Ötən əsrin sonlarında Azərbaycan dövləti çətin günlər yaşadı. Böyük bir imperiyanın dağılması və keçmiş on beş müttəfiq respublikanın öz azadlığına, müstəqilliyinə qovuşmaq cəhdi o qədər də asan olmadı. Azərbaycan da müstəqilliyi uğrunda böyük mücadilələrdən keçdi. Əlbəttə ki, keçdiyimiz çətin yollarda qurbanlarımız da oldu. 1990-cı il 20 yanvar tarixində sovet imperiyasının Bakıya qoşun yeritməsi nəticəsində ilk şəhidlərimizi verdik. Ancaq xalqın azadlıq istəyi, müstəqillik arzusu bir an olsun səngimədi. Xalq bir cəbhədə yumruq kimi birləşib tarixi ədaləti bərpa etdi. Lakin əbədi düşmənlərimizin məkrli planları, qərəzli ideologiyaları yenə də öz işində idi. Növbəti hədəf Qərbi Azərbaycan və Qarabağ bölgəsi oldu. Yeni müstəqillik əldə etmiş Azərbaycan növbəti tələlərin qurbanına çevrilmək təhlükəsi ilə üz-üzə dayandı. Sapı özümüzdən olan baltaların da qüvvət verdiyi bu oyunlar nəticəsində ard-arda ölkədə böyük köçkün ordusu yarandı.
Qərbi Azərbaycan torpaqları tamamilə və Qarabağ bölgəsinin bir hissəsi Ermənistan tərəfindən işğal edildi. Ölkədə yaranmış anarxiya, özbaşınalıq, idarəetmənin zəif olması yeni faciələrə yol açdı. Belə məqamda yenə də millət öz ümidini və inamını itirmədi. Xalq onu bu böhrandan çıxara biləcək yeganə çıxış yolunu xilaskar oğlu Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsində gördü. Beləcə, işıqlı sabahlara addım-addım yaxınlaşdıq. Çətin oldu, amma şərəfli sonluqla nəticələndi. Ulu öndər dövlətçilik strategiyasının təməlini, gələcək güclü, qüdrətli Azərbaycanı möhkəm dayaqlar üzərində quraraq Prezident İlham Əliyevə əmanət etdi.
Həmin dövrlərdə dövlətin qarşısında həllini gözləyən olduqca mühüm və vacib məsələlər var idi. Bunlardan birincisi işğal altında olan torpaqlarımızın azad edilməsi və məcburi köçkünlərin, doğma yurd-yuvalarına qaytarılması problemi idi. Növbəti dəfə, 2018-ci ildə İlham Əliyev yenidən Azərbaycan Respublikasının Prezidenti seçilərkən xalqımızın qarşısında duran ən mühüm problem - ərazi bütövlüyümüzün bərpası istiqamətində xalqımızın bütün potensialını vahid məqsəd, amal uğrunda səfərbər etdi. Çıxdığımız yolda dövlət-xalq birliyi nümayiş etdirərək birgə addımladıq. Cəmi iki il sonra - 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti hücumu nəticəsində başlanmış Vətən müharibəsi Azərbaycanın tarixi qələbəsi ilə başa çatdı. 44 günlük Zəfər salnaməsi dünya hərb tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan Ordusunun döyüş taktikası dünya hərbində yeni təcrübəyə çevrildi. Dəmir yumruq kimi birləşərək apardığımız mübarizədə həm də humanizmi təbliğ etdik. Prezident İlham Əliyev bütün çıxışlarında Ermənistana sülh, barışıq təklif etdi. Lakin qarşı tərəf bunu layiqincə qiymətləndirməyi bacarmadı. İçini saran xain xislətindən qurtula bilmədi. Qarabağ bölgəsində olan separatçı qüvvələrini, qanunsuz silahlı dəstələrini yığışdırmadı.
Nəhayət, 2023-cü il sentyabrın 19-20-də Azərbaycan dövlətinin Qarabağda apardığı lokal xarakterli antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa olundu. Fəxr və qürur mənbəyimiz olan müqəddəs Azərbaycan bayrağı Şuşada, Xankəndidə, Xocalıda, eləcə də ölkəmizin bütün şəhər və kəndlərində dalğalanır. Tarixi anların, hadisələrin iştirakçısı, həm də şahidi olduq. Əsrlərlə mövcud olan taleyüklü problemlərin həlli gözlərimiz qarşısında reallaşdı. Prezident İlham Əliyevin adı Azərbaycanın son 200 illik tarixinə Qalib Sərkərdə, torpaqlarını işğaldan azad edib bütöv Azərbaycan quran dövlət başçısı kimi yazıldı. Düzgün siyasi gediş və diplomatik uğurlar nəticəsində dünya düzənində yeni Azərbaycan formalaşdı. İndi beynəlxalq aləm, böyük dövlətlər, nüfuzlu təşkilatlar bizimlə əməkdaşlığa can atır. Qalib dövlətimiz ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə regionda yeni reallıqlar yaradıb. Hazırda Azərbaycan Cənubi Qafqazda ən güclü dövlət və dünyada söz sahibidir. Dövlət başçısı İlham Əliyevin qətiyyətli liderliyi və diplomatik bacarığı sayəsində Azərbaycan artıq regional və beynəlxalq səviyyədə təşəbbüskar ölkəyə çevrilib. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü, Qoşulmama Hərəkatının sədri kimi mötəbər tədbirlərə başçılıq etməklə bərabər evsahibliyi də edir. Ölkəmiz dünya miqyasında özünün təşəbbüskar və idarəetmə prinsiplərini ortaya qoymuş dövlət kimi böyük şöhrət qazanıb. Avropanın enerji təhlükəsizliyində vacib rol oynayan Azərbaycan bu gün qalib ölkə kimi bir çox platformalarda vacib təşəbbüslərin müəllifidir. Dövlətimizin irəli sürdüyü bu təşəbbüslər sülhə, sabitliyə, əməkdaşlığa xidmət etməklə yeni dövrün çağırışlarını şərtləndirir. İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsidir ki, Azərbaycan dünyada etibarlı tərəfdaş mövqeyinə sahibdir.
Ölkəmizdə gələn il fevral ayının 7-də keçiriləcək Prezident seçkiləri həm mahiyyətinə, həm də miqyasına görə fərqlənir. Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilər bütün ölkə ərazisində keçiriləcək. Bu seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin bir daha təsdiqi, təntənəsidir. Bu seçkilər tarixə Azərbaycan xalqının Zəfər seçkisi kimi düşəcək.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hazırda tarixinin ən qüdrətli və parlaq dövrünü yaşayır, ötən 20 il ərzində hərtərəfli və sürətli inkişaf yolu keçib. Gələn il keçiriləcək növbədənkənar prezident seçkiləri ölkəmizi böyük gələcəyə aparan yolda növbəti uğurlu addımdır. Xalqımız müstəqillik tarixində ilk dəfə olaraq bütün ölkə ərazisini əhatə edəcək seçkilərə qatılaraq Azərbaycanın möhtəşəm gələcəyinə dəstək verəcək. Qarabağ və Şərqi Zəngəzurun bir sıra kənd, şəhərində - Laçında, Füzulidə, Ağalıda, Talışda, Zabuxda yaşayan sakinlər öz doğma yurdlarında seçkidə iştirak edəcəklər. Hər ötən gün soydaşlarımızın doğma yurd-yuvalarına qayıtdıqları ünvanların sayı artır. Növbəti ünvan Xankəndidir. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, azad edilən əraziləri əhatə edən 9 seçki dairəsində 26 seçki məntəqəsinin yaradılması planlaşdırılır. Azərbaycanda indiyədək 8 prezident, 6 parlament, 5 bələdiyyə seçkiləri keçirilib. Növbəti doqquzuncu seçki isə həm suverenliyimizin, həm də Zəfərimizin təntənəsi, eyni zamanda xalqın, millətin öz prezidentinə etimadının, inamının təsdiqi olacaq.
R.MƏHƏRLƏMOVA,
"Respublika".