Bəzi günlər var ki, insanın yaddaşında silinməz izlər buraxır. Nə qədər çalışsan da, unuda bilmirsən. Həmin faciəvi günlərdən biri də tarixin qanlı səhifələrinə yazılan 20 yanvardır. Sanki həmin gün Qiyamət günü idi. Ətraf od alıb yanır, insanlar təşviş içində ora-bura qaçır, qorunmaq üçün yer axtarırdı. Bir gecədə İlham Fərizəsiz, körpələr yetim qaldı. Düşmən Azərbaycan televiziyasının enerji blokunu partlatdı, respublika televiziya və radiosunun verilişləri tamamilə kəsildi. Faciə baş verən gündən isə digər kütləvi informasiya vasitələrinin fəaliyyəti dayandırıldı, vətəndaşlarımız informasiya almaq hüququndan məhrum qaldı. Həmin dönəmdə qəzetlər çap edilmədi, 20 Yanvar faciəsi barədə xalqa rəsmi məlumat çatdırılmadı. Buna baxmayaraq, yerli mətbu orqanlarımız bu qanlı faciəni dünya mediasına çatdırmaq üçün əlindən gələni etdi.
Bütün dünyaya səs salan bu hadisə bir çox xarici KİV-lərdə öz yerini aldı. Qanlı yanvara biganə qalanlarla yanaşı, ürəyi Azərbaycanla döyünənlər də çox idi. Türkiyə mətbuatı, Böyük Britaniyanın “The Times” qəzeti, “The Guardian” qəzeti, BBC kanalı, ABŞ-ın “Los Angeles Times”, “The New York Times”, “Washington Post”, “Kristian Sayens Monitor”, “Baltimor San” və digər ölkələrin media orqanları 20 Yanvar haqqında yazılar yayımlayırdı.
20 Yanvar faciəsi Türkiyə mətbuatında geniş şəkildə işıqlandırıldı. “Cümhuriyyət” qəzeti yazılarında ermənilərin işğalçılıq tarixinə nəzər salır, onların fransız və rusların dəstəyi ilə respublika yaratmaq istəklərindən bəhs edirdi. Ümumiyyətlə, “Cümhuriyyət” qəzetində çap olunan məqalələrdə azərbaycanlılara qarşı yalan xəbərlərə etiraz bildirildi. Bu məqsədlə, Qanlı 20 Yanvardan sonra Ulu Öndər Heydər Əliyevin Qorbaçovun böhtan dolu çıxışlarına qarşı Moskvada mətbuat konfransında etirazı “Cümhuriyyət” qəzetinin 22 yanvar 1990-cı il sayında “Bakü’de dev protesto gösterisi” xəbərində öz əksini tapmışdı: “Azərbaycan Kommunist partiyası ümumi katibliyini 14 il aparan şəxs kimi Azərbaycan xalqını yaxşı tanıyıram. Qorbaçovun iddia etdiyi kimi Azərbaycanda İranla birləşmək məqsədli İslam radikalizmi axını qətiyyən yoxdur. Azərbaycanda dini radikalizmdən söz gedə bilməz”.
Elə hadisə baş verən gün, yanvarın 20-də “The Guardian” qəzeti “Bakı küçələri uğrunda savaş” başlığı ilə xəbər dərc etdi. Yazılar qəzetin bir neçə nömrəsində ilk səhifədə geniş yer alırdı. Orada yazılırdı ki, sakinlər üç gecədir ki, Bakıdakı Kommunist Partiyasının qərargahı önündə toplaşaraq rəhbərliyin istefası və Sovet ordusunun ölkədən çıxarılması tələbi ilə mitinqlər keçirir. Sovet qoşunları isə buna görə Azərbaycan millətçilərinə qarşı hücuma keçib: “Sovet tankları bu səhər tezdən barrikadaları yararaq üsyankar Bakı şəhərinə daxil olub. Milli hərəkatın nümayəndələrinin bildirdiyinə görə, onlar müqavimət göstərən hər kəsə atəş açıblar. Onların bildirdiyinə görə çoxlu sayda yaralı və ölü var”.
Britaniya mətbuatı azərbaycanlı gənclərin cəsarətindən, öz haqq yollarından dönməzliyindən də yazıb. Bildirilib ki, gənc etirazçılar barrikadaları dağıtmağa cəhd göstərəcək tankın altına atılmağa da hazırdırlar.
Küçələrin cəsədlərlə dolu olmasına baxmayaraq, Sovet ordusu öz çirkin əməlindən əl çəkmirdi. Ətraf qan gölünə dönmüşdü. Britaniyanın “The Times”qəzeti bu mənzərəni təsvir edərək yazırdı: “Küçələrdə cəsədlər durduğu halda snayperlər atəş açır”.
Qəzetin 22 yanvar nömrəsində bir çox həqiqətlər olduğu kimi öz əksini tapmışdı. Burada yaşanan qanlı faciə beynəlxalq aləmə çatdırılırdı. “Gözü yaşlı Bakı izdihamı Sovet qoşunlarına qarşı müqavimət göstərir” başlıqlı yazıda bu məsələ açıqlığı ilə qeyd edilmişdi.
Həmin dəhşətli günün xarici medialarda əksini tapmasının böyük əhəmiyyəti var. Burada yer alan məlumatlar tarixi faktlardır. 20 Yanvar tariximizin unudulmaz səhifəsidir.
Töhfə SƏMƏDOVA,
“Respublika”.