Qalib ölkənin vətəndaşları
Digər xəbərlər

Qalib ölkənin vətəndaşları

Ulu öndər Heydər Əliyev hər zaman gəncləri Azərbaycanın gələcəyi adlandırıb, gənclər siyasətinin ayrı-ayrı istiqamətləri üzrə müvafiq sənədlər imzalayaraq bu işləri daim diqqət mərkəzində saxlayıb. 1993-cü ildə Azərbaycanda yaranan mürəkkəb siyasi vəziyyətlə bağlı xalqın təkidli tələbi ilə iyunun 15-də Bakı şəhərinə gələn Ulu Öndər yaranmış böhran vəziyyətindən çıxmaq üçün böyük əmək sərf etdi. Belə çətin və ağır günlərdə o, gənclərin yanında oldu, prezident seçkisi ərəfəsində Ali Sovetdə ölkə gənclərinin nümayəndələri ilə görüşdü.

Ulu öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə ayrı-ayrı dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədilə Gənclər və İdman Nazirliyi yaradıldı. Yeni nazirlik gənclərlə iş sahəsində vahid dövlət siyasətinin reallaşdırılmasını təmin edən qurum oldu və artıq 30 ildir ki, bu missiyanı uğurla həyata keçirir.

1997-ci il fevralın 2-də Ulu Öndərin imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edildi. Həmin vaxtdan etibarən MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb. Qısa müddət ərzində "Dövlət gənclər siyasəti haqqında" Qanun və gənclərin təhsili, hərtərəfli inkişafı ilə bağlı çoxsaylı fərman və sərəncamlar, Dövlət proqramları imzalanıb. 2007-ci il "Gənclər İli" elan edilib, respublikanın şəhər və rayonlarında "Gənclər evi"nin yaradılması prosesi başlanıb. 2011-ci il 19 dekabr tarixində Gənclər Fondunun yaradılması barədə Sərəncam imzalanıb. Bir sözlə, gənclər dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə edilib.

Azərbaycan gəncliyi Gənclər Gününü qürurla qeyd edir. 44 günlük müharibə bir qəhrəmanlıq dastanıdır. Şuşanı ağlasığmaz əməliyyatla azad edən ordumuzun əsgər və zabitlərinin mütləq əksəriyyəti gənclərdir. Bir zamanlar uşaq kimi ana qucağında Qarabağdan çıxanlar tank üstündə qəhrəman kimi ata-baba torpaqlarına daxil oldular.

2023-cü il sentyabrın 19-da şanlı ordumuzun Qarabağ bölgəsində həyata keçirdiyi və cəmi bir gün davam edən lokal antiterror tədbirlərindən sonra düşmən ağ bayraq qaldıraraq təslim oldu, ordumuzun hissələri vaxtilə işğal edilən kənd və yaşayış məntəqələrinə tam nəzarəti ələ aldı. Oktyabrın 15-də Xankəndidə, Xocalıda, Ağdərədə, Əsgəranda və Xocavənddə Azərbaycanın Dövlət Bayrağı ucaldıldı. Əzəli düşmən üzərindəki şanlı qələbədə əsas nöqtə isə noyabrın 8-də Xankəndi şəhərində keçirilən hərbi parad oldu.

Əlbəttə, qələbələr qurbansız olmur. Şəhidlərimizin ruhları qarşısında baş əyirəm. Onların əziz xatirələri qədirbilən xalqımızın qan yaddaşında əbədi həkk olunacaq.

Bu gün cəmiyyətimizin böyük hissəsini təşkil edən gənclər ölkəmizin həyatında çox önəmli rol oynayır. Azərbaycan gəncləri azad ölkədə yaşayırlar. Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır.

Azərbaycan gənci haqlı olaraq fəxr edir ki, bu ölkənin vətəndaşıdır. Vətənə bağlılıq, Vətənə sevgi, Vətən, dövlət maraqlarını hər şeydən üstün tutmaq hər bir gəncin borcudur. Bu gün dövlət gənclər siyasətinin prioritet istiqamətlərindən biri istedadlı gənclərə dövlət qayğısıdır. Bu sahədə yaradıcı və istedadlı gənclərin aşkar edilməsi, onların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi üçün əlverişli mühitin formalaşdırılması, eləcə də gənclərin asudə vaxtının səmərəli təşkil edilməsi üçün kompleks tədbirlər həyata keçirilir.

İsrafil KƏRİMOV,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü.