Prezident İlham Əliyevin Sərəncamı ilə hər il fevral ayının 11-i vergi xidməti işçilərinin peşə bayramı günü kimi qeyd olunur
Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət ölkəmizin sürətli və hərtərəfli inkişafına, beynəlxalq aləmdə nüfuzunun artmasına əsaslı zəmin yaratmışdır. Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan ölkə başçımızın rəhbərliyi ilə dövlətçiliyin, demokratik cəmiyyətin, yeni iqtisadi sistemin yaranması istiqamətində genişmiqyaslı layihələr reallaşdırılmışdır. Aparılan islahatlar nəticəsində ölkəmizdə təkmil və dayanıqlı vergi sistemi formalaşdırılmış, mükəmməl qanunvericilik bazası yaradılmışdır ki, nəticədə ölkənin iqtisadi inkişafı təmin olunmuşdur. Eyni zamanda respublikada sabit vergi mühiti yaradılmış, vergi yükü azaldılmış, vergi dərəcələri aşağı salınmış, vergi güzəştləri sistemi tətbiq edilmiş, azad sahibkarlığı stimullaşdıran, vergi ödəyicilərinin hüquq və mənafelərini qoruyacaq müddəalar qanunvericilikdə öz əksini tapmışdır.
Ümummilli lider Heydər Əliyevin 11 fevral 2000-ci il tarixli Fərmanı ilə Baş Dövlət Vergi Müfəttişliyinin bazasında Vergilər Nazirliyi yaradılmış və bundan sonra vergi orqanlarının strukturu müasirləşdirilmiş, qanunvericilik bazası formalaşdırılmış, bu sahədə funksional əsasda fəaliyyət təmin olunmuşdur. "Kölgə iqtisadiyyatı"nın azaldılması, elektron ödəniş infrastrukturunun inkişaf etdirilməsi və institusional bazasının gücləndirilməsi, innovativ texnologiyaların tətbiqinin genişləndirilməsi, əhalinin və iqtisadi subyektlərin elektron ödəniş xidmətlərindən istifadəyə cəlb edilməsi Vergilər Nazirliyinin fəaliyyətinin əsasını təşkil edir. 2001-ci il yanvarın 1-dən qüvvəyə minmiş Vergi Məcəlləsi respublikamızın vergi sisteminin təkmilləşdirilməsi və onun beynəlxalq standartlara uyğunlaşdırılması sahəsində atılmış mühüm addım olmuşdur. 2019-cu il oktyabrın 23-də isə "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi" haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti yaradılmışdır. Ölkə iqtisadiyyatının inkişafında və dövlət büdcəsi gəlirlərinin formalaşmasında mühüm rol oynayan vergi xidməti orqanları mövcud vahid maliyyə və büdcə siyasəti əsasında vergi siyasəti həyata keçirir. Dövlət büdcəsinə vergilərin və digər daxilolmaların vaxtında və tam yığılmasını, bu sahədə dövlət nəzarətinin tənzimlənməsini təmin edən Dövlət Vergi Xidməti mərkəzi icra hakimiyyəti orqanı və səmərəli idarəetmə sistemidir.
Bu gün qloballaşan dünyada hökm sürən iqtisadi böhrana, hətta inkişaf etmiş ölkələrdə belə iqtisadi artım sürətinin aşağı düşməsinə baxmayaraq, Azərbaycan Prezidenti İlham Əliyevin müəyyənləşdirdiyi strategiya əsasında çevik və işlək mexanizmlər üzərində qurulmuş məqsədyönlü fəaliyyət ölkə iqtisadiyyatında dayanıqlılığı və dinamik inkişafı təmin etmiş, çox az ölkələrdə nail olunan iqtisadi sabitlik əldə edilmişdir. Bunun nəticəsidir ki, respublikamızda iqtisadiyyatın bütün sahələrində islahatların müsbət dinamikası müşahidə olunur və bu, dünyanın müxtəlif nüfuzlu reytinq agentliklərinin məruzə və hesabatlarında da öz əksini tapır.
Yeni inkişaf mərhələsinə qədəm qoyan vergi sistemi vergi orqanlarında idarəetmə sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması, vergilərin könüllü ödənilməsi sisteminin yaradılması, vergi ödəyicilərinin hüquqlarının qorunması, vergidən yayınma halları ilə mübarizənin gücləndirilməsi, vergilərin məcburi ödənilməsi sisteminin təkmilləşdirilməsi və vergi borclarının yaranmasının qarşısının alınması istiqamətində uğurlu fəaliyyət göstərir. Vergi sistemində şəffaflığın təmin edilməsi, sahibkarlıq fəaliyyətinin təşviq olunması, vergi ödəyicilərinin və dövlətin maraqlarının tarazlaşdırılması istiqamətində aparılan genişmiqyaslı işlər ölkə iqtisadiyyatının sürətli inkişafına, həmçinin Azərbaycanın regionun iqtisadi cəhətdən ən qüdrətli dövlətinə çevrilməsinə böyük imkanlar yaradıb.
Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, dövlət səviyyəsində bu sahəyə yüksək səviyyədə diqqətin artırılması məqsədilə imzaladığı "Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin "bir pəncərə" prinsipi üzrə təşkilinin təmin edilməsi tədbirləri haqqında" sərəncama əsasən, 2008-ci il yanvar ayının 1-dən etibarən sahibkarlıq fəaliyyəti subyektlərinin "bir pəncərə" prinsipi üzrə qeydiyyatı aparılmışdır. "Bir pəncərə" sisteminin tətbiq olunması vergi sahəsində bütün məlumatların eyni mərkəzdə cəmləşdirilməsini, vergi qeydiyyatı da daxil olmaqla inzibati qeydiyyatların elektronlaşdırılmasını təmin etmişdir ki, bu da respublikamızda sahibkarlığın inkişafına təkan vermişdir.
2005-2007-ci illəri əhatə edən, "Azərbaycan Respublikasında vergi inzibatçılığının təkmilləşdirilməsinin Dövlət Proqramı (2005-2007-ci illər)"nın, "2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri"nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında" ölkə başçısının sərəncamının, "2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı"ndan irəli gələn mühüm vəzifələrin yerinə yetirilməsi istiqamətində görülən işlər vergi sahəsində şəffaflıq və məlumat mübadiləsi üzrə yüksək beynəlxalq reytinqin əldə olunmasını təmin etmişdir. Bütün bunlar isə müstəqil siyasət yürüdən, iqtisadiyyatı gündən-günə inkişaf edən ölkəmizdə təkmil və dayanıqlı vergi sisteminin formalaşdırıldığını sübut edir.
Mehparə ƏLİYEVA,
"Respublika".