Bu gün dünyanın hər yerindən sorağı gələn azərbaycanlılar bir bayraq altında birləşir, yaşadıqları ölkələrdə Azərbaycan gerçəkliyini, azərbaycançılıq ideyalarını təbliğ edirlər. Sovetlər dövründə güclü təzyiqlərə baxmayaraq, azərbaycançılıq ideyalarının təbliği, Azərbaycanı tanıtmaq yolunda atılan addımlar, əslində müstəqil Azərbaycan Respublikasının əsas meyarı olan azərbaycançılıq ideologiyasının ilk cücərtiləri idi. Bu gün müstəqil dövlətimizin simvolu olan üçrəngli bayrağımız BMT-nin, Avropa Şurasının iqamətgahı qarşısında əzəmətlə dalğalanır.
Dünyanın 70 ölkəsində altmış milyondan çox azərbaycanlı yaşayır. Harada yaşadıqlarından asılı olmayaraq onların Azərbaycan adlı bir vətəni, Heydər Əliyev kimi ümummilli lideri var.
XX əsrin sonu XXI əsrin başlanğıcında Azərbaycan xalqının keçdiyi tarixi inkişaf yolu ölkəmizə 35 il rəhbərlik etmiş ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Mürəkkəb tarixi şəraitə təsadüf edən bir dövrdə xalqın tale yükünü çiyinlərində gəzdirən dərin zəka sahibi, Vətənini, xalqını sevən, dünya siyasətində səriştəsi olan yalnız Heydər Əliyev kimi dövlət başçısı olmalı idi. Elə ona görə də cəmiyyətin tərəqqisinə təkan vermiş, zamanın sınağından mərdliklə çıxmış "Heydər Əliyev fenomeni" yaranmışdır.
1969-cu il ölkəmizin, xalqımızın tarixində önəmli bir il oldu. Ulu öndər Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildi. Elə bununla da ölkənin tarixində, xalqın taleyində iqtisadi və siyasi həyatında, elmin, təhsilin, mədəniyyətin, incəsənətin, ağır sənayenin, kənd təsərrüfatının inkişafında irəliləyişlər baş verdi. 1969-cu ildə Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycanda milli-mənəvi intibah prosesinin əsasını qoydu. Respublika rəhbəri Heydər Əliyev həqiqi azərbaycanlı vətəndaş, böyük şəxsiyyət kimi rəsmi tədbirlərdə məhz Azərbaycan dilində çıxış edirdi. Bu, xalqın öz tarixi köklərinə qayıdışını və milli-mənəvi dəyərlərinə bağlılığını rəsmi səviyyədə nümayiş etdirən ilk ciddi hadisə idi.
Təhsil hər bir millətin gələcəyini, onun inkişaf yollarını müəyyən edən əsas aparıcı faktordur. Ümummilli lider Heydər Əliyev uzaqgörən siyasətçi kimi respublikada bu sahənin inkişafına hər zaman xüsusi əhəmiyyət vermişdir. Heydər Əliyev azərbaycanlı gənclərin ölkənin ictimai-siyasi həyatında və dövlət idarəetmə strukturlarında fəal iştirakının təmin olunması istiqamətində də tədbirlər gördü. Ulu öndərin təşəbbüsü ilə yüzlərlə gənc keçmiş sovetlər ittifaqının ən nüfuzlu ali təhsil ocaqlarında təhsil almaq imkanı əldə etdi. Bu proses 1969-cu ildən başlayaraq 80-ci illərin sonlarına qədər davamlı olaraq həyata keçirildi. O dövrdə müdrik dövlət başçısının uzaqgörən siyasəti nəticəsində bu gün yaşadığımız müstəqil Azərbaycan Respublikasının iqtisadi və siyasi inkişafının təmin edilməsində müstəsna rol oynayan milli kadr potensialı formalaşdırıldı. Ölkə rəhbərinin göstərişi ilə həmin ali məktəbləri bitirən çoxsaylı istedadlı gənc vətənə qayıdıb, hazır kadr kimi işlə təmin olunurdu. Bunun nəticəsi idi ki, respublikada yüksəkixtisaslı kadrların hazırlanmasında böyük dönüş yarandı.
Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın bütün sahələrdə tərəqqisində, o cümlədən sosial-iqtisadi inkişafında köklü dönüş baş verdi. Ümummilli liderin incəsənət sahəsində dərin biliyi, mədəniyyətin mürəkkəb problemlərindən xəbərdar olması heç də təsadüfi deyildi. Belə ki, Heydər Əliyev 1939-cu ildə memarlıq fakültəsinə daxil olmuş, lakin İkinci Dünya müharibəsinin başlaması onun memar olmaq arzusunu yarımçıq qoymuşdu. Memarlıq istedadı sonralar ümummilli liderin siyasi fəaliyyətində Azərbaycanın dövlət quruculuğunda öz əksini tapdı. Ölkəmizdə bütün sahələr üzrə qlobal islahatlar apararaq iqtisadiyyatımızı dirçəldən dövlət başçısının adı fəlakətdən qurtardığı müasir Müstəqil Azərbaycan dövlətinin memarı kimi tarixə yazıldı.
Heydər Əliyevin təşəbbüsü sayəsində 1970-ci illərdən başlayaraq Bakı şəhəri paytaxt tipli iri şəhərə çevrildi. Ölkənin bütün şəhərlərində tikinti-abadlıq işləri görüldü, yaşayış kompleksləri, iri sənaye obyektləri, inzibati binalar tikildi. Şəhərin ən baxımlı yerlərində gözəl memarlıq ansamblları yaradıldı.
Heydər Əliyev həmin dövrdə Bakı<