Bir müddət əvvəl Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan, Şərqi Avropa, Yaxın Şərq və Mərkəzi Asiyanın bir sıra ölkələrində müxtəlif əməliyyatlara cəlb edilmiş Fransa xüsusi xidmət orqanlarının geniş agentura şəbəkəsi Azərbaycanda ifşa olunub.
Onlar Fransa səfirliyi daxili rezidenturasının Azərbaycan ərazisində əslində Fransanın "tərəfdaşı" kimi bilinən ölkələrin nümayəndələrinə qarşı arxayın kəşfiyyat əməllərinə görə diqqət çəkiblər. Hadisələrdən sonra Makron Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) rəisi Bernar Emyeni vəzifədən azad edib.
Bakıda həbs olunan casus Martin Rayan ətrafında qalmaqal yeni detallarla hələ də Fransa gündəmində qalmaqdadır. Fransanın nüfuzlu mətbuat orqanları Martin Rayanın casusluq məqsədi üçün istifadə edilməsini və buna görə məsuliyyət daşımalı olanları davamlı tənqid edir. Martin Rayanın atası Riçard Rayan "Agence France-Presse" (AFP) agentliyinə açıqlamasında qeyd etmişdi ki, oğlu ölkəsi tərəfindən istifadə edilib. Kernews.com mətbuat-radio şəbəkəsi Martin Rayanın valideynlərindən geniş məlumat almış erməniəsilli aktivist-jurnalist Leo Nikolianın müsahibəsini yayımlayıb. Müsahibədə bir çox detallar açıqlanıb. Bunlara Fransa xarici kəşfiyyat qurumunun rəhbərinin işindən kənarlaşdırılması, Fransa xarici işlər nazirinin istefası və istefadan əvvəl Martin Rayanla bağlı atdığı addım da daxildir. Martin Rayan kimdir? Nə üçün bu qədər gündəmdədir? Necə oldu ki, iki naziri vəzifədən azad olunmaya qədər gətirdi?
Həftəlik "Paris Match" qəzetində Martin Rayanın atasından sitat gətirilib: "Onunla danışarkən o, mənə dedi ki, ondan "piyada" kimi istifadə ediblər". Müsahibədə qeyd edilir ki, Martin əslində sadə biznesmen olub. Düşünüb ki, hara gedim? Nə üçünsə Azərbaycanı seçib. Təbii ki, ölkəmiz turistlər üçün cəlbedici məkandır. Lakin uydurulan bu hekayə "uşaq başı aldatmaq" kimi görünür. Guya o, buraya məhsullar gətirir, biznesə başlayır. Çörəkpulu ardınca qaçan "məsum" casusumuz pul qazanır və bir qadınla nişanlanır. Daha sonra Fransa xüsusi xidmət orqanları Martin Rayanı ziyarətə gəlir və onu zorla onlara işləməyə məcbur edirlər. "Çörəkpulu ardınca qaçan" Martin imtina edir və deyir ki, mənə maraqlı deyil, mənim artıq işim var. Onu ailəsi və öz həyatı ilə təhdid edirlər. Bakıda bir çox restoran üçün qida məhsulları paylayan Martin Rayan bununla casusluq etməyə başlayıb. Qeyd olunur ki, bütün səfirliklər paytaxtdadır. İran restoranına diplomatlar və İran ictimaiyyəti, Amerika restoranına Amerika səfirliyinin əməkdaşları gəlir. Martinin müştəriləri olan restoran sahibləri onun xəbərçisi idilər.
Yazıda qeyd edilir ki, xarici işlər naziri Ketrin Kolonna Azərbaycandan bu Fransa vətəndaşının azad edilməsini xahiş edib, ancaq bu adamı öz nazirliyi və səfirliyi vasitəsilə tələyə salan da elə odur. Vəziyyətə görə məsuliyyət Fransa dövlətinin üzərinə düşür. Həqiqətən də bu hadisə kəşfiyyat tarixində yaşanılan ən böyük biabırçılıqlardan biridir. Təsəvvür edin ki, müsahibədə ölkədən ümid kəsildiyi açıq ifadə edilir. Qeyd edilir ki, yeganə ümid Azərbaycan hökumətinədir ki, onu əfv etsinlər. Fransanın vətəndaşlarına, vətəndaşların isə ölkəsinə olan sevgisi "göz yaşardır". Fransa vətəndaşını, balaca casusunu "piyada" kimi qurban verir. Digər tərəfdən, Martini təmizə çəkmək üçün ölkə satılır, gülməli açıqlamalar verilir. Martin Rayan Azərbaycanın xüsusi xidmət orqanlarının yüksək peşəkarlığı ilə nəzarət altına düşür, həbs edilir. Qeyd edək ki, o, ötən il dekabrın 4-dən istintaq təcridxanasındadır.
İkinci Qarabağ müharibəsindən sonra Yelisey sarayının anti-Azərbaycan siyasəti artıb və son aylarda özünü daha aydın şəkildə büruzə verir. Regionda Ermənistanın əli ilə nüfuz dairəsini genişləndirməyə çalışan Fransa hətta bu çirkin əməllərini reallaşdırmaq üçün İrəvana öz hərbi-siyasi dəstəyini də göstərir. Fransa Ermənistanla hərbi əməkdaşlıq barədə müqavilə imzalayıb, silah verib. Bütün bunların müdafiə xarakterli olduğunu bildirərək öz destruktiv fəaliyyətini davam etdirən Parisin Cənubi Qafqaz regionunda maraqlı olması hər kəsə məlumdur. Bu səbəbdən də bu faktların ortaya çıxması təəccüblü deyil. Fransanın buradakı əlaltılarının aşkara çıxarılması hüquq-mühafizə orqanlarımızın yüksək peşəkarlığının göstəricisidir. Öz maraqları üçün kimlərisə alət kimi istifadə etməyə adət etmiş Fransanın qurban verdiyi piyadası onlara heç nə qazandırmayıb. Çünki Azərbaycanın hüquq-mühafizə orqanlarının təcrübəsi nəticəsində Paris "mat" edilib. Onların zərərsizləşdirilməsi, Fransa hakimiyyətinin Azərbaycana qarşı çirkin siyasətinə, Fransa kəşfiyyatının imicinə böyük zərbə olub. Məkrli siyasət yürüdən, müxtəlif qurbanlarını kəşfiyyat üçün göndərən Paris uğursuzluğa məhkumdur.
Nurcan SÜLEYMANOVA,
"Respublika".