Dezinformasiyalar da Ermənistanın Azərbaycana qarşı apardığı total təcavüzkar siyasətinin heç vaxt dəyişməyən və zaman keçdikcə yeni formalar alan növüdür. Düşmən tərəfin dezinformasiyaları zaman ötdükcə yeni istiqamətlərdə üzə çıxır.
Ermənistan özü xislətində alçaqlıq olan dövlət olduğu halda, həmişə yalan və iftiralar yayır ki, guya Azərbaycan təcavüzkar ölkədir. Düşmən bununla Azərbaycanı regionda sülhə əngəl yaradan dövlət kimi tanıtmağa çalışır. Lakin bütün dünyaya məlumdur ki, Azərbaycan humanist və sülhpərvərdir. Bunun ən bariz nümunəsi torpaqlarımızın otuz illik işğalı dövründə dəfələrlə sülh çağırışları etməyimizdir. 30 il müddətində BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsinə əməl etməyən tərəf yenə də Ermənistan idi. Düşmən törətdiyi təxribatlarla Azərbaycanın səbir kasasını doldurdu və Ali Baş Komandan İlham Əliyevin dəmir iradəsi, Ordumuzun gücü və millətimizin əzmkarlığı ilə otuz ildən sonra torpaqlarımız işğaldan azad edildi.
İkinci Qarabağ savaşından sonra üçtərəfli Bəyanat imzalandı. Lakin Ermənistan Bəyanatdan irəli gələn öhdəliklərə əməl etmir və müxtəlif təxribatlara əl atır. Qeyd etmək lazımdır ki, müharibədən sonra ötən üç ildə Brüssel, Moskva, Praqa, Kişineu formatında diplomatik görüşlər keçirilib. Bu ilin may ayında keçirilən Brüssel görüşündə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Ermənistan Azərbaycanın 86 min 600 kvadratkilometr ərazi bütövlüyünü tanıyır. Bu isə o deməkdir ki, Ermənistan artıq Qarabağın tarixi, əzəli və əbədi Azərbaycan torpağı olduğunu qəbul edib. Paşinyan özünü sülhpərvər göyərçin kimi göstərməyə çalışsa da ölkə daxilindəki təzyiqlərə dözməyib bayquş kimi tək qaldığını anlayanda öz dediklərini təkzib etməyə başlayır. Bu isə onun təzyiqlərə tab gətirmədiyinin göstəricisidir. Siyasətə təsadüfən düşən Paşinyan ancaq manevr etməklə məşğuldur. Ölkə daxilində təzyiqlər gücləndikdə o, güzəştsiz bir siyasətçi obrazını formalaşdırmaq istəyir. Lakin onunla regionda sülh və təhlükəsizlik məsələləri müzakirə olunduğu məkanda isə göyərçin obrazında çıxış etməyə üstünlük verir. Brüssel görüşündən sonra mayın 24-də keçirilən Moskva toplantısında Ermənistanın baş naziri yenə də sərsəm çıxışlar səsləndirirdi. Belə ki, o, Azərbaycanın guya Ermənistana ərazi iddiası olduğunu bildirdi. Lakin Paşinyanın bu ittihamlarına Prezident İlham Əliyev irəli sürdüyü faktlarla tutarlı cavab verdi və bildirdi ki, Azərbaycanın heç bir ölkəyə ərazi iddiası yoxdur.
Onu da vurğulamaq lazımdır ki, Paşinyanın dezinformasiyalar yaymaqda əsas məqsədi məhz hakimiyyətini qoruyub saxlamaqdır. Qeyd etmək lazımdır ki, erməni lideri dezinformasiya siyasətini təkbaşına aparmır. Ermənistan 30 ildir ki, Azərbaycana qarşı təcavüzkar siyasəti müəyyən beynəlxalq dəstəklərlə həyata keçirirdi. Vətən müharibəsindən sonra da Ermənistan yaranmış reallıqlara müqavimət göstərərkən bəzi beynəlxalq təşkilatların və dövlətlərin müdafiəsinə sığındı. Paşinyan bu gün də dezinformasiya siyasətini məhz həmin beynəlxalq təşkilatların və qüvvələrin himayəsi, eyni zamanda dəstəyi fonunda həyata keçirir. Paşinyan yerli-yersiz "yazıq" obrazına bürünərək, Azərbaycanın ünvanına böhtanlar səsləndirir. Beləliklə, o, dünyanın diqqətini "fağır ermənilər"ə yönəltmək istəyir. Paşinyanın sərsəm çıxışlarının, dezinformasiyalarının kökündə də məhz bu, dayanır.
Nuranə DAXİLQIZI,
"Respublika".