“MÜHARİBƏ VETERANI” VƏSİQƏLƏRİ TƏQDİM EDİLİB
Region

“MÜHARİBƏ VETERANI” VƏSİQƏLƏRİ TƏQDİM EDİLİB

Daşkəsən Rayon İcra Hakimiyyətinin, Müdafiə Nazirliyinin və Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rayon bölməsinin birgə təşkilatçılığı ilə “Müharibə veteranı” statusu almış Vətən müharibəsi iştirakçılarına “Müharibə veteranı” vəsiqələrinin təqdim edilməsi mərasimi keçirilib.Rayonun Heydər Əliyev Mərkəzində keçirilən toplantıda Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, Müdafiə Nazirliyinin məsul əməkdaşı polkovnik-leytenant Elbrus Mehdixanov, SHXÇDX-nin rayon bölməsinin rəisi Səbuhi Abdullayev, veteranlar, qazilər, şəhid valideynləri iştirak ediblər. İlk öncə, Dövlət Himni səsləndirilib, xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad olunub. Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev  çıxış edərək qeyd edib ki, müasir müstəqil Azərbaycanın qüdrətli və nizami orduya malik olması xalqımızın ümummilli lideri Heydər Əliyevin gərgin zəhmətinin bəhrəsidir. İcra başçisi vurğulayib ki, Vətən müharibəsində Daşkəsən rayonundan da yüzlərlə gənc döyüşlərdə iştirak edərək, cəsarət və igidlik nümunələri göstəriblər, tarixi Zəfərin qazanılmasına öz töhfələrini veriblər. Daşkəsənli rəşadətli hərbi qulluqçuları Vətən müharibəsində döyüş meydanlarında fədakarlıqları və şücaətləri ilə Azərbaycan gənclərinin yenilməzliyini, mübarizliyini, qorxmazlığını, Vətənə, dövlətə və Ali Baş Komandana sadiq olduqlarını, lazım gəldikdə müqəddəs torpaqlarımız uğrunda şəhidlik zirvəsinə yüksəlməklə, sağlamlıqlarını itirməklə sübut ediblər.

Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun salamlarını və təbriklərini  çatdıran Müdafiə Nazirliyinin məsul əməkdaşı polkovnik-leytenant Elbrus Mehdixanov tədbirin mühüm əhəmiyyətini qeyd etməklə, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müharibə veteranlarına göstərdiyi hərtərəfli diqqət və qayğıdan ətraflı söz açıb.  

Tədbirin sonunda, 400 nəfərdən çox müharibə iştirakçısına alqış sədaları altında “Müharibə veteranı” vəsiqələri təqdim edilib.

Zabit XƏLİLOV,

“Respublika”.