Ötən əsrin 70-80-ci illərində xoş avazı, şaqraq səsi, zəngulələri ilə tanınan, dövlət tədbirlərində məharətlə ifaçılıq sənətini nümayiş etdirən, alqışlar qazanan, el şənliklərinin yaraşığı olan, Azərbaycanın tanınmış xanəndəsi, muğam ifaçılığı sənətinin dəyərli nümayəndəsi Aydın Niftalıoğlu gənc xanəndələrin yetişməsində böyük əmək sərf edib, bu gün davamçıları ilə haqlı olaraq fəxr edir. Mənalı ömrünün ağsaqqallıq zirvəsinə ucalıb, el-oba arasında dərin hörmət qazanıb, səmimi və vətənpərvər bir insandır.
Ağdam rayonunun Əfətli kəndində anadan olan və hələ uşaq yaşlarında bülbül kimi cəh-cəh vuran, tutumlu və sanballı səsi ilə tamaşaçıları ovsunlayan Aydın Niftalıoğlu bu gün şəhərdə aparılan genişmiqyaslı tikinti-quruculuq işləri haqqında qürurla söz açır. Bildirir ki, ürəkdən inanıram, dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi altında nəinki Ağdam, bütün Qarabağ və Şərqi Zəngəzur gülüstana çevriləcək, keçmiş məcburi köçkünlər yeni və müasir evlərdə yaşayacaqlar. Xüsusilə möhtərəm Prezidentimiz ötən 20 il ərzində Ağdam rayonuna, ağdamlılara böyük diqqət və qayğı göstərib, yurd-yuvalarından didərgin düşən insanlara doğma münasibəti dərin razılıq yaradıb, işğal illərində rayonun əlimizdə qalan hissəsində 18 qəsəbə salınıb, müharibə ağrıları yaşayan insanlar rahat və işıqlı evlərə köçürülüblər. Təsadüfi deyil ki, bir neçə il bundan əvvəl Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Quzanlı qəsəbəsində çox gözəl və yaraşıqlı Muğam Mərkəzi inşa olunub.
Aydın müəllim muğam sənətinin inkişafına göstərilən dövlət qayğısını yüksək qiymətləndirərək deyir:
-Qarabağın və xüsusilə Ağdamın Azərbaycan musiqi və ifaçılıq mədəniyyətində xüsusi yeri var. Təsadüfi deyil ki, Şuşanı "Qafqazın konservatoriyası", Ağdamı isə "Qarabağın toy otağı" adlandırırlar. Milli musiqi mədəniyyətinin inkişafında Qarabağ torpağında yaşayıb yaratmış musiqiçilər böyük rol oynayıblar. Qarabağda muğam ifaçılığı tarixən mühüm yer tutub və get-gedə inkişaf edib.
Qarabağ muğam məktəbi ənənələri bu gün də dövlətimizin qayğısı sayəsində yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu günlərdə Ağdam şəhərində möhtərəm Prezidentimiz İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən Muğam Mərkəzinin təməlinin qoyulması muğama dövlət qayğısının daha bir göstəricisi olmaqla yanaşı, bütün ağdamlılara sonsuz sevinc bəxş etdi. Ağdam hər zaman musiqi ocağı olub. Ağdam torpağı Arif Babayev, Qədir Rüstəmov, Ramiz Quliyev, Mənsum İbrahimov, Rafiq Hüseynov, Xosrov Fərəcov, Aydın Məmmədov, Sədi Məmmədov, Səxavət Məmmədov, Barat Məmmədov, Hafiz Sədrzadə, Paşa Əsədov, Azay Mirəliyev, Tacir Abdullayev, Cabir Abdullayev, Nəzakət Teymurova, Aygün Bayramova, Feruz Səxavət, Sevinc Sarıyeva və adını çəkmədiyim onlarla tanınmış musiqiçi yetişdirib. Bu musiqiçilərin yetişməsində Ağdam Orta İxtisas Musiqi Məktəbinin, "Qarabağ bülbülləri" və "Şur" ansambllarının böyük rolu olub. "Şur" ansamblı nəinki Ağdam rayonunda, eləcə də respublikamızın digər bölgələrində, həmçinin keçmiş SSRİ məkanında konsert proqramları ilə çıxış edib. "Şur" ansamblının üzvləri muğam, təsnif və xalq mahnılarımızın gözəl ifası ilə hər zaman tamaşaçıların böyük rəğbətini qazanıb. 1990-cı illərin əvvəllərində Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü, torpaqlarımızın, o cümlədən Ağdamın işğal edilməsi digər sahələrlə yanaşı, mədəniyyətə, musiqiyə, muğam sahəsinə də zərbə vurdu. Lakin Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın muğam sənətinin inkişafına yüksək diqqət və qayğısı sayəsində milli əmanətimiz inkişaf etməyə başlayıb. Məhz bu qayğının bariz göstəricisidir ki, son illərdə Ağdam rayonundan Təyyar Bayramov, Səbuhi İbayev, Güllü Muradova, Səbinə Ərəbova, Elnur Zeynalov, Elşad Aydınoğlu kimi gənc xanəndələr nəsli yetişib. Son illərdə Qarabağımızın müxtəlif guşələrində - Ağcabədidə, Füzulidə və Ağdamın Quzanlı qəsəbəsində muğam sənətinin yaşadılması və inkişafı üçün Muğam