Polad Həşimov: dastan yazan general
Tarix

Polad Həşimov: dastan yazan general

Şanlı tarixə sahib olan xalqımız öz azadlıq və istiqlaliyyəti uğrunda əsrlər boyu mübarizə aparıb, qəhrəman övladlarımız Vətən yolunda şəhid olaraq əbədiyyətə qovuşublar. 2020-ci ilin 14 iyul tarixində Tovuz istiqamətində gedən ağır döyüşlərdə şəhid olan Azərbaycan ordusunun general-mayoru Polad Həşimov da xalqımızın qəhrəmanlıq dastanını yazan mərd, cəsur övladlarından biridir.

1975-ci il yanvarın 2-də Qəbələ rayonunun Vəndam kəndində dünyaya göz açan qəhrəman sonradan ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüb. Orta təhsilini müvəffəqiyyətlə başa vurduqdan sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirib və peşəkar hərbçi sənətinə yiyələnib.

2020-ci il iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri günorta saatlarından başlayaraq Azərbaycan–Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Dövlət Sərhəd Xidmətinin mövqelərini artilleriya qurğularından atəşə tutub. Ordumuzun cavab tədbirləri nəticəsində Ermənistan tərəfinin hücum cəhdinin qarşısı alınıb. Şiddətli döyüşlərin ilk saatlarında Azərbaycan Ordusunun 3 hərbi qulluqçusu şəhid olub, 4 nəfər yaralanıb. Polad Həşimovun iştirak etdiyi döyüşlərdə Azərbaycan Silahlı Qüvvələri bölmələrinin atəşi nəticəsində Ermənistan Ordusunun dayaq məntəqəsi, artilleriya qurğuları və canlı qüvvəsi darmadağın edilib. İyulun 13-də Ermənistan silahlı qüvvələrinin atəş mövqeləri, 20 nəfərdən çox şəxsi heyət, tabor qərargahı və digər hərbi hədəflər Azərbaycan Ordusunun dəqiq atəşi ilə məhv edilib.

İyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Tovuz rayonu istiqamətində şiddətli döyüşlər davam edib. Ermənistan silahlı qüvvələrinin hücumunun qarşısının alınması üçün görülən cavab tədbirləri nəticəsində düşmənə məxsus müxtəlif təyinatlı hərbi nəqliyyat və döyüş vasitələri, müdafiənin dərinliyində yerləşən ehtiyatlar və canlı qüvvə məhv edilib. İyulun 14-də ağır döyüşlərdə Polad Həşimov şəhadətə ucalıb. General-mayorun nəşi əvvəlcə Qəbələ rayonunun Vəndam qəsəbəsinə, sonra isə yaşadığı Sumqayıt şəhərinə gətirilib. Azərbaycanın qəhrəman oğlu iyulun 15-də II Fəxri Xiyabanda dəfn olunub.

Hadisədən sonra Prezident İlham Əliyev döyüş zamanı müdafiənin ön xəttində qəhrəmancasına şəhid olmuş general-mayorun anası Səmayə Həşimovaya zəng edərək ailə üzvlərinə dərin hüznlə başsağlığı verib. Həmin il dekabrın 9-da Prezident İlham Əliyevin sərəncamı ilə Polad Həşimova Azərbaycan Respublikasının Milli Qəhrəmanı adı verilib.

Qeyd edək ki, 2003-cü ildə Polad Həşimov Prezident Heydər Əliyevin sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib. 2009-cu ildə isə dövlət başçısı İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda” medalına layiq görülüb. 2014-cü il iyunun 25-də III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunan Polad Həşimov 2016-cı il Aprel döyüşlərində göstərdiyi şücaətə görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə mükafatlandırılıb. 2016-cı ilin 2-4 aprelində Talış qəsəbəsi uğrunda gedən döyüşlərdə Polad Həşimov 1-ci Ordu Korpusunun Qərargah rəisi təyin olub. 2019-cu il iyunun 25-də ona ali hərbi rütbəsi verilib. Daha sonra Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun Qərargah rəisi təyin olunub.

Qəbələ şəhərində Şəhidlər xiyabanının yerləşdiyi küçəyə Polad Həşimovun adı verilib.Türkiyənin Bursa şəhərinin Osmanqazi rayonunun Dəmirtaş bölgəsində Polad Həşimovun adına park salınıb.

Nəzrin ELDARQIZI,

“Respublika”.