Artıq bir neçə ildir ki, Bakı məktəblərində ibtidai sinif müəllimləri üçün Azərbaycan dilində yeni “İnteraktiv Əlifba” tədris vəsaitinin dərsdə tətbiqi həyata keçirilir. Vəsaitin müəllifi, “Smart Technologies” şirkətinin direktoru Ülviyyə Əhmədova “İnteraktiv Əlifba”, həmçinin “İnteraktiv Riyaziyyat” və “İnteraktiv Məntiq” haqqında məlumat verərək qeyd etdi ki, “İnteraktiv Əlifba”, “İnteraktiv Riyaziyyat” və “İnteraktiv Məntiq” vəsaitləri üzrə layihəmiz 2020-ci ildə yüksək ballarla qiymətləndirilərək Təhsil Nazirliyi tərəfindən keçirilən Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IV Qrant müsabiqəsinin qalibi olmuşdur. Hazırda müvafiq təlimlərdən keçmiş Bakı məktəblərinin müəllimləri “İnteraktiv Əlifba” vəsaitini tədrisdə tətbiq edirlər.
Təbii ki, istənilən əlifba, ilk növbədə oxumağı öyrətməyə, səs və hərfləri, sait və samitləri fərqləndirməyə, sözləri hecalara ayırmağa xidmət edir. Bu mənada, “İnteraktiv Əlifba”nın ənənəvi əlifbadan fərqi onun interaktiv lövhə proqramında rəqəmsal formatda yaradılmasıdır. Bununla belə, yeniliklərə gəldikdə “İnteraktiv Əlifba” hazırlanarkən bir neçə məsələyə xüsusi diqqət yetirilmişdir. Onlardan biri uşaq üçün maraqlı, aktual tədris materialı vasitəsilə onun təfəkkür bacarıqlarını formalaşdırmaq və inkişaf etdirməkdir. Dilimizdə tək bir sözlə ifadə olunan təfəkkür anlayışı, əslində geniş bir prosesdir və bir neçə əqli əməliyyatdan ibarətdir. Qeyd edək ki, şagirddə təfəkkür bacarıqlarının inkişaf etdirilməsi əqli əməliyyatlara dair xüsusi tədris materiallarının tətbiqi ilə mümkündür. “İnteraktiv Əlifba”da bunun üçün gözəl zəmin yaradılıb ki, uşaq əyləncəli oyun şəklində hazırlanmış tapşırıqlar üzərində çalışarkən müstəqil düşünməyi öyrənsin. Biz vəsaitin məzmununu düşünərkən qarşımıza aydın məqsəd qoyduq: hazırladığımız tapşırıqlar oxumağı öyrətməklə yanaşı, uşaqda müəyyən əqli qabiliyyətləri də inkişaf etdirməlidir. Çünki məktəbin əsl vəzifəsi “bilik” adlandırdığımız məlumatları əzbərlətməkdən və mexaniki surətdə yadda saxlamaqdan ibarət deyil. Əsas məqsəd uşaqda təfəkkür bacarıqlarını sistemli şəkildə formalaşdırmaq və inkişaf etdirməkdən ibarətdir. Nəticədə, əldə edilən biliklər uşağın şüurunda pərakəndə deyil, müxtəlif qarşılıqlı əlaqələri olan vahid bir sistem kimi qavranılıb mənimsənilsin. Əlifbanın yaradılması prosesində üzərində işlədiyimiz ikinci məsələ isə uşağa kiçik yaşlarından düşüncə bacarıqları ilə yanaşı, öz fikirlərini ana dilində sərbəst, aydın, səlis ifadə etməyi öyrətməkdir. Bu da başqa bir məsələnin həlli ilə - övladlarımızın söz ehtiyatının və bütövlükdə dilimizin söz xəzinəsinin zənginləşdirilməsi ilə şərtlənir.
Məlumdur ki, dilimizin sovet dövründə inkişafı əcnəbi sözlərin kütləvi və nizamsız axını ilə yadda qalıb. Tədqiqat işləri nəticəsində sovet dövründə sıxışdırılıb dilimizdən çıxarılan Azərbaycan sözləri yenidən bərpa olunmuş və “İnteraktiv Əlifba”ya daxil edilmişdir. Bundan əlavə, nitqimizdə istifadə olunan əcnəbi sözlər neologizmlərlə əvəz edilmişdir.
“İnteraktiv Əlifba” ilk öncə interaktiv rəqəmsal tədris resursu olaraq dərsdə elektron lövhədə tətbiq edilməsi üçün xüsusi proqramda hazırlanmışdır. Müəllimlərin və valideynlərin tələbatını nəzərə alaraq əlifba kitab şəklində də nəşr edilmişdir.
“İnteraktiv Riyaziyyat” və “İnteraktiv Məntiq” vəsaitləri üzrə layihələrmiz də IV Qrant müsabiqəsinin qalibi olmuşdur. Müəyyən səbəblərə görə, yalnız “İnteraktiv Əlifba”nın məktəblərdə tətbiqi həyata keçirilmişdir. Digər iki vəsaitlər və müvafiq təlimlər üzrə layihələr təkrarən növbəti 2021-2022-ci illərdə V və VI qrant müsabiqələrinə təqdim edilmişdir.
2017-ci ildən etibarən məktəb və müəllimlər üçün keçirilən Təhsildə inkişaf və innovasiyalar üzrə Qrant müsabiqəsinə layihələr hər il fevral-mart ayları ərzində təqdim edilir, aprelin sonunda isə qalib layihələrin siyahısı Təhsil Nazirliyinin saytında dərc edilir.
İnnovasiyalar çox zaman tədqiqatlarla bağlıdır. Təbii ki, təhsil sahəsində tədqiqat işləri aparmaq bir qədər çətindir. Odur ki, dünya miqyasında innovativ, Azərbaycan təhsilinə fayda verə biləcək pedaqoji məsələləri təhlil edib, həmin məsələlərin həlli və tətbiqi yollarını araşdırıb nəticədə yaranan layihələrimizi məktəblərlə birlikdə qrant müsabiqəsinə təklif edir, eyni zamanda layihələr üzrə ekspertlik fəaliyyətini icra edirik.
Layihələrimiz müasir təhsil standartlarına dair təhsilalanlarda təfəkkür bacarıqlarının formalaşması və inkişafı, 2018-ci ildən etibarən Təhsil İnstitutu tərəfindən hazırlanmış dərsliklərin təkmilləşdirilməsi, dövlət məzmun standartlarına müvafiq təlim nəticələri üzrə qiymətləndirmə vasitələrinin hazırlanması, ümumilikdə təhsilin inkişafına yönəlmiş digər bu kimi məsələləri əhatə edir.
Mehparə ƏLİYEVA,
“Respublika”.