Siyasət

"Müsyö Jordan"ın Cənubi Qafqaz xülyaları

Özünü "demokratik dövlət" kimi qələmə verən, əslində isə bu sözlə uzaqdan-yaxından əlaqəsi olmayan Fransanın Cənubi Qafqaz regionu ilə bağlı çirkin oyunları davam edir. Öz imicini yürütdüyü neokolonist siyasəti, eləcə də tarixdə törətdiyi soyqırımlarla yerlə-yeksan edən Fransa indi də Ermənistanı silahlandırmaqla münaqişə ocağı yaratmağa çalışır. Hazırda ölkə daxilində irqi ayrı-seçkiliyin, tabeliyində olan xalqların hüquq və azadlıqlarının pozulması hallarının yaşanmasına baxmayaraq, rəsmi Paris bunları aradan qaldırmaq əvəzinə, hər vəchlə diqqəti yayındırmağa çalışır.

Erməni lobbisinin "yemlədiyi" Makron Hayastanı silahlandırmaqla Cənubi Qafqazda sülhə və sabitliyə təhdid yaratmaq məqsədi güdür. Makron hakimiyyətinin atdığı son addımlar Fransanın regionda neqativ qüvvə kimi çıxış etdiyinin göstəricisidir. Görünür, Azərbaycanın İkinci Qarabağ savaşında əldə etdiyi qələbə ilə Ermənistandan daha çox Paris barışmaq niyyətində deyil. Fransa "bacısı" Ermənistana şirin vədlər verməklə, riyakarcasına bölgəni yeni müharibəyə sürükləyir. Bütün bunlar bir daha Fransanın bölgədəki xalqların əmin-amanlıq içində yaşamasına qarşı olduğundan xəbər verir. Hazırda Ermənistan və erməni xalqının müharibə əhvali-ruhiyyəsində olmadığına baxmayaraq, Makron hayları revanşizmə sövq edir.

Avropa Parlamentində Azərbaycana qarşı qəbul edilən bədnam qətnamənin də təşəbbüskarı məhz rəsmi Parisdir. Hayların havadarlarının ksenofob və şovinist yanaşma əsasında qəbul etdiyi bu anti-Azərbaycan xarakterli bəyanat, eləcə də səsləndirilən fikirlər qəbuledilməzdir. Fransa hər vəchlə Azərbaycanla Ermənistan arasında danışıqları pozmağa çalışır. Fransanın bu cür mövqe sərgiləməsi Azərbaycan və Ermənistan arasındakı danışıqlara da öz mənfi təsirini göstərir. Əslində, vəziyyəti daha dərindən təhlil etsək, Fransanın bununla uğursuzluqlarını başqa ölkələrə ötürmək niyyətini açıq şəkildə görmək mümkündür. Bir məsələni də qeyd edək ki, Fransa xarici işlər naziri Katrin Kolonnanın İrəvana səfəri də məhz rəsmi Parisin bədxah niyyətini ortaya qoyur. İrəvanda erməni həmkarı Ararat Mirzoyanla birgə keçirdiyi mətbuat konfransında Ermənistana hərbi texnikanın verilməsini müzakirə edən Katrin hətta mümkün sazişi bağlamağa razı olduqlarını da dilə gətirib. Bununla, Fransa birbaşa Cənubi Qafqaz bölgəsinə daxil olmaq xülyasındadır. Əslində isə Ermənistanın Fransa üçün əhəmiyyəti yoxdur, çünki Makron haylardan məhz regiondakı planlarını həyata keçirmək üçün istifadə edir. Ermənistan dərk etməlidir ki, Makronun yardımları ona yaxşı heç nə vəd etmir. Daha dəqiq desək, Fransanın bu cür canfəşanlıq sərgiləməsi heç də Ermənistanın xeyrinə deyil.

İlk olaraq İkinci Qarabağ müharibəsində əldə etdiyimiz parlaq qələbə Ermənistanın qarşısında xeyli imkanlar açıb. Çünki istər regionda, istərsə də beynəlxalq arenada artıq çoxları Ermənistanın tərəqqisinin qonşularla mehriban münasibətlər, sülh və əmin-amanlıqdan keçdiyini dərk edir. Fransanın yürütdüyü siyasət isə Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhə təhlükə yaradır. Bundan başqa, Fransanın Rusiyanı sıxışdırmaqla bölgəyə sülh gətirmə istəkləri də fiaskoya məhkumdur. Rəsmi Paris 30 il boyunca ATƏT-in keçmiş Minsk qrupuna həmsədr ölkə kimi bir dəfə də olsun sülh təşəbbüsü ilə çıxış etməyib. Əksinə, Fransa ortaya atılan təşəbbüslərin müzakirəsinə əngəl yaradıb.

Fransanın iç üzü Azərbaycan beynəlxalq qanunlarla təsbit olunmuş ərazilərini düşməndən azad etməyə başlayanda bir daha özünü bəlli etdi. Ölkəmizlə bağlı dezinformasiyalar yayan, böhtan kampaniyasına start verən Paris  anti-Azərbaycan qətnamələrin qəbuluna, sanksiyaların tətbiqinə cəhd göstərdi. Görünür, Fransa bu gün də məkrli siyasətindən əl çəkmək niyyətində deyil. Onun yürütdüyü siyasət daha çox Azərbaycanofobiya və türkofobiya əsasında qurulub.

Daha bir maraqlı məqam isə Fransanın Ermənistanı Suriyaya, Ukraynaya çevirmək kimi məkrli və çirkin planıdır. Makronun İrəvandakı səfirliyinə hərbi attaşe təyin etmək istəyi də bundan irəli gəlir. Fransa mediasında yayılan xəbərlərdə qeyd olunur ki, yeni hərbi attaşe Fransanın istehsal etdiyi öldürücü silahların Ermənistana tədarükünə nəzarət məqsədi daşıyacaq. Ən maraqlısı isə odur ki, Ermənistana öldürücü silahların tədarükü ilə bağlı hərbi-siyasi qərar birbaşa Fransa Prezidenti Emmanuel Makron tərəfindən verilib.

Bu cür şəraitdə narahatlıq doğuran məsələ Qərb dövlətlərinin, bir sıra təşkilatların Fransanın bu cür çirkin planlarına, qərarlarına səssiz qalmasıdır. Halbuki, Fransanın silah tədarükü Avropa İttifaqının aparıcı ölkələrindən birinin Ümumavropa sülh siyasətinin kobud şəkildə pozulması mənasına gəlir. Belə olduğu halda, Fransanın bu addımı yaxın gələcəkdə uğursuzluğa düçar olacaq. Tarix göstərir ki, əsrlər boyu Yaxın Şərq və Afrikada müstəmləkə siyasət yürüdən, öz imperialist maraqları üçün bu iki regionda yerli xalqları qanına qəltan edən və onları əsarət altında saxlayan Fransanın Cənubi Qafqazda sülhyönümlü siyasət yürütməsi qeyri-mümkündür.

Nəzrin ELDARQIZI,

"Respublika".