Nəcib insan, qayğıkeş ana, fədakar alim Rəfiqə Əliyeva
Digər xəbərlər

Nəcib insan, qayğıkeş ana, fədakar alim Rəfiqə Əliyeva

Azərbaycan qadını ilk növbədə anadır, bir ailənin xanımıdır. Müqəddəslik qazanan həmin analar həm də dünya qədər nurdular. Bu nur, işıq onun təkcə analıq, qadınlıq hisslərindən, duyğularından irəli gəlmir. O, həm də öz ziyası ilə bir ailənin, gələcək işıqlı sabahına nur ələyir. Əlbəttə ki, ailədə qadın savadlı, ziyalı olanda bu nur, işıq daha parlaq olur, onun ziyasından övladları da bəhrələnir. Beləcə, bir xanım, ana, bütöv bir millətin anasına çevrilir.

Dünya elminə dəyərli töhfələr verən, ömrünü xalqının yolunda fəda edən insanlar heç vaxt unudulmur, özlərindən sonra da ziyaları, nurları yetişən nəslin həyatına işıq saçır. Belə ziyalı insanlardan biri də Rəfiqə xanım Əliyevadır. Böyük alim, akademik, ömrünü kimya elminin inkişafına və gənc kimyaçıların yetişməsinə həsr edən əsl Azərbaycan qadını, elm fədaisi və humanist qəlbli insan. Rəfiqə xanım kimi ziyalı insanların həyatda qazandığı əsl zənginlik özü haqqında yaddaşlarda oyatdığı xoş təəssüratlar, xatirələr və elm sahəsində yetişdirdikləri sələfləridir. Dünyasını dəyişəndən sonra belə cismani yoxluğunda xatirələri canlandırmaq, mənalandırmaq o deməkdir ki, bu insanlar öz fədakar fəaliyyətləri ilə ölümsüzlük qazanırlar. Rəfiqə Əliyevanın daim xatırlanması onun qəlbinin incəliyindən, dərin zəkasından, insanlara məhəbbətindən qaynaqlanır. O, Azərbaycanın elm tarixində analitik kimya ixtisası üzrə ilk və yeganə akademik kimi də daim yaşayacaq. Ömrünü analitik kimya elminin inkişafına və bu sahədə gənc alim nəslinin yetişməsinə həsr etmiş akademik Rəfiqə Əliyevanın yüksəkixtisaslı kadrlar hazırlanmasında böyük xidmətləri olub. Pedaqoji fəaliyyəti dövründə yetişdirdiyi mütəxəssislər nəinki Azərbaycanda, həmçinin dünyanın bir çox ölkələrində fəaliyyət göstərirlər.

 Əliyeva Rəfiqə Əlirza qızı 1932-ci il sentyabrın 20-də Naxçıvan şəhərində anadan olmuşdur. 1956-cı ildə o vaxtkı Azərbaycan Dövlət Universitetinin kimya fakültəsini bitirmiş, 1976-cı ildə dosent, 1998-ci ildə isə kimya ixtisası üzrə professor elmi adını almışdır. 2007-ci ildə AMEA-nın müxbir üzvü, 2014-cü ildə isə AMEA-nın həqiqi üzvü seçilmişdir.

Rəfiqə xanım Əliyeva 1958-1960-cı illərdə Azərbaycan SSR Elmlər Akademiyası Qeyri-üzvi və Fiziki Kimya İnstitutunda kiçik elmi işçi, 1957-1999-cu illərdə Bakı Dövlət Universitetinin "Analitik kimya" kafedrasında aspirant, laborant, assistent, baş müəllim, dosent və həmin kafedranın professoru, 2001-ci ildən Bakı Dövlət Universitetinin "Ekoloji kimya və ətraf mühitin mühafizəsi" elmi-tədqiqat laboratoriyasının müdiri vəzifələrində çalışmışdır.

Çoxşaxəli və olduqca aktiv elmi fəaliyyəti dövründə Rəfiqə xanım keçid və nadir torpaq elementlərinin fotometrik təyini və qatılaşdırma metodikalarının öyrənilməsi sahəsində tədqiqatlar aparan, analitik kimya elminin bu sahəsinin yeni biliklərlə zənginləşdirilməsində xidmətləri olan tanınmış alimdir. Onun əsas elmi istiqaməti yeni üzvi reagentlər və sorbentlərin sintezi və onların analitik imkanlarının öyrənilməsindən ibarətdir. O, analitik reaksiyaları xarakterizə edən parametrlərlə kompleks birləşmələrin quruluşu arasındakı asılılığı müəyyən etmişdir. Rəfiqə xanım ilk dəfə olaraq spektrofotometrik metod vasitəsilə germaniumun alizarin qırmızı C, stilbazo, piroqallol qırmızı, brompiroqallol qırmızı, xinalizarin reagentləri ilə kompleks birləşmələri tədqiq etmişdir.

Akademik Rəfiqə Əliyevanın rəhbərliyi altında ilk dəfə olaraq b-diketonlar əsasında azobirləşmələr sintez edilmiş və üzvi reagentlərdə kvantkimyəvi hesablamalara görə elektron sıxlığı hesablanmış, alınan nəticəyə əsasən bu reagentlərin bir-birinə nəzərən nə dərəcədə analitik effekt verməsi qabaqcadan proqnozlaşdırılmışdır. Rəfiqə Əliyeva ilk dəfə olaraq analitik reaksiyaları xarakterizə edən parametrlərlə kompleks birləşmələrin quruluşu arasındakı asılılığı müəyyənləşdirib, liqand-liqand qarşılıqlı təsirini müxtəlif fiziki-kimyəvi metodlarla öyrənməklə qarışıqliqandlı kompleks birləşmələrin alınmasında ümumi komponentin seçilmə prinsipi haqqında müəyyən fikirlər irəli sürüb. Təcrübi nəticələrə əsasən müəyyən edib ki, qarışıqliqandlı kompleks birləşmələrin alınmasında binar sistemə əlavə olunan üçüncü komponent metala koordinasiya edərsə, kompleks birləşmələrin davamlılığı artır, bu isə seçiciliyin artmasına səbəb olur. Əgər üçüncü komponent liqandla qarşılıqlı təsirdə olarsa, onda çox vaxt kompleksəmələgəlmə reaksiyalarının həssaslığı artmış olur. Akademikin bu sahədə apardığı elmi-tədqiqat işləri çoxillik təcrübəyə malik tanınmış alimlərin diqqətini cəlb edib.

Onun elm sahəsindəki uğur və nailiyyətlərini saymaqla bitməz. Bu fədakar Azərbaycan qadını, elm fədaisi 450 elmi əsərin, 25-dən çox dərs vəsaiti və dərslik, analitik kimyadan 6 tərcümə kitabının və 20 patentin müəllifidir. Rəfiqə xanımın elmi əsərləri təkcə ölkəmizdə deyil, eyni zamanda, bir çox xarici dövlətlərdə də çap edilmişdir. Tanınmış beynəlxalq jurnallarda alimin əsərlərinə istinadlar olunmuşdur. Rəfiqə Əliyevanın rəhbərliyi ilə 2 elmlər doktoru və 20 fəlsəfə doktoru hazırlanmışdır. Görkəmli alim ABŞ, Fransa, İspaniya, Rusiya, Yaponiya və digər ölkələrdə keçirilən beynəlxalq simpozium və konfransların iştirakçısı olub. Rəfiqə xanımın təşəbbüsü ilə Moskva Dövlət Universitetinin Analitik kimya kafedrasının əməkdaşları tərəfindən nəşr olunmuş "Analitik kimyanın əsasları" (2 cilddə) və "Analitik kimyadan məsələ və suallar" kitabları Azərbaycan dilinə tərcümə olunub. Bu kitablar Azərbaycanın ali təhsil müəssisələrinin müəllim, elmi işçi və doktorantlarının inkişafına güclü təsir göstərib. Akademik Rəfiqə Əliyeva tərəfindən ilk dəfə olaraq Analitik kimyadan Azərbaycan-rus-ingilis terminlər lüğəti çap edilib. Bu lüğət kimyaçı alimlərin stolüstü kitabıdır. O, həmçinin Bakı Dövlət Universiteti nəzdində fəaliyyət göstərən D02.011 şifrli Dissertasiya Şurasının sədr müavini, Bakı Dövlət Universitetinin Elmi Şurasının üzvü olmuş, akademik Yusif Məmmədəliyev adına mükafatın laureatı adlarına layiq görülmüşdür.

Azərbaycan dünyada neft ölkəsi kimi tanınır. Qara qızılın şöhrətləndiyi bir dövrdə dünya üçün əhəmiyyətli olan hadisələrdən biri də "Əsrin müqaviləsi"nin bağlanması oldu. Bu, məhz ulu öndər Heydər Əliyevin gərgin səylərinin nəticəsində araya-ərsəyə gəldi. "Əsrin müqaviləsi"ndən sonra respublikamızda neftçıxarma, eləcə də neft emalı sahəsi sürətli inkişaf yoluna qədəm qoydu. Belə bir vaxtda ətraf mühitə nəzarət, ekoloji tarazlığın qorunması gündəmdə olan məsələlərdən biri idi. Rəfiqə xanımın rəhbərlik etdiyi laboratoriyada radioaktiv və ağır metalların ayrılması və təyini üçün yeni metodlar işlənib hazırlandı. Bu metodikalar neft çıxarılan zaman ətraf mühitə axıdılan tullantı suların və atılan bərk tullantıların analizi və həmin elementlərin onların tərkibindən ayrılması üçün tətbiq olunub. Tədqiqat nəticəsində bu tullantıların ətraf mühitə təsiri müəyyən edilib. Akademik Rəfiqə Əliyevanın rəhbərliyi ilə elmi-tədqiqat laboratoriyasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tabeliyində olan müəssisələrlə elmi-texniki təsərrüfat müqaviləli işlər yerinə yetirilib. Bunun nəticəsində Bakı Dövlət Universiteti böyük miqdarda mənfəət əldə edib.

Təbii ki, bu məhsuldar elmi-pedaqoji fəaliyyət diqqətdən kənarda qalmayıb və Rəfiqə Əliyeva Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib. Bəli, Rəfiqə xanım qismətinə düşən ömür payını əsl insan, vətəndaş kimi şərəflə yaşayıb. Xeyirxahlıq, alicənablıq, insanpərvərlik, həssaslıq, səmimiyyət kimi ali insani keyfiyyətlərə malik olan Rəfiqə Əliyeva həmkarları, tələbələri, onu tanıyanlar tərəfindən sevilib, sevilir və seviləcək. Görkəmli alim öz yetirmələrinə həm də bir ana olub. Onların hər bir problemi ilə maraqlanar, qabiliyyətli tələbələri elmi işə cəlb edərdi. Rəhbəri olduğu laboratoriyaya yüksək elmi potensiala malik tələbələri toplayardı. Akademik Rəfiqə Əliyeva 6 may 2017-ci ildə vəfat edib.

Ramidə YAQUBQIZI,

"Respublika".