Ölkəmizin notariat sistemində əsaslı dönüş yaradılmışdır
Digər xəbərlər

Ölkəmizin notariat sistemində əsaslı dönüş yaradılmışdır

Ulu öndər Heydər Əliyevin daxili və xarici siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanı dünya birliyinin inkişaf etmiş dövlətləri sırasına qoşub. Bu gün ölkəmiz bütün sahələr üzrə beynəlxalq aləmə uğurla inteqrasiya olunur. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı islahatlar bütün sahələri əhatə edir. İslahatların əsasını milli dövlətçiliyimizin daha da möhkəmləndirilməsi, qəbul edilən qanunların beynəlxalq hüququn norma və prinsiplərinə uyğunlaşdırılması, insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması təşkil edir.

Bu gün ölkəmizin hərtərəfli inkişafına uyğun olaraq notariat sistemi də təkmilləşir və müasirləşir, notariat fəaliyyətinin səmərəliliyinin artırılması, vətəndaş məmnuniyyəti və əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Bir neçə il əvvəl Rusiya Federasiyasının Xantı-Mansiysk şəhərində keçirilən XI Beynəlxalq İnformasiya Texnologiyaları Forumunda son illər Azərbaycanda notariat sahəsində aparılan islahatlar, əhaliyə göstərilən elektron xidmətlər və tətbiq olunan innovasiyalar barədə geniş təqdimat nümayiş etdirilib, ölkəmizin bu sahədəki nailiyyətləri Almaniya Federal və Qazaxıstan Notariat Palatalarının rəhbərləri tərəfindən yüksək qiymətləndirilib.

2007-ci ildən etibarən respublikanın notariuslarını vahid şəbəkədə birləşdirən, yerinə yetirilmiş notariat hərəkətləri haqqında məlumatları arxivləşdirən və toplayan, notariuslar arasında real vaxt rejimində məlumat mübadiləsini təmin edən mərkəzləşdirilmiş "Notariat sənədlərinin elektron məlumat bankı" informasiya sistemi yaradılmışdır. Həmçinin dövlət elektron informasiya mənbəyi kimi müvafiq qaydada qeydiyyata alınmış avtomatlaşdırılmış "Elektron notariat" sistemi istifadəyə verilmişdir. Sonuncu informasiya sisteminin fəaliyyətinin təşkili və inkişaf etdirilməsi Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər Baş İdarəsi və İnformasiya-Kommunikasiya Texnologiyaları İdarəsi tərəfindən təmin edilmişdir.

Son illər Azərbaycanda notariat sistemi daha da təkmilləşdirilmiş və modernləşdirilmişdir. Vətəndaşların daha çox vaxt itirməmələri və operativliyin təmin olunması məqsədilə elektron notariatın vəziyyəti və inkişaf perspektivləri, həmçinin bu istiqamətdə yeniliklərin tətbiq edilməsi diqqət mərkəzində saxlanılır. Notariat fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində tətbiq edilən innovasiyalar iqtisadiyyatın inkişafı və mülki dövriyyənin artmasında da mühüm rol oynayıb. Xüsusilə qeyd edilməlidir ki, notariat hərəkətlərinin sayı əvvəlki illərlə müqayisədə yüksək dərəcədə artıb.

Nazirlər Kabinetinin 13 oktyabr 2021- ci il tarixli qərarı ilə təsdiq edilən "Elektron notariat" informasiya sistemi haqqında Əsasnamədə "Elektron notariat" informasiya sisteminin təşkili əsaslarının, yəni onun fəaliyyətinin prinsiplərinin, funksiyalarının, texniki infrastrukturunun, təhlükəsizlik tədbirlərinin, sistem ilə əlaqəli fəaliyyət göstərən digər dövlət informasiya ehtiyatları barədə müddəaların müəyyən edilməsi ilə bağlı tənzimləmə nəzərdə tutulub.

"Notariat haqqında" Qanuna edilmiş dəyişikliklərdə məhkəmə fəaliyyətinin səmərəsinin artırılması və hakimlərin iş yükünün azaldılması üçün mübahisəsiz tələblərə dair işlərə məhkəmədən kənar elektron qaydada baxılması məqsədilə mülki xarakterli işlərin notariusun icra qeydi əsasında təmin olunması nəzərdə tutulur. Bunun üçün 2019-cu ildən notarius tərəfindən icra qeydinin aparılması və icraya yönəldilməsi prosesinin elektron qaydada "Elektron notariat" və "Elektron icra" informasiya sistemləri vasitəsilə təşkili üçün müvafiq təhlillər aparılmış, adıçəkilən informasiya sistemlərində zəruri dəyişikliklər edilmiş, habelə müraciət edən fiziki və hüquqi şəxslər üçün fərdi elektron kabinet formalaşdırılmışdır.

Vətəndaş məmnunluğuna və notariat hərəkətlərini mobil qaydada rəsmiləşdirməyə imkan verən "Mobil notariat" tətbiqindən istifadə hər bir kəsin ürəyincədir. "Mobil notariat" hazırda ölkədə və eyni zamanda ölkə xaricində olan vətəndaşlar tərəfindən istifadə olunan ən populyar rəqəmsal həlldir. Bu yeniliyin notariat sistemində tətbiqi vətəndaşların işini xeyli yüngülləşdirir. Həm "Appstore"dan, həm də "Google Play"dan mobil cihazlara ödənişsiz yüklənən bu proqram təminatı vasitəsilə şəxsin iştirakçısı olduğu bütün notariat əməliyyatları ilə bağlı sənədlərin elektron versiyasının vahid mənbədə mobil telefonda saxlanılması, onların qüvvədən düşməsi barədə məlumatın dərhal alınması, habelə həmin sənədlərdən istifadə edilməsi imkanı təşkil edilmişdir.

"Mobil notariat" proqram təminatı vasitəsilə artıq vətəndaşlar nəqliyyat vasitələrinə dair etibarnamələri, məhkəmədə təmsilçilik üçün vəkilə verilən etibarnamələri, sosial və banklarda təmsilçiliklə bağlı etibarnamələri, eləcə də yetkinlik yaşına çatmamış şəxslərin ölkə ərazisini tərk etməsi üçün valideynləri tərəfindən yazılan razılıq, etibarnamələrə xitam verilməsinə dair ərizələr və digər notariat hərəkətləri elektron qaydada videoyazı vasitəsilə həftənin bütün günləri 24 saat ərzində dünyanın istənilən ölkəsindən əldə edilə bilər. Ümumilikdə, "Mobil notariat" vasitəsilə 8 növ etibarnamə, 7 növ ərizə rəsmiləşdirmək, həmçinin "Mobil Əhali" bölməsinə keçid edərək şəhadətnamələr və ailə tərkibi haqqında məlumatları əldə etmək mümkündür. Artıq bu üsuldan istifadə edənlərin sayı sürətlə artmaqdadır.

Bu gün ölkəmiz özünün inkişaf dövrünü yaşamaqla, tarixinin çox önəmli və məsuliyyətli mərhələsinə qədəm qoyub. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə bütün sahələr üzrə mühüm layihələr həyata keçirilir, yeniliklər tətbiq olunur. Bu yeniliklər ədliyyə sistemində, o cümlədən notariat sahəsində də özünü açıq şəkildə büruzə verir.

Rzabəy SƏLİM-ZADƏ,

Ağcabədi Regional "ASAN Xidmət" mərkəzində

notariat ofisinin xüsusi notariusu.