Qalib sərkərdə – müzəffər ordu
Siyasət

Qalib sərkərdə – müzəffər ordu

2003-cü ildə ulu öndərimizin siyasi varisi, layiqli davamçısı İlham Əliyevin xalqımızın yekdil səsi ilə ölkə Prezidenti seçilməsi dövlətimizin tarixində yeni mərhələnin başlanğıcı oldu. Ümummilli lider Heydər Əliyevin möhkəm təməllər üzərində qurduğu dövlətçilik ənənələri daha da inkişaf etdirildi, şanlı qələbəmiz üçün zəmin yaratdı. İqtisadi yüksəliş səviyyəsinə görə inkişaf etmiş dövlətlərindən birinə çevrilən Azərbaycan ordu quruculuğunu ən yüksək səviyyədə apardı, Silahlı Qüvvələrimiz dünyanın ən müasir, qüdrətli orduları sırasına daxil oldu. 2016-cı ilin Aprel zəfəri, 2020-ci ilin Tovuz qələbəsi Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi ordunun qarşısında heç bir gücün dayana bilməyəcəyini bütün dünyaya bəyan etdi.

2020-ci il sentyabr ayının 27-də bədnam qonşularımız növbəti dəfə hərbi təxribat törədərək ölkəmizin ərazilərinə hücuma keçdilər. Amma siyasi və hərbi gücünü, daha doğrusu, gücsüzlüyünü və rəzilliyini düzgün hesablaya bilməyən terrorçu, faşist xislətli Ermənistan dövləti və Paşinyan hakimiyyəti bu dəfə biabırçı məğlubiyyətə uğradı. Müzəffər Ordumuzun güclü əks-hücum əməliyyatı ilə başlayan müqəddəs Vətən savaşımız böyük qələbə ilə nəticələndi. İkinci Qarabağ müharibəsinin ilk anlarından Zəfər müjdəli Ali Baş Komandanımızın verdiyi müdrik və cəsarətli qərarlar bütün dünyaya örnək olan xalq-iqtidar birliyi, qardaş və dost ölkələrin siyasi və mənəvi dəstəyi, ən başlıcası isə komandanlığın əmrlərini ən yüksək səviyyədə yerinə yetirən zabit və əsgərlərimizin rəşadəti hesabına işğal altında olan torpaqlarımız azad olundu, dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyümüz bərpa edildi. Savaşın ilk anlarından strateji Murov zirvəsində, Füzulidə, Cəbrayılda sonrakı günlərdə Suqovuşanda, Hadrutda, Zəngilanda, Qubadlıda üçrəngli şanlı bayrağımız ucaldıldı. Noyabr ayının 9-da Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününü qeyd etməyə hazırlaşdığımız bir məqamda isə Müzəffər Ali Baş Komandanımız İlham Əliyev Qarabağımızın tacı olan Şuşa şəhərinin işğaldan azad olunması müjdəsini xalqımıza çatdırmaqla şanlı tariximizin ən şərəfli, ən qürurlu səhifələrindən birini yazdı.

 Vətən savaşının başladığı ilk gündən cəsarətli, prinsipial və ardıcıl mövqeyini ortaya qoyan möhtərəm Prezidentimiz "Şuşasız bizim işimiz yarımçıq qalar", - söyləmişdi və verdiyi bütün vədlər kimi, bu sözünə də ən qısa müddətdə əməl etdi. Bununla da xalqımızın qəlbindən Şuşa ağrısı, nisgili əbədi olaraq silindi. Ali Baş Komandanımızın fəxarət və qürur hissilə səsləndirdiyi "Əziz Şuşa! sən bizimsən, sən azadsan, biz qayıtmışıq, biz səni dirçəldəcəyik!" - sözləri bu gün xalqımız üçün Şuşa dağlarında səslənən Koroğlu nərəsi qədər möhtəşəmdir. Şuşanın özü qədər müqəddəsdir. Şuşa qalasının fəthindən cəmi bircə gün sonra Ali Baş Komandanımızın 72 yaşayış məntəqəsi və 8 strateji yüksəkliyin azad olunması xəbərini verməsi ilə düşmənin beli tamamilə sındı, olmayan ruhu yerlə-yeksan edildi. Cəmi bir neçə saat sonra düşmən yalvara-yalvara, sızıldaya-sızıldaya, diz çökərək kapitulyasiyadan, ağ bayraq qaldıraraq təslim olmaqdan başqa yol tapmadı. Müqəddəs şəhərimiz Şuşada rəqs edən təlxək Nikol Paşinyan o qədər rəzil vəziyyətə düşdü ki, kapitulyasiya sənədini kabinetində deyil, gizli sığınacaqda imzalamaq məcburiyyətində qaldı. Bununla düşmən ölkəsinin ağır bir tale yaşamağa məhkum olduğunu hər kəsə nümayiş etdirdi. Əslində, rəzil düşmənin bu cür biabırçı duruma düşəcəyini Vətən savaşının ilk günlərindən Ali Baş Komandanımız əminliklə söyləmişdi. Ermənistanın xunta rejimi savaşın sürdüyü 44 gündə ordusunu, hərbi infrastrukturunu, çökmüş iqtisadiyyatını tamamilə məhv etdi. Terrorçu dövlət sonu görünməyən fəlakətə sürükləndi. Azərbaycan dövləti isə Vətən müharibəsində uzun illər dünya ölkələri və beynəlxalq təşkilatlar tərəfindən aparılan mənasız sülh danışıqları prosesinə son qoydu, tarixi ədaləti özü bərpa etdi. 27 il kağız üzərində qalmış BMT qətnamələri döyüş meydanında reallaşdırıldı. Dövlətimiz, müzəffər ordumuz bütün dünyaya bəyan etdi ki, o, qarşı tərəfdən fərqli olaraq yalnız işğalçı qüvvələrlə döyüşür, legitim hərbi obyektləri məhv edir, mülki əhali və infrastruktur onun hədəfi deyil.

30 ilə yaxın dövr ərzində təpədən-dırnağa kimi silahlanmış, yeraltı istehkamlar qurmuş düşmən üzərində qələbə bütün dünyaya milli həmrəyliyimizi nümayiş etdirdi, inandırdı ki, milli məsələlərdə, torpaqlarımızın azadlığı uğrunda bir yumruq kimi birləşə bilərik. Bu tarixi qələbənin mənbəyi xalqımızın həmrəyliyi, cənab Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşən vətəndaşlarımızın inamı və Azərbaycan orudusunun məğlubedilməzliyi, qətiyyəti oldu.

2020-ci il oktyabrın 4-də Cəbrayıl, 17-də Füzuli, 20-də Zəngilan, 25-də Qubadlı, noyabrın 8-də Şuşa təxminən üç onillikdən sonra düşmən əsarətindən qurtardı, noyabrın 10-da Ermənistan kapitulyasiya sənədini imzalamağa məcbur oldu, noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları Azərbaycanın yurisdiksiyasına qaytarıldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığımız qələbələr ümummilli liderin dediyi "Gün gələcək, Azərbaycan dünyaya günəş kimi doğacaq" sözlərini gerçəkləşdirdi.

Son dövrlər erməni vandalları Qarabağ ərazisində təxribatlar törətməkdə davam edirdilər. Ən nəhayət, ermənilərə qarşı lokal xarakterli antiterror tədbirləri keçirildi. Cəmi 23 saat ərzində terror qruplaşmaları və onların yaratdıqları istehkamlar Azərbaycan Ordusu tərəfindən darmadağın edildi, ermənilər ağ bayraq qaldıraraq təslim oldular, qısa vaxtda terrorçuların dəstəsi axın-axın Azərbaycan ərazilərini tərk etdilər, Xankəndidə uydurma postlarda vəzifə tutan şəxslərin əksəriyyəti tutularaq, qolları qandallandı. Bu cinayətkarlar, terrorçular layiqli cəzalarını alacaq, haqq-ədalət öz sözünü deyəcəkdir.

Suverenliyimizin bərpası, Ağdərə, Xankəndi, Xocalı, Xocavənd, Əsgəranda dövlət bayrağımızın ucaldılması Azərbaycanın ikiəsrlik tarixində əldə etdiyi növbəti böyük qələbədir. Bu gün hər bir Azərbaycan vətəndaşı bu qələbəyə görə Ali Baş Komandanımıza sonsuz minnətdarlığını bildirir.

Oktyabrın 15-də Prezident İlham Əliyevin Xankəndidə çıxışı həyat, mülahizə və uğur fəlsəfəsini bütün dolğunluğu ilə nümayiş etdirdi. Ölkə başçısı çıxışında dedi: "Bu qələbə bizim tariximizdə əbədi olacaq. Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəkdir".

Raul ŞAHVERDİYEV,

Sumqayıt hərbi prokuroru,

ədliyyə polkovnik-leytenantı.