Ölkəmizin uğurlu inkişaf strategiyasının müəllifi
Digər xəbərlər

Ölkəmizin uğurlu inkişaf strategiyasının müəllifi

1969-cu ildə Heydər Əliyev Azərbaycana rəhbər təyin olunandan sonra ölkədə yeni yüksəliş dövrü başladı. Respublikada mövcud olan neqativ hallar, idarəetmədə bürokratçılıq, korrupsiya və digər xoşagəlməz vəziyyətlərə son qoyuldu. Bütün sahələrə savadlı kadrların təyin olunmasına başlandı. Respublikada qabiliyyətli gənclərin irəli çəkilməsi, onların potensialından geniş istifadə olunması istiqamətində əməli işlər həyata keçirildi.

Eyni zamanda ali təhsil ocaqlarına tələbə qəbulunda şəffaflıq yarandı. Məhz ulu öndərin rəhbərliyi dövründə əvvəlki illərdən fərqli olaraq fəhlə və kəndlilərin övladlarının hüquq fakültəsinə və başqa nüfuzlu ali təhsil ocaqlarına qəbul olunmasına üstünlük verildi. Azərbaycan gənclərinin dünyanın bir sıra ölkələrində təhsil almaları təmin olundu.

Ulu öndərin rəhbərliyi dövründə Azərbaycan iqtisadiyyatı yüksələn xətlə inkişaf etdi. Respublikada bir sıra ittifaq əhəmiyyətli fabrik və zavodlar fəaliyyətə başladı. Qeyd etmək lazımdır ki, həmin zamanlarda Azərbaycan Sovetlər Birliyinin tərkibində olduğundan hər şey Moskvadan idarə olunurdu. Bu baxımdan iri istehsal müəssisələrinin respublikamızda yaradılması o qədər də asan məsələ deyildi. Bu layihələrin ölkəmizdə həyata keçirilməsi yalnız Heydər Əliyevin şəxsi nüfuzu sayəsində baş tuturdu.

1970-ci ildə SSRİ-də kondisioner zavodunun tikintisi məsələsi gündəmə gəlmişdi. Zavodun Ukrayna, Özbəkistan və daha hansısa ölkədə inşa edilməsi təklif olunmuşdu. Lakin Heydər Əliyevin məsələyə müdaxiləsindən sonra həmin qərarlar ləğv edilmiş və zavodun Bakı şəhərində tikilib fəaliyyət göstərməsi qərara alınmışdı.

1975-ci ildə zavodun tikintisi başa çatdırılaraq istifadəyə verildi. Müəssisədə 7 mindən artıq insan çalışırdı. Ümumiyyətlə, Heydər Əliyevin fəaliyyəti nəticəsində ölkədə sənaye və digər sahələrdə köklü irəliləyişlər baş verdi. "Bakı fəhləsi" zavodu yenidən quruldu.

70-ci illərdə sənaye ilə yanaşı, kənd təsərrüfatı sahəsi də sürətlə inkişaf etdirildi. Üzümçülük, pambıqçılıq və digər sahələrdə yüksək nailiyyətlər əldə olundu. O dövrlərdə Azərbaycan üzüm, tərəvəz, çay, meyvə və başqa məhsullarla respublikamızla yanaşı, digər ittifaq respublikalarını da təmin edirdi. O zamanlarda 100 min ton pambıq istehsal etmək SSRİ-də ən yüksək məhsuldarlıq sayılırdı.

Ulu öndərin respublikaya rəhbərliyi dövründə insanların maddi rifah halı yaxşılaşdı. Ölkədə tərəqqi və inkişaf təmin olundu. 1982-ci ilədək bu işlər sürətlə davam edirdi. 1982-ci ildə Heydər Əliyevin Moskvada yüksək vəzifəyə təyinatından sonra istər-istəməz ölkə iqtisadiyyatı zəifləməyə başladı.

Ötən əsrin 90-cı illərində Azərbaycan müstəqilliyini yenidən bərpa etdi. Çox çətinliklə əldə olunan müstəqilliyin ilk illərində Azərbaycanda həddindən artıq mürəkkəb vəziyyət yaranmışdı. Belə ki, respublikada hakimiyyət uğrunda gedən mübarizələr, ölkə iqtisadiyyatının iflic vəziyyətinə düşməsi, qarşıdurma və xaos insanları ümidsiz salmışdı. Azərbaycan hər an parçalana bilərdi. Hakimiyyətdaxili çəkişmələrdən istifadə edərək mənfur düşmən torpaqlarımızı digər qonşu ölkələrin havadarlığı ilə işğal etdi. Eyni zamanda respublika daxilində də özbaşınalıq hökm sürürdü. Bəzi qüvvələr dövlət çevrilişinə cəhd edirdi. Xalq həddindən artıq çətin vəziyyətdə idi. Ərzaq çatışmazlığı, çörək qıtlığı, işsizlik, ümidsizlik xalqı üzürdü. Belə bir şəraitdə insanların ölkəni bu təhlükəli vəziyyətdən xilas edə bilən bir liderə ehtiyacı var idi. Hər kəs yaxşı bilirdi ki, bu vəziyyətdən Azərbaycanı yalnız Heydər Əliyev xilas edə bilər. Beləliklə, Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı ilə Atəşkəs imzalandı. Respublikada daxili çəkişmələrə son qoyuldu. Ölkə daxilində silahlı dəstələr zərərsizləşdirildi. İflic vəziyyətinə düşmüş ölkə iqtisadiyyatını dirçəltmək çox çətin olsa da, ulu öndər bunun öhdəsindən gələ bildi. Qısa müddət ərzində bir sıra irimiqyaslı layihələrin həyata keçirilməsinə başlandı. "Neft Azərbaycanın milli sərvətidir" devizi ilə çıxış edərək ölkənin neft sənayesinin bərpa və inkişaf etdirilməsi təmin edildi, bir sıra beynəlxalq neft müqavilələri imzalandı.

Ölkədə sahibkarlığın inkişaf etdirilməsi üçün bütün bürokratik əngəllər aradan qaldırıldı. Ulu öndər dəfələrlə sahibkarlarla görüş keçirərək onların təkliflərinə həssas yanaşdı. Aqrar sahədə müəyyən səbəblər üzündən unudulmuş gəlirli sahələrin yenidən dirçəldilməsi üçün dövlət tərəfindən kifayət qədər yardım göstərildi. Ənənəvi sahələrdən olan pambıqçılıq, üzümçülük, baramaçılıq və s. sahələrin əvvəlki şöhrətinin qaytarılması üçün zəruri tədbirlər həyata keçirildi. Ulu öndərin Azərbaycana rəhbərliyi dövründə inşa olunmuş iritutumlu su anbarları və kanallar bu gün də suvarma suyuna olan tələbatın ödənilməsində böyük rol oynayır.

Hazırda ümummilli liderin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan daxili və xarici siyasət nəticəsində Azərbaycan bölgədə lider dövlətə çevrilmişdir. Respublika iqtisadiyyatının sürətli inkişafı təmin olunur, idxaldan asılılıq aradan qaldırılır. Hər il istehsal olunan minlərlə ton rəqabətədavamlı məhsullar xarici ölkələrə ixrac olunur.

Eyni zamanda respublikada güclü milli ordu formalaşmışdır. Məhz bunun nəticəsidir ki, 2020-ci ildə 44 gün ərzində yenilməz Azərbaycan ordusu düşmən üzərində möhtəşəm qələbəyə imza atdı. İşğal altında olan torpaqlarımızı azad etdi. Hazırda dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizdə misli görünməmiş quruculuq-abadlıq işləri aparılır.

Niyazi TAĞIYEV,

Tovuz Rayon Statistika İdarəsinin rəisi.