Cavad Heyətin atası Mirzə Əli məşrutə inqilabının fərmanını Nəcəfdən Təbrizə, oradan da Tehrana aparan heyətə rəhbərlik etmiş, buna görə də ailənin soyadı "Heyət" adlandırılmışdır. Mirzə Əli Heyət Qacar şahzadələrinin müəllimi, eyni zamanda onların etimad göstərdiyi şəxslərdən olmuşdur. Lakin Pəhləvi hakimiyyəti dövründə Heyət nəslinə münasibət bir qədər dəyişmişdir. Cavad Heyətin atası Məşrutə inqilabının iştirakçısı olmaqla yanaşı, həm də İran ədliyyəsinin qurucularından idi. O, Şərqin Nəcəf, Qahirə və İstanbul kimi elm və təhsil mərkəzlərində təhsil almış, 30 il İran ədliyyəsində işləmiş, müəyyən dövrlərdə İranın Baş prokuroru seçilmiş, ədliyyə naziri vəzifəsində də çalışmışdır. Əli Heyət hələ I Dünya müharibəsi illərində (1918) osmanlılarla birlikdə "İttihadi-islam" adlı cəmiyyət qurmuş, İran tərəfindən cəmiyyətin rəhbəri kimi fəaliyyət göstərmişdir. Qeyd edək ki, bu cəmiyyət 1919-cu ildə naxçıvanlıları ermənilərin şiddətli basqınlarından xilas etməyə nail olmuşdur.
Mirzə Əli Heyətin 9 övladından biri olan Cavad Heyət 1946-cı ildə İstanbulda əmək fəaliyyətinə başlamış, 1949-cu ilədək burada cərrahlıq klinikasında çalışmışdır. Sonralar ixtisasını təkmilləşdirmək məqsədilə Paris Universitetinin cərrahlıq kafedrasında işə başlamışdır. 1952-ci ildə yüksək dərəcəli cərrah ixtisasına yiyələnən Cavad Heyət İrana qayıtmış, 1953-cü ildən etibarən isə Tehranda Hidayət və Ədliyyə xəstəxanalarında cərrahlıq klinikaları təsis etmişdir. İranda eksperimental cərrahiyyənin təməli də məhz Cavad Heyət tərəfindən qoyulmuşdur. Onun istedadlı cərrah kimi şöhrət qazanmasında 1954-cü ildən etibarən ürək üzərində apardığı əməliyyatların da müstəsna rolu olmuşdur. Belə ki, Cavad Heyət 1954-cü ildə qapalı ürək əməliyyatı, 1962-ci ildə isə İranda ilk dəfə açıq ürək cərrahiyyəsini müvəffəqiyyətlə həyata keçirmişdir. Bu uğurundan sonra o, həmçinin İranda ilk dəfə ürək qapaqlarını dəyişdirmə, heyvanlarda ürək dəyişdirmə, Tehranda isə ilk dəfə insanda böyrək dəyişdirmə əməliyyatını uğurla aparmışdır. Bu nailiyyətlərinə görə Cavad Heyət "Birinci Dərəcəli Əmək Ordeni" ilə təltif olunmuşdur.
C.Heyət, həm də təbabətə dair qiymətli araşdırmaların müəllifi kimi də tanınır. Tibb sahəsində müəllifi olduğu kitablar mütəxəssislər tərəfindən daim yüksək qiymətləndirilmişdir. Cavad Heyət müxtəlif beynəlxalq elmi konfranslarda dərinməzmunlu məruzələrlə çıxış etmiş, alimin 100-dən çox məqaləsi müxtəlif tibb jurnallarında işıq üzü görmüşdür.
Cavad Heyət bütün həyat və fəaliyyətini əsasən cərrahiyyə sahəsində araşdırmalara həsr etmiş, İranda nəzəri və eksperimental cərrahiyyənin əsasını qoymuşdur. Alim, həmçinin elmi-nəzəri və əməli uğurlarına görə 1983-cü ildə Paris Beynəlxalq Cərrahlıq Akademiyasının üzvü seçilmiş, Tehranda 8 ildən artıq Azad İslam Universitetinin cərrahiyyə kafedrasının rəhbəri vəzifəsində çalışmışdır. Cərrahlıqla bağlı fars dilində üçcildlik dərslik kitabının da müəllifi məhz Cavad Heyətdir.
Tibb sahəsindəki uğurları ilə nüfuz qazanan Cavad Heyət, həmçinin dostu doktor Həmid Nitqi ilə birlikdə İranda elmi türkologiyanın əsasını qoymuşdur.
Onun zəngin və çoxşaxəli fəaliyyətində Azərbaycan ədəbiyyatı tarixi, türk xalqlarının keçmişi, milli folklor və eləcə də islamşünaslığa dair tədqiqatların özünəməxsus yeri var. Müəllifi olduğu əsərlərdə Azərbaycan dilinin inkişaf mərhələləri, şifahi xalq ədəbiyyatı, ədəbiyyatşünaslıq, folklor, ədəbi tənqid, publisistika və fəlsəfə tarixinin ən müxtəlif məsələləri öz əksini tapmışdır. Alim bununla yanaşı, mədəniyyətin müxtəlif problemlərinin öyrənilməsi ilə bağlı ədəbi simpoziumlarda və türkoloji konfranslarda tarixi həqiqətlərə əsaslanaraq çıxış etmiş, çıxışları həmişə yüksək qiymətləndirilmişdir. İranda baş verən inqilab sonrası Cavad Heyət və doktor Həmid Nitqi Azərbaycan türkcəsinin elmi tarixi ilə məşğul olmuşlar. Cavad Heyət fars dilində çap etdirdiyi "Türk dilinin tarixi və ləhcələri" əsərini məhz İran dilçilik elminin və hakim ideologiyanın Azərbaycan dilinin özünəməxsus müstəqil və zəngin bir dil olmasını inkar etməsinə cavab olaraq qələmə almışdır. Bundan başqa, Cavad Heyət filologiya və türkologiya sahəsində