Mərkəzi Seçki Komissiyasının 9 yanvar tarixli növbəti iclası keçirilib. Komissiya ilkin olaraq, 6 yanvar 2024-cü il tarixli iclas protokollarını təsdiq edib.
"Respublika" xəbər verir ki, MSK-nın bu gün keçirilən iclasında 4 nəfərin prezidentliyə namizədliyinin qeydə alınması müzakirə edilib. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Qüdrət Müzəffər oğlu Həsənquliyev, Böyük Qurtuluş Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Fazil Qəzənfər oğlu Mustafa, Böyük Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Elşad Nəbi oğlu Musayev və öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Fuad Ağasi oğlu Əliyevin namizədlikləri qeydə alınıb.
Bununla da prezidentliyə namizədliyi qeydə alınanların sayı 7-yə çatıb.
Xatırladaq ki, Mərkəzi Seçki Komissiyası dekabrın 19-da hakim Yeni Azərbaycan Partiyası tərəfindən İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib. MSK-nın dekabrın 30-da keçirilən iclasında isə İlham Əliyevin prezidentliyə namizədliyi qeydə alınıb. Dekabrın 30-da öz təşəbbüsü ilə Zahid Orucun, 31-də isə Milli Cəbhə Partiyası tərəfindən Razi Nurullayevin prezidentliyə namizədliklərinin irəli sürülməsi təsdiqlənib. Yanvarın 6-da isə hər iki şəxsin namizədliyi qeydə alınıb.
MSK-nın növbəti iclasında həmçinin ölkə hüdudlarından kənarda səs verən seçicilərin seçici siyahısına salınması məqsədilə müvafiq seçki dairələrinin siyahısının təsdiq edilməsi və digər cari məsələlər ətrafında müzakirə aparılır.