Bu il Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümüdür. Hər bir xalqın tarixində onun dünyaya bəxş etdiyi dühaları, ədibləri və qəhrəmanları olur. Əgər tarixə nəzər salsaq, görərik ki, onların əksəriyyəti öz zamanının qəhrəmanı olmağı bacarmışdır. Lakin ulu öndər Heydər Əliyev həm öz dövrünün, həm də özündən sonrakı dövrlərin, gələcək əsrlərin dahi şəxsiyyətidir.
Heydər Əliyev şəxsiyyəti, onun həyatı haqqında oxuyarkən belə bir faktla rastlaşdım. Sən demə, hələ uşaq yaşlarında kiçik Heydər memar olmağı düşünürmüş və bu məqsədlə sonralar Azərbaycan Sənaye Universitetinin memarlıq fakültəsinə də daxil olur. Doğrudur, müəyyən səbəblərdən təhsilini başa çatdıra bilmir, lakin o, bir memar ömrü yaşayacaqmış. Bəli, müstəqil Azərbaycan həqiqətən ulu öndər zəkasının məhsuludur.
Ömrünün böyük bir hissəsini xalqına xidmət etməklə keçirmiş dahi lider iki müxtəlif dövrdə siyasi hakimiyyətə rəhbərlik etmişdir. Hər iki dövrdə Azərbaycan xalqını vaxtında, düzgün seçilmiş siyasi manevrlərlə qorumağı bacaran güclü lideri vardı.
Beləliklə, məhz Heydər Əliyev siyasətinin nəticəsi idi ki, az bir vaxtda Azərbaycan kasıb və aqrar respublikadan çiçəklənmiş, inkişaf etmiş respublikaya çevrildi.
Ulu öndərin növbəti dəfə Azərbaycana qayıdışı isə onu müstəqil Azərbaycan tarixinin banisinə çevirdi. Ərazisinin 20%-dən çoxunu itirmiş, 1 milyon qaçqın və məcburi köçkünü olan, bir tərəfdən də öz havadarlarına arxalanaraq, Azərbaycana qarşı müharibəni və torpaq iddialarını davam etdirən erməni siyasəti ilə üz-üzə qalmış xalq müdriklik nümayiş etdirərək, öz xilaskarını təkidli xahişi ilə yenidən hakimiyyətə qayıtmağa çağırdı.
1993-cü il iyunun 15-i xalqımızın tarixinə onun öz müqəddəratını çox etibarlı əllərə əmanət etdiyi gün kimi düşdü. Apardığı düzgün siyasət, hadisələri analiz etmək üçün fenomen biliyə malik olmaq və ölkəni həm daxildə, həm də xaricdə qorumaq bacarığı bu dahi şəxsiyyətin dövlətçilik siyasətinin istiqamətlərindən idi. Azərbaycan Respublikasının dövlət müstəqilliyini öz həyat amalına çevirmiş, bütün həyatını bu nəcib iş uğrunda mübarizəyə həsr etmiş böyük lider bu haqda belə demişdir: "... bütün həyatımı təhlil edəndə görürəm ki, mən Azərbaycanın müstəqilliyini təmin edə bilmişəm. Onu daxili çəkişmələr dövründə, dağıntılar və qan içində olmağa qoymamışam".
Heç şübhəsiz ki, Heydər Əliyevin milli hüquq tariximiz qarşısındakı ən böyük xidməti yeni, Milli Konstitusiyanın hazırlanması oldu. 1995-ci ilin noyabr ayında referendum yolu ilə qəbul edilən Konstitusiyada beynəlxalq təcrübə geniş şəkildə nəzərə alınmış, insan hüquq və azadlıqları ən xırda incəliklərinə qədər öz əksini tapmışdı. Bu, ilk Milli Konstitusiya olmaqla yanaşı, həm də Azərbaycanın hüquq sistemində inqilabi yenilik idi. Maraqlı məqamlardan biri Heydər Əliyevin şəxsən bu Konstitusiya üzərində işləməsi, onun hər bir bəndini, hər bir müddəasını nəzərdən keçirməsi, təhlil etməsi idi. Bu gerçəyin özü ümummilli liderin insan hüquq və azadlıqlarına, Konstitusiyaya böyük önəm verdiyinin göstəricisidir. Bu da bir faktdır ki, Heydər Əliyev yeni Konstitusiyanın hazırlanması məqsədilə yaradılan Komissiyanın rəhbəri olmuş, bütün prosesi ilk gündən şəxsi nəzarətinə götürmüşdü. Ulu öndər 1995-ci il 10 noyabr tarixində Komissiyanın iclasındakı çıxışı zamanı yeni Konstitusiya üzərində böyük əmək sərf etdiyindən bəhs edərək demişdir: "Komissiyanın sədri kimi mən bu böyük tarixi sənədin hazırlanmasında öz şəxsi məsuliyyətimi daim dərk etmişəm, bu gün də dərk edirəm. Ona görə də bu sənədin hazırlanmasına xeyli vaxt sərf etmişəm. Haqqım var deyəm ki, çox zəhmət çəkmişəm. Hər bir kəlmənin, hər bir sözün mənasını dəfələrlə araşdırmışam, onun bu gün üçün, gələcək üçün nə qədər əsaslı olmasını dəfələrlə təhlil etmişəm. Mən çox rahatlıq hissi ilə bu layihənin altından imza atıram və bu layihəyə görə