Ölməzliyə qovuşan qəhrəman...
Digər xəbərlər

Ölməzliyə qovuşan qəhrəman...

Lerik rayonunda dağların qoynuna sığınan, füsunkar təbiəti insanı heyran edən Ləkər kəndi torpağa bağlı, məqamında doğma yurduna, Vətəninə sipər durmağı bacaran, vətənpərvər oğulları ilə yaxşı ad qoyub. Bu, elin igid oğlu, kiçik gizir şəhid Təbriz Talıbov 44 günlük haqq savaşımızda, ağır müharibə meydanında bunu bir daha sübut etdi.

Vətən torpaqlarının azadlığı uğrunda son damla qanına qədər döyüşərək 26 yaşında adını şanlı zəfər tariximizə yazdı. Xalqına əbədi iftixar mənbəyinə çevrilən Təbriz Talıbov həm də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeninə, "Vətən uğrunda", Zəngilanın və Cəbrayılın azadlığına görə medallarına layiq görülüb.

Bu günlər Təbriz Talıbovun doğulub boya-başa çatdığı Ləkər kəndində ölümünün 3-cü ildönümü ilə əlaqədar anım mərasimi keçirildi. Rayon icra hakimiyyəti başçısı Əkbər Abbasov, digər rəhbər şəxslər ictimaiyyət nümayəndələri, kənd sakinləri və şəhidin ailə üzvləri onun məzarı önünə gül çiçək dəstələri düzərək, əziz xatirəsini ehtiramla yad etdilər.

Vətəninin hər daşını, qayasını özünə əziz bilən Təbriz 27 sentyabr 2020-ci ildə başlanan haqq savaşımızın ilk günlərində Çevik Hərəkət Bölüyünün tərkibində ön cəbhəyə yollanır. Onun döyüş yolu Cəbrayıl və Zəngilan rayonlarından keçir. Ölümün gözünə dik baxan igid döyüşçü Vətənə məhəbbətini hər dəfə yağılara vurduğu sarsıdıcı zərbələrlə göstərir. Neçə-neçə düşmən hədəflərini darmadağın edir. Zəngilanın ərazisində olan yüksəkliyin azad olunması uğrunda gedən ağır döyüşlərdə düşmən pusqusuna düşür. İki saat ərzində düşmənlə mətanətlə, şücaətlə vuruşaraq yoldaşlarının pusqudan çıxmasına şərait yaradan Təbriz qəhrəmancasına hər kəsə nəsib olmayan şəhidlik zirvəsinə ucalır, doğma Ləkər kənd qəbiristanlığında torpağa verilir.

Zəfər ORUCOĞLU.