Postmüharibə hədəfimiz
Digər xəbərlər

Postmüharibə hədəfimiz

Ötən il ölkəmizin həyatında bir sıra siyasi, iqtisadi islahatlarla yanaşı, həm də tarixi torpaqlarımız olan Qərbi Azərbaycana qayıdış məsələsinin dövlət səviyyəsində qətiyyətli şəkildə gündəmə gəlməsi ilə yadda qaldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev real tarixi hadisələrə və ilk mənbələrə əsaslanaraq dəfələrlə bütün dünyaya birmənalı şəkildə və qətiyyətlə bəyan etdi ki, 1828-ci ildən 1988-ci ilə kimi Qərbi Azərbaycandakı soydaşlarımız qırğınlara, sürgünlərə, köçürülmələrə məruz qalaraq ata-baba yurdları uğrunda mübarizə aparıblar.

1988-ci ildə erməni millətçiləri sovet hökumətinin, xüsusilə Mixail Qorbaçovun dəstəyi ilə Qərbi azərbaycanlıları İrəvandan, Zəngəzurdan, Göyçə mahalından, Amasiyadan, Dərələyəzdən, Zəngibasardan və digər azərbaycanlılara məxsus olan ərazilərdən son nəfərə qədər çıxarmışlar. Onlar hələ də yurd həsrəti ilə yaşayırlar. Bu səbəbdən də Azərbaycan dövləti Vətən müharibəsindəki tarixi qələbəmizdən sonra Qərbi Azərbaycandakı qədim Oğuz ellərinə qayıdışı hədəfləyir.

Hazırda Azərbaycanın əsas diqqəti indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz şəkildə geri qayıtma hüququnun təmin edilməsi, eləcə də qayıdışdan sonra onların fərdi və kollektiv hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının, mədəni-tarixi irsinin bərpası və qorunması məsələlərini əhatə edən Qayıdış Konsepsiyasına yönəlmişdir. Bu layihə ilə bağlı mühüm işlər görülür, azərbaycanlı rəsmilər ən ali kürsülərdə sözügedən sənədə istinad edirlər.

Görünən odur ki, həyata keçirilən işlər də öz bəhrəsini verir. Belə ki, Birləşmiş Millətlər Təşkilatının katibliyi Qərbi Azərbaycan İcmasının Qayıdış Konsepsiyasını BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının, İqtisadi və Sosial Şurasının rəsmi sənədi kimi yayıb. Konsepsiya adıçəkilən orqanların gündəliyinin silahlı münaqişələrin qarşısının alınması, sülh quruculuğu, qaçqınların hüquqlarının qorunması, irqi ayrı-seçkiliyin aradan qaldırılması, insan hüquqlarının təşviq olunması, soyqırımının, etnik təmizləmənin və insanlığa qarşı cinayətlərin qarşısının alınmasına dair bəndləri altında yayılıb.

Qayıdış Konsepsiyasının beynəlxalq orqanların gündəliyində yer alması isə sözsüz ki, böyük uğur kimi qiymətləndirilməlidir. Bu hadisə başlıca olaraq Qərbi azərbaycanlıların sülh yolu ilə öz doğma torpaqlarına qayıtmalarına xidmət edir. Çünki sənədin BMT-nin ən mötəbər orqanlarının gündəliyinin məhz qeyd edilən bəndləri ilə əlaqələndirilməsi azərbaycanlıların doğma yurdlarına qayıtmasının təməl insan hüquqlarının qorunması, beynəlxalq sülhün, təhlükəsizliyin və əməkdaşlığın bərqərar olması üçün zəruri olmasının beynəlxalq müstəvidə təsdiqidir.

Azərbaycan ordusunun Qarabağın 30 il davam edən işğalına son qoyması, qarabağlıların yurd-yuvalarına qaytarılması Qərbi azərbaycanlıların da eyni uğurlu sonu yaşayacağının təminatıdır. Prezident İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə dediyi kimi: "Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar".

Jalə QASIMZADƏ,

"Respublika".