Yəqin ki, yaşlı nəsil xatırlayır, ötən əsrin 60-cı illərində hər şagirdin bir mürəkkəbqabı olardı. Adi şüşə qab idi, içinə mürəkkəb töküb perolu qələmi ora batırıb imla, inşa yazardıq. Səliqə ilə, hərfləri aydın və dürüst yazar, hüsnxətt müəllimimiz hər şagirdin yazısına çox diqqətlə yanaşar, bacara bilməyənləri səbirlə, hövsələ ilə başa salardı. İndi cəmiyyətdə bəzən mizan- tərəzi pozulur, ömrünü gələcək nəsillərin təlim-tərbiyəsində şam kimi əridən, heç bir umacağı olmayan müəllimlər bəzən kölgədə qalır, onlara lazımi diqqət göstərilmir. Bəlkə də dediklərim indiki nəslə gülməli gələr, ancaq keçmiş nəsillər müəllim adı gələndə dik durardı, bəzən düşünərdik ki, görəsən müəllim çörək yeyirmi, yatırmı, gülürmü?! Çünki keçmişdə müəllimlə şagird arasında bir pərdə var idi, dərsdə kənar söhbətlərə yol verilmirdi və həm də müəllimlərin böyük əksəriyyəti çox ciddi xarakterə malik idi. Müəllim adını uca tutanların həmişə hörməti olub, onlara ehtiram göstərilib.
Bu günlərdə Xocavənddə ömrünü-gününü müəllimliyə həsr etmiş Famlet Şirinov və Məhərrəm Nəsirovla həmsöhbət olanda yuxarıdakı düşüncələr haqqında ətraflı söz açdıq, fikirlərimizi bölüşdük. Nostalji hisslər bizi çox uzaqlara apardı. Xocavənd Rayon İcra Hakimiyəti aparatının nəcib təşəbbüsü ilə hər iki pedaqoq ilə görüş keçirildi. Rayon icra hakimiyyətinin akt zalında dəyərli müəllimlər Famlet Şirinov və Məhərrəm Nəsirovla görüş çox səmimi keçdi, bəzən kövrək anlar yaşandı, xatirələr bir-birini əvəz etdi, qocaman pedaqoqların çöhrələrindəki təbəssüm isə onların məmnunluğunun ifadəsi idi.
Tədbirdə əvvəlcə Vətən uğrunda canından keçən şəhid müəllimlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi və sonra hər iki müəllimin həyat yolundan, pedaqoji fəaliyyətindən bəhs edən videorolik nümayiş etdirildi. Rayon icra hakimiyyətinin başçısı Eyvaz Hüseynov tədbirdə çıxış edərək bildirdi ki, məqsədimiz şam kimi ömrünü əridərək başqalarına işıq verən, savadı, əxlaqı, mənəviyyatı, mədəniyyəti, vətənpərvərliyi ilə hər kəsin qəlbində taxt quran çox dəyərli iki müəllimimizin örnək olan həyat yoluna və pedaqoji fəaliyyətinə nəzər salmaq, keçmiş xatirələri canlandırmaqdır: "Mən yer üzündə müəllimdən yüksək ad tanımıram”, -deyib ulu öndər və müəllim əməyinə çox yüksək qiymət verib. Həyatımız boyu borcundan çıxa bilməyəcəyimiz insandır müəllim! Hər bir uğurlu həyat hekayəsində müəllim adı qızıl xətlə yazılıb. Xocavəndin neçə-neçə ziyalısının həyat yolunda məhz bu iki pedaqoqun- Famlet və Məhərrəm müəllimin əməyi var. Hər iki müəllimin şagirdi olmağımdan qürur hissi keçirirəm”,-deyən icra başçısı qocaman pedaqoqlara ən səmimi arzularını çatdırdı.
Tədbirdə çıxış edənlər hər iki müəllimin fəaliyyəti ilə bağlı ürək sözlərini və xatirələrini dilə gətirdilər. Sonra Famlet Şirinova və Məhərrəm Nəsirova hədiyyə və rayon icra hakimiyyəti başçısının təşəkkürnaməsi təqdim edildi.
Salman ALIOĞLU,
“Respublika”.