunan razılaşmaya əlavə olaraq 2,5 qiqavat enerjinin istehsalı üzrə öhdəlik götürəcəyini diqqətə çatdırmışdır.

Respublikamızda turizmin regional, sahə və ərazi üzrə təkmilləşməsi, onun sosial-iqtisadi rolu və yeri, həm dövlət prioritetləri, həm də biznes maraqları baxımından müəyyən olunur. Azərbaycan Prezidentinin müvafiq fərmanları ilə təsdiq edilmiş regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramlarında ölkənin regionlarında turizmin inkişaf etdirilməsi məqsədilə mehmanxanaların, turizm sanatoriya-kurort mərkəzlərinin, mədəniyyət abidələrinin, iaşə müəssisələrinin tikintisi, bərpası, həmçinin regionlarda turizm fəaliyyətinin dəstəklənməsi əsaslı olaraq öz əksini tapmışdır. Bu kontekstdə işğaldan azad olunmuş ərazilərin turizm potensialı da böyükdür. Belə ki, Böyük Qayıdışın təmin edilməsi, erməni vandalları tərəfindən dağıdılmış şəhər və kəndlərimizdə bərpa, yenidənqurma və quruculuq işlərinin aparılması, həmin ərazilərin ölkə iqtisadiyyatına inteqrasiyası ilə yanaşı, həm də bu yerlərə turist axınını təmin edəcək. Qədim tarixi, zəngin mədəniyyəti, strateji əhəmiyyəti ilə yanaşı, həm də əsrarəngiz təbiəti, qeyri-adi gözəlliyi ilə seçilən qədim Şuşa hər zaman yerli və xarici turistlərin diqqətini cəlb edib. Qarabağın baş tacı olan Şuşanın əvvəlki görkəminin özünə qaytarılması istiqamətində görülən işlər qısa müddət ərzində onun şöhrətini dünyaya yayacaq. Ötən il iyun ayının 26-da yeraltı, yerüstü sərvətlərlə zəngin olan Kəlbəcərdə ölkə başçısı tərəfindən təməli qoyulan, 34 hektar ərazidə salınması nəzərdə tutulan "İstisu" istirahət-müalicə kompleksi gündəlik 300 nəfər qəbul etmək imkanına malik olacaq. Kompleksdə sağlamlıq-bərpa mərkəzi ilə yanaşı, 10 kottecin tikilməsi də planlaşdırılır. Rayona səfəri zamanı yeni su zavodunun təməlini qoyan Azərbaycan Prezidenti ölkəmizdə yenidən "İstisu" suyunun istehsal olunacağını və xarici ölkələrə də ixrac ediləcəyini bildirib.

İşğaldan azad olunmuş ərazilərdə infrastruktura, yeni yaşayış yerlərinin inşasına böyük həcmdə vəsaitin ayrılması, bu yerlərdə genişmiqyaslı yenidənqurma işlərinin aparılması, yeni mədəniyyət sarayları, idman arenaları, sanatoriyalar, təhsil və səhiyyə müsəssisələrinin yaradılması Azərbaycanın dilbər guşəsi olan Qarabağı dünyanın ən gözəl turizm bölgələrindən birinə çevirəcək. Gələn il dövlət xərclərinin önəmli hissəsinin düşmən işğalından azad edilmiş Qarabağa və Şərqi Zəngəzura yönləndirilməsi də bu məqsədə xidmət edir.

Mehparə ƏLİYEVA,

"Respublika".