Mühasibatlıqda əsas şərt peşəkarlıqdır
Gündəm

Mühasibatlıqda əsas şərt peşəkarlıqdır

Mühasibat uçotu hər bir fəaliyyət subyektinin aktivləri, öhdəlikləri, kapitalı, gəlir və xərcləri barədə məlumatların yığılması, qeydiyyatı və ümumiləşdirilməsidir.

“Respublika” xəbər verir ki, bu baxımdan, hər bir müəssisənin effektiv fəaliyyəti müxtəlif iqtisadi amillərlə yanaşı, həm də mühasibat uçotunun düzgün aparılmasından, bütövlükdə mühasibatlıq sisteminin fəaliyyətinin necə qurulmasından asılıdır. Ona görə mühasibatlıq elə bir fəaliyyət növüdür ki, bu işin nəticəsində müəssisə gəlir də əldə edə və ya zərər görə bilər.

Mühasibatlıq sahəsinə dair bir sıra tələblər var ki, bunlardan biri də mühasiblərin peşəkarlığıdır. Peşəkarlıq isə yalnız mühasibatlığın fəaliyyətinin düzgün həyata keçirilməsi və ya mühasibin öz işini nəzəri və praktiki baxımından bilməsi kimi qavranılmamalıdır. Peşəkarlıq həm də mühasibin yeni biliklər əldə etməsi və peşəkarlığının qiymətləndirilməsi üçün sertifikasiyadan keçməsidir.

Maliyyə Nazirliyinin Maliyyə Elm-Tədris Mərkəzinin məlumatına əsasən mühasiblərin sertifikasiyası beynəlxalq səviyyədə qəbul edilmiş tələb və ya normadır. Bu baxımdan heç də təsadüfi deyil ki, mühasiblərin peşəkarlıq sertifikasiyasına cəlb olunması hər bir ölkənin öz milli qanunvericiliyi ilə təsbit olunur. Azərbaycanda mühasiblərin sertifikasiyası "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Qanunda qeyd olunduğu kimi, peşəkar mühasib müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun təşkil etdiyi imtahandan müvəffəqiyyətlə keçərək peşəkar mühasib sertifikatını almış şəxsdir. Peşəkar mühasib sertifikatı isə peşəkarlıq səviyyəsinə uyğunluğu təsdiq edən sənəddir.

Nazirlər Kabinetinin təsdiq etdiyi "Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması" Qaydalarına əsasən peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili və imtahanların keçirilməsi Dövlət İmtahan Mərkəzi tərəfindən aparılır.

Sertifikatın qüvvədə olma müddəti beş ildir. Peşəkar mühasib kimi fəaliyyətini davam etdirmək istəyən şəxs peşəkar mühasib sertifikatının qüvvədə olma müddətinin sonuncu ilində yeni sertifikat almaq üçün növbəti dəfə imtahanlarda iştirak etməlidir. Peşəkar mühasib sertifikatı alaraq, fəaliyyətə başlayan şəxs sonradan iki dəfə eyni standart üzrə sertifikat aldıqda, sonuncu sertifikat şəxsə ömürlük verilir və həmin şəxs sertifikatda qeyd olunan standart üzrə peşəkar mühasib kimi fəaliyyətini davam etdirməsi üçün hər hansı imtahana cəlb olunmur.

Beləliklə, yalnız müvafiq sertifikata malik olan mühasiblər peşəkar müsahib sayılırlar.

"Respublika".